Bibliya/Mərsiyələr Kitabı

Yeremya Peyğəmbərin Kitabı Bibliya. Mərsiyələr Kitabı

Yezekel Peyğəmbərin Kitabı


1 2 3 4 5 Qeydlər

«Mərsiyələr» Kitabı beş mərsiyədən ibarətdir. Miladdan əvvəl 586-cı ildə Yerusəlimin dağıdılıb əhalinin əsir aparılmasından sonra bu mərsiyələrin Yeremya peyğəmbər tərəfindən yazıldığı ehtimal olunur. Bu kitabın 1-4-cü fəslə qədər olan hissəsi akrostix şəklində yazılmışdır, yəni ayələrin sırası ibrani əlifbasının hərfləri ilə başlayır. Yalnız üçüncü fəsildə üç ayə eyni hərflə başlayır.

Bu kitab mərsiyə ruhunda yazılsa da, burada Allaha inam və gələcəyə ümid əhval-ruhiyyəsi də özünü göstərir. Bütün bu dəhşətli hadisələrə baxmayaraq, Yeremya peyğəmbər Allaha sonsuz dərəcədə etibar edib belə deyir:

«Amma bunları yada salarkən
Məndə ümid yaranır.
Rəbbin məhəbbətinə görə məhv olmadıq,
Çünki mərhəməti tükənməzdir.
Hər səhər bunlar təzələnir,
Sənin sədaqətin böyükdür.
Öz-özümə deyirəm: “Rəbb mənim nəsibimdir”,
Ona görə Rəbbə ümid bəsləyirəm» (3:21-24).

Miladdan əvvəl 586-cı ildə İsraillilərin başına gələn milli fəlakətin xatirinə yəhudilər hər il tutduqları oruc günlərində ibadət zamanı «Mərsiyələr» Kitabından istifadə edirlər.

Kitabın məzmunu:

  • 1:1-22 Yerusəlim dərdi
  • 2:1-22 Yerusəlimin cəzası
  • 3:1-66 Cəza və ümid
  • 4:1-22 Dağılmış Yerusəlim
  • 5:1-22 Mərhəmət duası

1Redaktə

Yerusəlim dərdi

1 Yerusəlim şəhəri necə də boş qalıb,
Bir zaman insanlarla dolu idi,
İndi dul qadına bənzəyir –
Millətlər arasında ulu sayılan,
Ellər arasında mələkə olan,
Bu şəhər nökərçilik edir.

2 Gecələr acı-acı ağlar,
Göz yaşları ilə yanağı islanar,
Məşuqlarının arasından
Ona təsəlli verən yoxdur.
Bütün dostları ona xəyanət etdi, düşmən oldu.

3 Yəhuda dərdə, ağır zillətə düşüb,
İndi sürgünə gedir.
O, millətlər arasında yaşayır,
O torpaqlarda rahatlıq tapmır,
Yəhuda bu iztiraba düşəndə,
Təqibçilər ona çatdılar.

4 Siona gedən yollar yas tutur,
Çünki bayramlarına gələn yoxdur,
Buranın bütün darvazaları kimsəsiz qalıb,
Kahinləri ah-zar edir.
Bu şəhərin qızları əzab-əziyyət çəkir,
Buranın aqibəti acıdır,

5 İndi düşmənlər bu şəhərin üstündə hökmrandır,
Bu yağılar gör necə firavan yaşayır.
Çox üsyankar olduqlarına görə
Rəbb onları bu zülmə saldı,
Övladları düşmən önündə əsir aparıldı.

6 Sion qızının cah-calalı yox oldu,
Onların başçıları otlaqsız maral kimi oldu,
Onlar təqib edənlərin qarşısından
Taqətsiz qaçırlar.

7 Yerusəlim sıxıntı içində avara gəzərkən
Ötən günlərdə olan bütün sərvətini xatırlayır,
Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur.
Düşmənləri ona baxır,
Yıxılmağına gülür.

8 Yerusəlim böyük günah işlətdi,
Ona görə özünü murdar etdi.
Yerusəlimə hörmət edənlərin hər biri
İndi ona xor baxır,
Çünki onu çılpaq görürlər,
O da üzünü yana çevirib inləyir.

