Bibliya/Paulun Korinflilərə Birinci Məktubu
←Paulun Romalılara Məktubu | Bibliya. Paulun Korinflilərə Birinci Məktubu |
Paulun Korinflilərə İkinci Məktubu→ |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | Qeydlər |
Paulun «Korinflilərə Birinci Məktubu»nun yazılmasının məqsədi onun Korinfdə əsasını qoyduğu cəmiyyətdə məsihçi həyatı və imanı ilə bağlı problemlərin həll edilməsi idi. Bu dövrdə Korinf Yunanıstanın böyük ümumdünyəvi şəhəri və Romanın Axayya adlanan vilayətinin paytaxtı idi. Korinf İonik və Egey dənizləri arasındakı ensiz bərzəxdə yerləşirdi. Şəhərin coğrafi mövqeyinə görə ticarət yaxşı inkişaf etmiş, burada müxtəlif dinlərin mövcud olmasına görə əxlaqsızlıq geniş yayılmışdı.
Həvari imanlı cəmiyyətindəki fikir ayrılığı, əxlaqsızlıq, cinsi münasibətlər, nikah, vicdan, nizam-intizam, Müqəddəs Ruhun ənamları və dirilmə məsələlərinə dair nöqteyi-nəzərlərə görə narahat idi. O, məktubunda Müjdənin bütün bu məsələlərə tamamilə cavab verdiyini açıqlayır. Məktubun 13-cü fəsli məhəbbəti Allahın Öz xalqına verdiyi ən gözəl ənamı kimi təqdim edir və bu, ən məşhur fəsildir.
Kitabın məzmunu:
- 1:1-9 Salamlar və minnətdarlıq
- 1:10-4:21 Korinf cəmiyyətindəki fikir ayrılığı
- 5:1-7:40 Əxlaqi məsələlər
- 8:1-11:1 Məsihçilər və bütpərəstlər
- 11:2-14:40 Məsihçi həyatı və ibadət
- 15:1-58 Məsihin və imanlıların dirilməsi
- 16:1-4 İanələr haqqında
- 16:5-24 Son xahişlər və salamlar
1
redaktə1[1] Allahın iradəsi ilə Məsih İsanın həvarisi olmağa çağırılmış mən Pauldan və qardaşımız Sostendən 2 Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir. 3 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
Cəmiyyətin sədaqəti
4 Allahın Məsih İsada sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahıma şükür edirəm. 5 Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz. 6 Buna görə Məsih haqqındakı şəhadətimiz sizdə təsdiqləndi. 7 Bu səbəbdən siz Rəbbimiz İsa Məsihin zühurunu gözləyərək ruhani ənamdan heç bir korluq çəkmirsiniz. 8 Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək. 9 Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir.
Cəmiyyətdə fikir ayrılığı
10 Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin. 11 Qardaşlarım, Xloinin evindəkilərdən aranızda münaqişələr olduğunu öyrəndim. 12[2] Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın[3] ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir. 13 Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmıxa çəkilən Paul idi? Məgər siz Paulun adı ilə vəftiz edildiniz? 14[4] Mən Krisp və Qaydan başqa sizlərdən heç kimi vəftiz etmədiyimə görə Allaha şükür edirəm. 15 Belə etdim ki, heç kim mənim adımla vəftiz edildiyini deməsin. 16[5] Yeri gəlmişkən, mən bir də Stefananın evindəkiləri vəftiz etdim. Bundan başqa kimisə vəftiz etdiyimi xatırlamıram.
Məsih Allahın qüdrəti və müdrikliyidir
17 Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxı boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram. 18 Çünki çarmıx barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir. 19[6] Necə ki yazılıb:
«Müdriklərin müdrikliyini məhv edəcəyəm,
Aqillərin ağlını yox edəcəyəm».
20[7] Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi? 21 Allahın müdrikliyində dünya öz müdrikliyi ilə Allahı tanımadığı üçün Allah iman edənləri ağılsız sayılan vəz vasitəsilə xilas etməyə razı oldu. 22 Çünki Yəhudilər möcüzəli əlamətlər istəyir, Yunanlar müdriklik axtarırlar. 23 Bizsə çarmıxa çəkilmiş Məsihi vəz edirik. Bu, Yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır. 24 Amma çağırılan həm Yəhudilər, həm də Yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir. 25 Çünki Allahın «ağılsızlığı» insan müdrikliyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür.