9 Ətəyində ləkələr qaldı,
Sonunu düşünməz oldu,
Ona görə qorxunc surətdə yıxıldı,
Ona təsəlli verən yoxdur,
Ya Rəbb, gör bu əzabımı,
Çünki düşmən zəfər çaldı.

10 Onun bütün sərvətini talamaq üçün
Düşmən əlini uzatdı.
Göz önündəcə millətlər,
Camaatın arasına girməsini qadağan etdiyin
Müqəddəs məkanına soxuldu.
11 Oranın bütün xalqı zarıyır, çörək axtarır,
Canlarını taqətə gətirmək üçün
Sərvətlərinin əvəzinə azuqə alır.
«Ya Rəbb, indi bax, halımı gör,
Bir səfilə dönmüşəm».

12 Ey yoldan keçənlərin hamısı,
Bu iş sizin üçün boşdurmu?
Baxın dərdimə, bunun kimisi varmı,
Mənim başıma gətirilən dərd başqasında olarmı?
Rəbb qəzəbdən alovlananda
Bu dərdi başıma tökdü.

13 Yuxarıdan od göndərdi,
Sümüklərimədək bu odu yeritdi.
Ayaqlarım üçün tor qurdu,
Məni geri qaytardı.
Gün boyu məni yalqız qoydu, taqətdən saldı.

14 Xudavənd günahlarımı mənə boyunduruq etdi,
Əli ilə bir-birinə hördü,
Onları boynuma keçirtdi,
Taqətimi tükəndirdi.
Məni qarşısında dura bilmədiyim
İnsanlara təslim etdi.

15 Məni müdafiə edən cəngavərlər vardı,
Hamısı Xudavənd tərəfindən atıldı.
Mənə qarşı bir ordu göndərdi,
Seçmə igidlərimi qırıb tapdalatdı.
Bakirə Yəhuda qızını üzümsıxanda əzdi.

16 Bunlar üçün ağlayıram,
Gözlərimdən yaş axır.
Təsəlli verən məndən uzaqdır,
Məni dirçəldən uzaqdır.
Övladlarım yalqız qalıb,
Çünki düşmən zəfər çalıb.

17 Sion əl açıb,
Amma ona təsəlli verən yoxdur.
Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib:
«Qoy qonşuları onun düşməni olsun,
Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib».

18 Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım,
Ey bütün xalqlar, siz mənə qulaq asın!
Mənim çəkdiyim bu dərdə baxın,
Bakirə qızlarım, igidlərim sürgünə gedib.

19 Müttəfiqlərimi çağırdım,
Lakin məni aldatdılar,
Kahinlərim, ağsaqqallarım cana gəlmək üçün
Yemək axtardılar,
Amma şəhərin içindəcə canlarını tapşırdılar.

20 Ya Rəbb, bax dara düşmüşəm,
Canım əzabdan yanır.
Çox üsyankarlıq etmişəm,
Buna görə ürəyim üzülür.
Bayırdakı qılınc məni övladsız qoyur,
Ölüm evimi içəridən bəzəyir.

21 Necə ah-zar çəkdiyimi eşidiblər,
Amma mənə təsəlli verən yoxdur,
Düşmənlərim bu əziyyətimdən xəbər tutdu,
Onlar başıma gələnlərə sevinir,
Elan etdiyin günü yetir!
Qoy onlar mənim vəziyyətimə düşsün.

22 Etdikləri pislikləri yada sal,
Üsyankarlığıma görə mənə etdiyini onlara da et,
Çox ah-nalə çəkirəm,
Ürəyim taqətdən düşüb.

2Redaktə

Yerusəlimin cəzası

1 Xudavənd Sion qızına qəzəblənərkən
Onu hər tərəfdən qara bulud aldı.
İsrailin əzəmətini göydən yerə tulladı,
Qəzəbləndiyi gün kətilini[1] xatirindən çıxardı.

2 Xudavənd aman vermədən
Yaqub nəslinin bütün məskənlərini dağıtdı,
Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı,
Padşahlığı, başçıları yerlə yeksan etdi.

3 Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi,
Düşmən önündə onun üstündən sağ əlini götürdü.
Sanki Yaqub nəslini hər tərəfdən oda saldı
Göndərdiyi atəşlə yandırıb-yaxdı.

4 Düşmən kimi kamanının yayını dartdı,
Yağı kimi sağ əlini qaldırdı,
Gözə xoş görünənləri tamamilə öldürdü.
Qəzəbini Sion qızının çadırına alov kimi tökdü.

5 Xudavənd İsraili uddu,
Onunla düşmən kimi rəftar etdi.
Bütün saraylarını yerlə yeksan etdi,
Qalalarını viran qoydu,
Yəhudanın fəryadını, fəğanını daha da artırdı.

6 Çardağını viranə bağlar tək qırıb tökdü,
Görüş yerlərini xarabalığa çevirdi,
Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu,
Qəzəbi ilə padşahını, kahinini atdı.

7 Xudavənd qurbangahını rədd etdi,
Müqəddəs məkanını tərk etdi.
Saraylarının sədlərini düşmən əlinə keçirtdi,
Onlar bayram günlərində olduğu kimi
Rəbbin məbədində haray qopardı.

8 Rəbb niyyət etdi ki,
Sion qızının divarlarını dağıtsın.
Ölçü ipini dartıb, dağıtmaq üçün ondan əl çəkməyəcək.
Qala divarını, səddini, matəmə bürüyüb,
Hamısı qüvvələrini itirib.

9 Onun darvazalarını yerə batırdı,
Cəftələrini qırıb atdı,
Padşahlarını, başçılarını
Yad millətlərin arasına saldı,
Qanuna əməl edilmir,
Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir.

10 Sion qızının ağsaqqalları susub-dinmir,
Onlar toz-torpaq içində əyləşib,
Başlarına toz töküb, çul geyib,
Yerusəlimin bakirə qızları başlarını yerə dikib.

11 Ağlamaqdan gözlərimin nuru gedir,
Canım əzabdan yanır.
Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır.
Çünki şəhər meydanlarındakı
Körpələrin, uşaqların huşu başından çıxır.

12 Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər,
Ana qucağında can verirlər.
Analarından soruşurlar:
«Hanı çörək, hanı şərab?»

13 Ey Yerusəlim qızı, sənə nə deyim?
Səni kimlə müqayisə edim?
Ey bakirə Sion qızı, səni kimə bənzədim?
Bununla mən sənə təsəlli verə bilim?
Çünki yaran dəniz qədər dərindir,
Sənə kim şəfa verə bilər?

14 Sənin üçün görülən görüntülər yalan oldu,
Peyğəmbərlərin səni aldatdı.
Firavanlığını sənə qaytarmaq üçün
Təqsirlərini üzə çıxartmadılar,
Amma bu peyğəmbərlər səni azdırdı,
Sənin üçün yalandan görüntülər gördü.

15 Yoldan keçən bütün insanlar
Qarşında əl çalırlar,
Başlarını yelləyib səni fitə basırlar.
Yerusəlim qızına belə deyirlər:
«Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?»

16 Bütün düşmənlərin səni ələ salır,
Fitə basır, diş qıcıdır,
«Onu udduq,
Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.

17 Rəbb Öz iradəsini yerinə yetirdi,
Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi.
Səni viran qoydu, aman vermədi,
Düşmənlərini sənin halına sevindirdi,
Yağılarını gücləndirdi.

18 Xalq Xudavəndə ürəkdən fəryad etdi,
Ey Sion qızının divarı!
Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın,
Dincəlmə, aç gözlərini, yumulmasın.

19 Qalx, gecə fəryad etməyə,
Gecə növbələri başlayarkən
Xudavəndin hüzurunda qəlbini sular kimi açıb tök.
Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə,
Onlar hər tin başında acından huşunu itirir.

20 Ya Rəbb, indi bax, xalqının halını gör!
Kiminlə belə rəftar etmisən?
Analar uşaqlarını, əziz balalarınımı yesin?
Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?

21 Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır.
Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir.
Qəzəbləndiyin gün onları qətlə çatdırmısan,
Aman vermədən qırmısan.

22 Qorxduqlarımı hər yandan çağırmısan,
Elə bil bayrama dəvət etmisən.
Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı,
Onların arasından sağ qalan olmadı,
Sevə-sevə övlad böyütmüşdüm,
Onları düşmənim həlak etdi.

3Redaktə

Cəza və ümid

1 Rəbbin qəzəb dəyənəyindən
Mən əzab çəkirəm,
2 O məni apardı,
İşıqda deyil, qaranlıqda gəzdirdi.
3 Bütün gün – dəfələrlə qaldırdığı əli
Mənə qarşıdır.