26 Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. 27 Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı, 28 dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdığı, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, 29 Allahın qarşısında heç bir insan öyünməsin. 30 Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu. 31[8] Buna görə yazıldığı kimi «öyünən Rəbdə öyünsün».
2
redaktə1 Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti[9] elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim. 2 Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım. 3[10] Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim. 4 Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. 5 Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.
Allahın müdrikliyi
6 Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. 7 Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. 8 Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. 9[11] Amma necə ki yazılmışdı:
«Allahın Onu sevənlər üçün hazırladıqlarını
Nə göz görüb, nə qulaq eşidib,
Nə də insan ürəyi dərk edib».
10 Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır. 11 Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz. 12 Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik. 13 Bunları insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik. 14 Təbiətcə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi-nəzərdən araşdırılır. 15 Ruhani adam isə hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz. 16[12] Axı «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» Amma biz Məsihin ağlına malikik.
3
redaktəHəvarilər yalnız Allahın xidmətçiləridir
1 Ey qardaşlar, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danışa bildim. 2[13] Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk yeməklərə hazır deyildiniz, indi də hazır deyilsiniz. 3 Çünki siz hələ də cismanisiniz. Əgər aranızda qısqanclıq və münaqişə[14] varsa, onda siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürmürsünüzmü? 4[15] Əgər biriniz «mən Paulun ardıcılıyam», başqası isə «mən Apollonun ardıcılıyam» deyirsə, siz adi insanlar[16] deyilsinizmi?
5 Apollo kimdir, Paul kimdir? Rəbb hər birimizə təyin etdiyi kimi yalnız iman etməyinizə vasitəçi olan xidmətçiyik. 6[17] Mən əkdim, Apollo suladı, amma Allah böyütdü. 7 Buna görə də mühüm olan əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdır. 8 Əkənlə sulayanın isə dəyəri eynidir. Hər biri öz zəhmətinə görə mükafat alacaq. 9 Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz.
10 Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin. 11 Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz. 12 Bu bünövrənin üstündə qızıldan, gümüşdən, qiymətli daşlardan, taxtadan, samandan, küləşdən kim nə isə inşa edərsə, 13 onun əməli bəlli olacaq və qiyamət günü[18] onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək. 14 Kimin inşa etdiyi əməl tab gətirsə, mükafat alacaq. 15 Kimin əməli yanıb yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək. 16[19] Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır? 17 Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.
18 Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun. 19[20] Çünki bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır. Necə ki yazılıb: «O, müdrikləri hiylə qurarkən yaxalayır». 20[21] Yenə də yazılıb: «Rəbb müdriklərin düşüncələrini, bunların boş olduğunu bilər». 21 Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir. 22 İstər Paul, istər Apollo, istər Kefa olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir. 23 Sizsə Məsihinsiniz, Məsih də Allahındır.
4
redaktəHəvarilərin xidməti
1 Beləcə insanlar bizi Məsihin xidmətçiləri və Allahın sirli niyyətini yerinə yetirən idarəçiləri saysın. 2 İdarəçilərdənsə tələb olunur ki, etibara layiq olsunlar. 3 Siz yaxud insan məhkəməsi mənim işlərimi təhlil edirsə, bu mənim üçün çox az əhəmiyyət kəsb edir; hətta mən öz işlərimi təhlil etmirəm. 4 Heç bir şeyə görə vicdan əzabı çəkməsəm də, beləcə özümə haqq qazandırmıram. Çünki mənim işlərimi təhlil edən Rəbdir. 5 Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq.