4 Ətimi, dərimi çürütdü,
Sümüklərimi sındırdı.
5 Məni əzabla, cəfa ilə sarıdı,
Mühasirəyə saldı.
6 Çoxdan ölüb-gedənlər kimi
Məni zülmətdə yaşatdı.
7 Ətrafımı hər tərəfdən hasara aldı,
Məni zəncirləyib, qaça bilmirəm.
8 Fəryad edib mən imdad istəyərkən
O, duamın qarşısına sədd çəkdi.

9 Yonma daşlarla yollarımı kəsdi,
Onları dolaşdırdı.

10 Mənə ayı kimi pusqu düzəldir,
Gizlənib aslan kimi məni güdür.
11 Yoldan sürükləyib məni parçaladı,
Çarəsiz hala saldı.
12 Kamanının yayını çəkdi,
Məni Özü üçün bir hədəf etdi.

13 Çəkib oxdanından ox atdı,
Böyrəyimə sapladı.
14 Gün boyu xalqımın gülüş hədəfinə döndüm,
Məzhəkəli nəğmə ilə məni ələ salırlar.
15 O, acı otlardan mənə doyunca yedirtdi,
Yovşan suyunu içirtdi.

16 Dişlərimi çınqılla qırdı,
Kül içində məni diz çökdürtdü.
17 Salamatlıqdan canımı uzaq etdi,
Yaxşılığı unutdum.
18 Dedim: «Üzərimdən əzəmətim getdi,
Rəbdən ümidim kəsildi».

19 Əzabımı və sərgərdanlığımı,
Acı yovşanı və zəhəri yada sal.
20 Daim onları xatırlayıram,
Ona görə köksümdən ürəyim üzülür.
21 Amma bunları yada salarkən
Məndə ümid yaranır.

22 Rəbbin məhəbbətinə görə məhv olmadıq,
Çünki mərhəməti tükənməzdir.
23 Hər səhər bunlar təzələnir,
Sənin sədaqətin böyükdür.
24 Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir»,
Ona görə Rəbbə ümid bəsləyirəm.

25 Rəbb Ona güvənənlərə,
Onu axtaran könüllərə xeyirxahdır.
26 Rəbbə ümid bəsləmək,
Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
27 Yaxşı olar ki, insan
Boyunduruğunu gənc yaşından daşısın.

28 Qoy susub tənha otursun,
Axı Rəbb boynuna boyunduruq salıb.
29 Üzünü yerə sürtsün,
Bəlkə hələ ümid var.
30 İzin versin, qoy sifətinə vursunlar,
Qoy ona doyunca böhtan atsınlar.

31 Çünki Xudavənd əbədilik
Bizi Özündən kənar etməz.
32 Qəm-qüssə versə belə,
Bol məhəbbətinə görə rəhmə gələr.
33 Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz,
Heç kimi kədərləndirməz.

34 Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini,
35 Haqq-Taalanın hüzurunda insanın
Öz haqlarından məhrum olmasını,
36 İnsanın ədalətdən məhrum olmasını
Xudavənd heç görmürmü?

37 Xudavənd əmr verməsə,
Kimin dediyi həyata keçər?
38 Həm xeyir, həm də şər,
Haqq-Taalanın əmri ilə gələr.
39 Öz günahının cəzasından
Sağ qalan insan niyə şikayətlənir?

40 Qoy yollarımıza diqqətlə baxaq,
Rəbbə yenidən üz tutaq.
41 Göylərdəki Allaha əllərimizi,
Həm də ürəklərimizi açaq.
42 Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik,
Bunu bizə bağışlamadın».

43 Qəzəbə bürünmüsən, bizi təqib etmisən,
Aman vermədən öldürmüsən.
44 Özünə buludlardan örtük çəkdin,
Onların arasından dua keçmir.
45 Xalqlar arasında
Bizi zibilə, tullantıya çevirmisən.

46 Bütün düşmənlərimizin bizə qarşı
Ağızları açıldı.
47 Dəhşət və çuxur,
Məhv və qırğın birlikdə başımıza gəldi.
48 Qırılan əziz xalqıma görə
Gözlərimdən sel kimi yaş axdı.

49 Dinmədən, dayanmadan
Gözlərimdən yaş axacaq,
50 Rəbb göylərdən aşağıya baxana qədər,
Olanları görənə qədər.
51 Şəhərimdəki hər qızın taleyini görərkən
Ürəyimi kədər bürüyür.

52 Nahaq yerə mənə düşmən olanlar
Məni quş tək ovladılar.
53 Quyuya salıb məni öldürmək istədilər,
Daşqalaq etdilər.
54 Sular başımdan aşdı,
Dedim: «Ömrüm sona çatdı».

55 Ya Rəbb, ismini
O quyunun dibindən səslədim.
56 «Qulağını tıxama, fəryadımı dinlə» deyərkən
Səsimi eşitdin.
57 Səni çağıranda yanıma gəldin,
Mənə «qorxma» söylədin.

58 Ey Xudavənd, mənim əməlimə baxdın,
Həyatımı satın aldın.
59 Ya Rəbb, başıma gətirdikləri şəri gördün,
Bu iş barədə hökmünü ver.
60 Mənə bəslədikləri kini,
Mənə qarşı qurulan fəndləri gördün.

61 Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin,
Əleyhimə fənd qururlar.
62 Əleyhdarlarımın pıçıltısını,
Gün boyu mənə qarşı mırıltısını eşitdin.
63 Onların oturuşuna-duruşuna bax,
Onlara məzhəkə nəğməsi olmuşam.

64 Ya Rəbb, onların əllərinin əməllərinə görə
Əvəzini verəcəksən.
65 Onların qəlbini inadkar et,
Qoy lənətin onların üstünə gəlsin.
66 Ya Rəbb, qəzəbinlə onları qov,
Səma altından məhv edib at!

4Redaktə

Dağılmış Yerusəlim

1 Qızıl necə də tutqunlaşdı,
Saf qızıl parıltıdan düşdü.
Müqəddəs daşlar
Hər küçə başına dağılmışlar.

2 Sion övladları tərəziyə qoyulanda
Saf qızıldan da qiymətli idi.
İndi isə onlar saxsı qablara,
Dulusçunun əl işinə bərabər olublar.

3 Çaqqallar belə, balalarına əmcək verir,
Onları əmizdirir.
Əziz xalqım isə insafı atır,
Səhra dəvəquşularına oxşayır.

4 Südəmər körpənin dili
Susuzluqdan damağına yapışır.
Uşaqlar yemək istəyir, verən yoxdur.

5 Ən ləziz yeməkləri yeyənlər
İndi küçələrdə taqətdən düşüblər.
Al rəngli paltar geyib-böyüyənlər
Zibillikdə yatırlar.

6[2] Axı əziz xalqımın təqsiri
Sodomun günahını keçdi,
Bu şəhər əl toxunmadan
Bir andaca yerlə yeksan oldu.

7 Yerusəlimin başçıları qardan da təmiz idi,
Süddən də bəyaz idi,
Vücudları qıpqırmızı yaqut kimi idi,
Zahirən göy yaquta bənzəyirdi.

8 İndisə üzləri kömür kimi qaralıb,
Küçələrdə heç birini tanımaq olmur,
Onlar cılızlaşaraq bir sümük, bir də dəri qalıb,
Ağac kimi quruyub.

9 Bu aclığın qurbanındansa
Qılınc qurbanı olan bəxtiyardır.
Zəminin məhsulundan məhrum olmuşdular,
Əriyən canlarında can qalmayıb.

10[3] Hətta ən qəlbiyumşaq qadınlar
Öz əlləri ilə balalarını bişirirdi.
Əziz xalqım qırılarkən
Balalarının ətini yeyirdi.

11 Rəbb hiddətini boşaltdı,
Qızğın qəzəbini yağdırdı,
Sionda alovunu alışdırdı,
Onu təməlinədək yandırıb-yaxdı.

12 Dünyada heç bir padşah inanmazdı ki,
Yerusəlimin darvazalarından keçib
Yağılar və düşmənlər
Bu şəhəri zəbt edər.

13 Bu iş şəhərdə salehlərin qanının tökülməsi
Peyğəmbərlərin günahları, kahinlərin təqsirləri üzündən oldu,

14 Kor kimi küçələrdə dolanırdılar,
Qanla murdar oldular,
Onların libaslarına belə,
Kimsə toxuna bilməz.

15 İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun!
İtilin buradan, bizə dəyməyin, rədd olun!»
Onlar qaçqın, sərgərdan dolanarkən
Başqa millətlər deyir: «Bunlar burada qalmasın!»