6 Ey qardaşlar, bizdən nümunə alaraq «yazılanlardan kənara çıxmayın» məsəlinin mənasını öyrənəsiniz deyə bunları özümə və Apolloya tətbiq etdim ki, heç kim başqasının qarşısında lovğalanıb o birisinə xor baxmasın. 7 Axı səni kim başqalarından fərqləndirir? Nəyin var ki onu əldə etməmisən? Əgər əldə etmisənsə, nə üçün əldə etməmiş kimi öyünürsən? 8 Siz daha doymusunuz! Siz artıq varlanmısınız! Siz bizsiz padşah olmusunuz! Kaş ki siz, doğrudan, padşah olaydınız ki, biz də sizinlə bərabər padşahlıq edəydik! 9 Çünki mənə elə gəlir ki, Allah biz həvariləri ölümə məhkum olunanlar kimi ən sonda nümayiş etdirdi. Biz də həm dünya, həm mələklər, həm də insanlar üçün bir tamaşa olduq. 10 Biz Məsih naminə ağılsızıq, sizsə Məsihdə ağıllısınız! Biz zəifik, siz güclüsünüz! Siz şərəfli adamsınız, bizsə hörmətsiz! 11 Bu vaxtadək biz ac-susuz və cındır içindəyik. Biz döyülürük, qalmağa yerimiz də yoxdur. 12[22] Öz əllərimizlə işləyib zəhmət çəkirik. Bizə böhtan atanda xeyir-dua veririk, təqib olunanda dözürük, 13 təhqir olunanda mülayim cavab veririk. Biz bu anadək dünyanın zibili, hamının tullantısı kimi olmuşuq.
14 Bunları sizi utandırmaq üçün yox, sevimli övladlarım kimi sizə öyüd-nəsihət vermək üçün yazıram. 15 Çünki sizin Məsih yolunda minlərlə mürəbbiniz olsa belə, atalarınız azdır; mən Müjdə vasitəsilə Məsih İsada olan atanız oldum. 16[23] Buna görə sizə yalvarıram, məndən nümunə götürün. 17 Bu səbəbə görə Rəbdə mənə sadiq və sevimli olan oğlum Timoteyi sizin yanınıza göndərdim. O sizə hər yerdə, hər bir imanlılar cəmiyyətində öyrətdiyim kimi Məsih İsada getdiyim yolları xatırladacaq. 18 Sizdən bəziləri elə bilir ki, mən yanınıza gəlməyəcəyəm və buna görə də lovğa-lovğa danışırlar. 19 Amma Rəbb istəsə, mən bu yaxında yanınıza gələcəyəm. O vaxt bu lovğaların sözlərini yox, gücünü yoxlayacağam. 20 Çünki Allahın Padşahlığı sözdən deyil, gücdən ibarətdir. 21 Siz nə istəyirsiniz? Yanınıza dəyənəklə, yoxsa məhəbbət və həlimlik ruhu ilə gəlim?
5
redaktəİmanlılar arasındakı əxlaqsızlıq
1[24] Danışırlar ki, aranızda cinsi əxlaqsızlıq baş verir: sizdən bir nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta bütpərəstlər arasında da rast gəlmək mümkün deyil! 2 Siz hələ lovğa-lovğa danışırsınız! Bunun əvəzinə yas tutmalı idiniz. Belə əməlin sahibi aranızdan qovulmalıdır. 3 Mənsə cismən uzaqda olub ruhən aranızdayam və bu adam barəsində sanki aranızda olduğum üçün artıq hökm çıxarmışam: 4 siz Rəbbimiz İsanın adı ilə toplaşanda, mən də ruhən və Rəbbimiz İsanın qüdrəti ilə aranızda olanda, 5 həmin adamı Şeytana təslim edin ki, cismani təbiəti yox olsun, ruhu isə Rəbbin günündə xilas olsun. 6[25] Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır? 7[26] Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban[27] verildi. 8[28] Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək.
9 Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq edənlərlə ünsiyyətdə olmamağı yazmışdım. 10 Amma mən demək istəmədim ki, bu dünyanın əxlaqsızları, tamahkarları, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayın. Belə olsaydı, siz bu dünyanı tərk etməyə məcbur olardınız! 11 Əslində mən sizə yazmışdım ki, siz özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq, tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq edənlə ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə çörək belə, yeməyin. 12 Çünki cəmiyyətdən kənardakıları mühakimə etməyə mənim nə ixtiyarım var? Məgər sizin mühakimə etməli olduqlarınız cəmiyyətdəkilər deyilmi? 13[29] Cəmiyyətdən kənardakıları Allah mühakimə edəcək. Siz isə öz aranızdan pis adamı atın.
6
redaktəMəhkəmələr barəsində
1 Sizlərdən birinin başqası ilə iddiası varsa, müqəddəslərin qarşısında yox, haqsızların qarşısında mühakimə olunmağa cəsarəti çatarmı? 2 Dünyanı müqəddəslərin mühakimə edəcəyini bilmirsinizmi? Madam ki dünyanı mühakimə edəcəksiniz, belə xırda işləri mühakimə etməyə ixtiyarınız çatmırmı? 3 Mələkləri bizim mühakimə edəcəyimizi bilmirsinizmi? Bəs gündəlik həyata aid işlər harada qaldı? 4 Əgər elədirsə, gündəlik həyatda məhkəməyə veriləcək işləriniz varsa, imanlılar cəmiyyətində saymadığınız adamlarımı hakim seçirsiniz? 5 Mən bunu sizi utandırmaq üçün deyirəm. Yəni öz bacı-qardaşlarınız arasında hakim olmaq üçün sizlərdən bir nəfər müdrik adam tapılmadı? 6 Amma qardaş qardaşla məhkəməyə gedir, üstəlik imansızlar qarşısında! 7 Əslində bir-birinizi məhkəməyə çəkməyiniz sizin üçün artıq tam məğlubiyyətdir. Əvəzində haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi? Aldanıb, dözmək daha yaxşı deyilmi? 8 Amma siz özünüz haqsızlıq edib başqalarını aldadırsınız. Üstəlik bunu bacı-qardaşlarınıza edirsiniz.
9 Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər, 10 oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq. 11 Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
Siz Məsihin üzvlərisiniz
12[30] «Mənim üçün hər şeyə icazə var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «hər şeyə icazə var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm. 13 «Yemək qarın üçün, qarın da yemək üçündür» deyirsiniz, amma Allah həm qarını, həm də yeməyi yox edəcək. İnsan bədəni də əxlaqsızlıq üçün deyil, Rəbb üçündür. Rəbb də bədən üçündür. 14 Rəbbi dirildən Allah Öz qüdrəti ilə bizi də dirildəcək. 15 Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir? İndi Məsihin üzvlərini götürüb bir fahişənin üzvləri edimmi? Əsla! 16[31] Bilmirsiniz ki, fahişə ilə birləşən onunla bir bədən olur? Çünki deyilmişdir: «İkisi bir bədən olacaq». 17 Rəblə birləşənsə Rəblə ruhən bir olur. 18 Cinsi əxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı günah edir. 19[32] Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, 20 çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə[33] Allaha izzət gətirin.
7
redaktəNikah qaydaları
1 İndi isə «kişi qadına toxunmasa yaxşıdır» yazdığınıza gəlincə, 2 əxlaqsızlığın qabağını almaq üçün hər kişinin öz arvadı, hər qadının da öz əri olsun. 3 Ər arvadına aid, arvad da ərinə aid olan nikah borcunu yerinə yetirsin. 4 Arvadın bədəni özünün yox, ərinin ixtiyarındadır. Eləcə də kişinin bədəni özünün yox, arvadının ixtiyarındadır. 5 Müvəqqəti olaraq razılıqla, dua[34] üçün vaxt ayırmaqdan savayı bir-birinizi ər-arvadlıq təminatından məhrum etməyin. Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadığınıza görə Şeytan sizi sınağa çəkməsin. 6 Bunları əmr kimi yox, güzəşt kimi deyirəm. 7 Çünki bütün insanların mənim kimi olmasını istərdim. Amma hər bir insanın Allahdan aldığı öz ənamı var – birininki belədir, digərininki başqa cürdür.
8 Evli olmayanlara və dul qadınlara isə bunu deyirəm: mənim kimi qalsalar, onlar üçün yaxşı olar. 9 Əgər özlərini saxlaya bilmirlərsə, qoy ailə qursunlar. Çünki ehtirasdan yanmaqdansa ailə qurmaq daha yaxşıdır.
10[35] Evli olanlara isə mən əmr edirəm, daha düzgün desəm, Rəbb əmr edir: qadın ərindən ayrılmasın. 11 Ayrılırsa, ərsiz qalmalıdır yaxud əri ilə barışmalıdır. Ər də arvadını boşamasın.
12 Başqalarına isə Rəbb yox, mən deyirəm ki, əgər bir qardaşın iman etməyən arvadı var və arvad onunla yaşamağa razıdırsa, əri onu boşamasın. 13 Bir arvadın iman etməyən əri varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın. 14 Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş arvad imanlı əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlarınız natəmiz olardı, indi isə onlar müqəddəsdir. 15 İman etməyən ayrılırsa, qoy ayrılsın. Qardaş ya da bacı belə hallarda məcburiyyət qarşısında deyil. Allah sizi sülhdə yaşamağa çağırıb. 16 Ey qadın, ərini xilas edib-etməyəcəyini haradan bilirsən? Yaxud sən, ey ər, arvadını xilas edib-etməyəcəyini haradan bilirsən?
Rəbbin çağırışına uyğunluq
17 Amma hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin çağırışına uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm. 18 Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət olunmanı aradan qaldırmasın. Digəri isə sünnətsiz olaraq çağırış aldısa, qoy sünnət olunmasın. 19 Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir. 20 Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın. 21 Çağırış alanda qul idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən vermə. 22 Çünki Rəbdə çağırış alan vaxt qul artıq Rəbbin azad insanıdır. Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur. 23 Siz çox baha qiymətə satın alınmısınız, insanlara qul olmayın! 24 Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın.
Subay olmağın faydası
25 İndi isə qızlara gəlincə, bu barədə Rəbdən əmr almamışam. Amma etibara layiq olmaq üçün Rəbbin mərhəmətinə nail olmuş bir insan kimi öz fikirlərimi deyirəm. 26 Məncə, indi yaranmış çətin vəziyyətə görə insanın olduğu kimi qalması yaxşıdır. 27 Arvadınla nikahla bağlısansa, ondan azad olmağını arzu etmə. Arvadın yoxdursa, özünə arvad axtarma. 28 Amma evlənməyin günah deyil. Qızın da ərə getməsi günah deyil. Amma belə adamlar bu həyatda əziyyət çəkəcəklər. Mən sizi bundan qorumaq istəyirəm. 29 Qardaşlar, bunu demək istəyirəm: vaxta az qalıb. Bundan sonra arvadı olanlar olmayanlar kimi, 30 yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər kimi, mal alanlar malı olmayanlar kimi, 31 bu dünyanın işlərindən faydalananlar bu işlərdən uzaq olanlar kimi olsunlar. Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir.
32 Sizin qayğısız olmanızı istəyirəm. Subay kişi Rəbbi necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır. 33 Evli isə arvadını razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır 34 və diqqəti yayınır. Ərsiz qadın yaxud qız da Rəbbin işlərinin qayğısına qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadın isə ərini razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır. 35 Bunu azadlığınızı məhdudlaşdırmaq üçün yox, yalnız sizin xeyrinizə deyirəm ki, ədəblə davranıb fikirlərinizi dağıtmadan özünüzü Rəbbə həsr edəsiniz.
36 Əgər bir nəfər nişanlandığı qızla düzgün davranmadığını düşünürsə, yaşı çatıb və evlənmək lazım gəlirsə, qoy o adam istədiyini etsin. O, günah etmir. Qoy onlar evlənsin. 37 Amma kim ürəyində qəti niyyət tutub, könüllü surətdə, öz nəfsinə hakim olaraq nişanlandığı qızla evlənməmək qərarına gəlirsə, o adam da yaxşı edir. 38 Buna görə də nişanlısı ilə evlənən yaxşı edir, evlənməyənsə daha yaxşı edir.
39 Arvad əri sağ ikən ona[36] bağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır. 40 Amma fikrimcə, dul qadın olduğu kimi qalsa, daha xoşbəxt olar. Zənnimcə, məndə də Allahın Ruhu var.
8
redaktəBütlərə təqdim olunan qurban əti
1 Bütlərə təqdim olunan qurbanlara gəlincə, bizə məlumdur ki, bu barədə «hamımızın biliyi var». Bilik insanın lovğalanmağına səbəb olur, məhəbbət isə onu ruhən inkişaf etdirir. 2 Kim fikirləşir ki, bir şey bilir, o hələ lazım olduğu kimi heç nə bilmir. 3 Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir.
4 Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, «büt dünyada heç nədir» və «bir olan Allahdan başqası yoxdur». 5 Yerdə və yaxud göydə «allahlar» adlandırılanlar varsa, hətta çoxlu «allahlar» və «sahiblər» varsa, 6 bizim üçünsə bir Allah – Ata var. Hər şey Ondan gəlir, biz də Onun üçün yaşayırıq. Həmçinin bizim bir Sahibimiz var, O da Rəbb İsa Məsihdir. Hər şey Onun vasitəsilə yaranır, biz də Onun vasitəsilə yaşayırıq.
7 Amma bunu hamı bilmir. Hələ bütpərəst adətlərinə uymuş bəziləri yedikləri ətin bütlərə təqdim olunan qurban əti olduğunu düşünür və onlar zəif olduqlarından vicdanları ləkələnir. 8 Yemək bizi Allahın hüzuruna gətirmir. Biz yeməyəndə heç nə itirmirik, yeyəndə də heç nə əldə etmirik. 9 Amma diqqətli olun ki, sizin seçim ixtiyarınız zəif olanların büdrəməsinə səbəb olmasın. 10 Əgər vicdan məsuliyyəti zəif olan şəxs görsə ki, bilik sahibi olan sən büt evində süfrəyə oturmusan, bütlərə təqdim olunan qurbanın ətini yeməyə cürət etməzmi? 11 Bunun nəticəsində bu zəif adam – uğrunda Məsihin öldüyü bu bacı ya qardaş sənin biliyinin ucbatından həlak olacaq. 12 Beləliklə, zəif olan bacı-qardaşlarınıza qarşı günah edib vicdanlarını yaralayanda siz Məsihə qarşı günah edirsiniz. 13 Odur ki, əgər yemək qardaşımı büdrədirsə, mən heç vaxt ət yeməyəcəyəm ki, qardaşım büdrəməsin.
9
redaktəHəvarinin haqqı və borcu
1 Mən azad deyiləmmi? Həvari deyiləmmi? Rəbbimiz İsanı görməmişəmmi? Siz Rəbdə etdiyim əməlin səmərəsi deyilsinizmi? 2 Əgər başqaları üçün həvari deyiləmsə, heç olmasa sizin üçün həvariyəm. Çünki Rəbdə siz mənim həvariliyimin möhürüsünüz.
3 Mən işlərimi təhlil edənlərə qarşı belə müdafiə olunuram: 4 məgər bizim yeyib-içməyə ixtiyarımız yoxdur? 5 Məgər digər həvarilər, Rəbbin qardaşları və Kefa kimi yanımızda imanlı arvadımızı gəzdirməyə ixtiyarımız yoxdur? 6 İşləməyib dolanmaq üçün yalnız mənim və Barnabanın ixtiyarı yoxdur? 7 Kim öz hesabı ilə əsgərlik çəkər? Kim üzüm bağı salıb barından yeməz? Kim sürünü otarıb südündən içməz? 8 Məgər mən ancaq insanların düşündüyü kimi danışıram? Qanun eyni şeylər demirmi? 9[37] Çünki Musanın Qanununda yazılıb: «Xırman çəkən öküzün ağzını bağlama». Allah öküzlərinmi qayğısına qalır, 10 yoxsa bu sözlər tamamilə bizə aid deyil? Əlbəttə, bu bizim üçün yazılmışdır, çünki cütçü ümidlə şumlamalı, xırmançı da məhsula ortaq olmaq ümidi ilə taxılı döyməlidir. 11[38] Əgər biz aranızda ruhani toxumlar əkdiksə, sizdən maddi bir məhsul yığsaq, çoxdurmu? 12 Əgər başqalarının sizdən bunu istəməyə ixtiyarı varsa, bizim buna daha çox ixtiyarımız yoxdurmu?
Bizsə bu ixtiyardan istifadə etməmişik. Bunun əvəzinə Məsihin Müjdəsinin yayılmasına mane olmamaq üçün hər şeyə dözürük. 13[39] Məgər bilmirsiniz ki, məbəddə iş görənlər məbədə gətirilən təqdimlərdən qidalanır və qurbangahın xidmətçiləri qurbangahdan öz paylarını götürürlər? 14[40] Beləcə də Rəbb Müjdəni elan edənlərə Müjdədən dolanmağı əmr etmişdir. 15 Amma mən bu hüquqların heç birindən istifadə etməmişəm. Bunları yazmıram ki, mənə də belə edəsiniz. Fəxr etməyim üçün bu əsası heç kim boşa çıxarmaz! Belə olmaqdansa, ölməyim daha yaxşıdır. 16 Müjdəni yaymaqsa fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma! 17 Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm. 18 Bəs onda mükafatım nədir? Mükafatım budur ki, Müjdəni[41] yayaraq müftə vəz edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarımdan tam istifadə etmirəm.
19 Mən azadam və heç kəsə məxsus deyiləm, amma mümkün qədər çox insan əldə etmək üçün özümü hamıya qul etdim. 20 Yəhudiləri əldə etmək üçün Yəhudilərlə Yəhudi kimi davrandım. Mən Qanun altında olmasam da, Qanun altında olanları əldə etmək üçün Qanun altında olanlarla Qanun altında olan kimi davrandım. 21 Özüm Allahın qanunundan kənar deyil, Məsihin qanununa tabeyəmsə də, Qanundan kənar olanları əldə etmək üçün onlarla Qanundan kənar olan kimi davrandım. 22 Zəifləri əldə etmək üçün onlarla zəif kimi davrandım. Hər hansı bir yolla bəzilərini xilas etmək naminə hər kəs üçün hər şey oldum. 23 Bunun hamısını Müjdə uğrunda, onun bərəkətinə şərik olum deyə edirəm.
24 Qaçışda yarışanların hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız. 25 Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq. 26 Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. 27 Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım.
10
redaktəİsrail tarixindən ibrət dərsləri
1[42] Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi. 2 Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi. 3[43] Hamısı eyni ruhani qida yedi 4[44] və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi. 5[45] Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi.
6[46] Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək. 7[47] Onlardan bəzisi kimi bütpərəst olmayın. Onlar barədə belə yazılıb: «Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı». 8[48] Onlardan bəzisi kimi cinsi əxlaqsızlıq etməyək. Bir gündə onlardan iyirmi üç min nəfər öldü. 9[49] Məsihi[50] sınamayaq: onlardan bəziləri belə etdi və ilanlar onları öldürdü. 10[51] Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü. 11 Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb. 12 Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın. 13 Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.
Bütpərəstlik və Rəbbin süfrəsi
14 Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən uzaqlaşın. 15 Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdırın. 16[52] Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? 17 Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik. 18[53] Soy-kökünə görə İsrail xalqına nəzər salın: qurbanları yeyənlər qurbangaha şərik deyilmi? 19 Belədirsə, mən nə demək istəyirəm? Bütlərə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmı? Yaxud bütlərin əhəmiyyəti varmı? 20[54] Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarını Allaha yox, cinlərə gətirirlər. Cinlərlə şərik olmanızı istəmirəm. 21 Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz. 22[55] Yoxsa Rəbbi qısqanclığa vadar edirik? Məgər biz Ondan güclüyük?
İmanlının azadlığı
23[56] «Hər şeyə icazə var» deyirsiniz, amma hər şey xeyir vermir. «Hər şeyə icazə var», lakin hər şey ruhən inkişaf etdirmir. 24 Hər kəs öz xeyrini yox, başqalarının xeyrini güdsün. 25 Ət bazarında nə satılırsa, vicdan məsələsini qaldırmadan yeyin. 26[57] Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar». 27 Əgər imanlı olmayanlardan biri sizi yeməyə dəvət edir və siz getmək istəyirsinizsə, qabağınıza nə qoysalar, vicdan məsələsini qaldırmadan yeyin. 28 Amma biri sizə desə ki, «bu, qurban ətidir», onda həm sizə bunu deyənin xatirinə, həm də vicdan xatirinə yeməyin.[58] 29 Mən sizin vicdanınızı yox, başqasının vicdanını nəzərdə tuturam. Axı nə üçün mənim azadlığım başqasının vicdanı ilə müəyyənləşdirilsin? 30 Əgər şükür edərək yeməkdə iştirak edirəmsə, şükür etdiyim yeməyə görə nə üçün mənə şər atırlar? 31 Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin. 32 Yəhudilərin, Yunanların yaxud Allahın cəmiyyətinin büdrəməsinə səbəb olmayın, 33 necə ki mən də hər şeydə hər kəsi razı salmağa çalışıram. Bunu öz xeyrim üçün yox, çoxlarının xeyri üçün edirəm ki, onlar da xilas olsunlar.
11
redaktə1[59] Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün.
Məsihçi nizam-intizamı
2 Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm. 3 Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır. 4 Başına nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başını şərəfsiz edir. 5 Başıaçıq dua yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. 6 Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. 7[60] Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir. 8[61] Çünki kişi qadından yox, qadın kişidən yarandı. 9 Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı. 10 Bu səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyar olmalıdır. 11 Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi qadından müstəqildir. 12 Çünki qadın kişidən yarandığı kimi kişi də qadın vasitəsilə yaranır və hər şey Allahdan yaranır. 13 Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı? 14 Məgər təbiətin özü sizə kişinin saçı uzun olmasının özü üçün hörmətsizlik, 15 qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib. 16 Bu barədə kim mübahisə etmək istəyirsə, bilsin ki, nə bizim, nə də Allahın cəmiyyətlərinin belə bir adəti var.
Rəbbin süfrəsinə aid təlimat
17 Sizin toplantılarınız xeyirdən çox zərər gətirdiyinə görə aşağıda yazılan əmrlərdən çıxış edərək sizi tərifləmirəm. 18 Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən bir az da olsa, inanıram. 19 Çünki Allahın sınaqdan keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır! 20 Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil. 21 Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur. 22 Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla! Bu işdə sizi tərifləməyəcəyəm.
23 Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, 24 şükür edib onu böldü və dedi: «Bu[62] Mənim sizin üçün verilən[63] bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». 25[64] Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin». 26 Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.
27 Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır. 28 Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin. 29 Çünki kim Rəbbin bədənini[65] dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz üzərinə mühakimə gətirir. 30 Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir. 31 Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik. 32 Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir.
33 Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin. 34 Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam.
12
redaktəRuhani ənamlar
1 Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm. 2 Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz. 3 Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz.
4[66] Müxtəlif ənamlar var, amma Ruh eynidir. 5 Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. 6 Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. 7 Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. 8 Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir. 9 Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir. 10 Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir. 11 Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır. İsa Məsihin bədəni barəsində
12 Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; 13 çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik. 14 Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir. 15 Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. 16 Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. 17 Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik? 18 Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi. 19 Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı? 20 Doğrudan da, üzv çox, bədən isə birdir. 21 Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz. 22 Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır, 23 dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk. 24 Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki, 25 bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin. 26 Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.
27 Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz. 28[67] Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi. 29 Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi? 30 Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi? 31 Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm.
13
redaktəMəhəbbətin qüdrəti
1 Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. 2[68] Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. 3 Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda[69] təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur.
4 Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, 5 kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. 6 Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. 7 O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər.
8 Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq. 9 Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. 10 Kamillik gələndə məhdud olan aradan qalxacaq. 11 Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. 12 İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm. 13 İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.
14
redaktəNaməlum dillər və peyğəmbərlik ənamları
1 Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin. 2 Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir. 3 Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar. 4 Naməlum dildə danışan özünü inkişaf etdirir, peyğəmbərlik edənsə cəmiyyəti inkişaf etdirir. 5 İstərdim ki, hamınız dillərdə danışasınız, daha yaxşı olar ki, peyğəmbərlik edəsiniz. Çünki cəmiyyətin inkişafı üçün peyğəmbərlik edən insan dillərdə danışan və izah etməyən insandan üstündür.
6 İndi isə, qardaşlar, yanınıza gəlib dillərdə danışsam, amma nazil olan sözü, bilik, peyğəmbərlik yaxud təlim sözünü sizə deməsəm, sizə nə xeyrim dəyər? 7 Tütək ya da çəng kimi cansız alətlər fərqli səslər çıxarmazsa, eşidən nə çalındığını necə bilər? 8 Əgər şeypur aydın olmayan səs çıxararsa, döyüşə kim hazırlaşar