16 Rəbb Özü onları pərən-pərən saldı,
Onlara yenidən baxmaz,
O daha kahinlərə hörmət etmir,
Ağsaqqallara xeyirxahlıq göstərmir.

17 Hər an boş yerə yardım gözləməkdən
Gözlərimiz taqətdən düşdü,
Bizi qurtara bilməyən milləti
Hey gözlədik, gəlmədi.

18 Ardımızca düşmən düşüb,
Küçələrdə gəzə bilmirik.
Sonumuz çatdı, günlərimiz bitdi,
Aqibətimiz sona yetdi.

19 Bizi təqib edənlər
Göylərdəki qartallardan sürətlidirlər,
Dağlarda ardımızca düşdülər,
Pusqu qurub səhrada gözlədilər.

20 Rəbbin məsh etdiyi, həyatımızın nəfəsi
Onların xəndəklərində yaxalandı,
Halbuki deyirdik: «Onun kölgəsində
Millətlərin içində yaşayacağıq».

21 Ey Us ölkəsində yaşayan Edom xalqı,
Sevin, fərəhlən!
Sən də bu kasadan içəcəksən,
Sərxoş olub, çılpaq qalacaqsan.

22 Ey Sion qızı, təqsirinin cəzası sona çatdı,
Rəbb səni bir daha sürgünə göndərməyəcək,
Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq,
Günahlarını meydana çıxaracaq.

5Redaktə

Mərhəmət duası

1 Ya Rəbb, başımıza gələni yada sal
Gör bu xəcalətimizi, buna nəzər sal.
2 İrs torpağımız yadellilərin əlinə keçib,
Evlərimiz əcnəbilərə verilib.
3 Atalarımız öldü, yetim qaldıq,
Analarımız dul qaldı.
4 Suyumuzu pulla alıb içirik,
Pulla odun almağa məcburuq.
5 Bizi qovub başımızdan basırlar,
Yorulmuşuq, bizi rahat qoymurlar.
6 Doyunca çörək yemək üçün
Misirə, Aşşura əl açmışıq.
7 Ata-babalarımız günah işlədərək keçib-getdi,
Təqsirlərinin cəzası üstümüzə yükləndi.
8 Qullar bizə hökmran olub,
Bizi onların əlindən qurtaran yoxdur.
9 Çöldəki qılınca görə,
Canımız bahasına çörək qazanırıq.
10 Aclıq bizi yandırıb-yaxdığına görə
Dərimiz qaralıb, kürəyə bənzəyir.
11 Sionda qadınlar,
Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır.
12 Başçılar əllərindən asılıb,
Ağsaqqallar hörmətdən düşüb.
13 Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir,
Oğlanlar odun yükləri altında səndələyir.
14 Şəhər darvazasında ağsaqqallar oturmur,
Gənclər çalğı alətlərində çalmır.
15 Ürəyimizdən şadlıq çəkilib,
Oyunlarımız yasa çevrilib.
16 Başımızın tacı düşüb,
Vay halımıza! Çünki günah işlətmişik.
17 Buna görə ürəklərimiz çəkilib,
Gözlərimiz qaralıb,
18 Çünki Sion dağı viran qalıb,
Üstündə tülkülər gəzib-dolaşır.

19[4] Sən isə, ya Rəbb, əbədi hökmransan,
Nəsildən-nəslə qədər taxtında oturacaqsan.
20 Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən?
Niyə bizi bu qədər uzun müddətə tərk etmisən?
21 Ya Rəbb, bizi Özünə qaytar,
Təzədən əvvəlki günlərimizə qayıdaq!
22 Yoxsa hüzurundan bizi tamamilə atmısan,
Bizə qarşı hədsiz qəzəblənmisən?

QeydlərRedaktə

  1. Kətil – burada Əhd sandığı ya da Sion dağı mənasında işlənir.
  2. Yar. 19:24
  3. Qanun. 28:57; Yez. 5:10
  4. Zəb. 102:12

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy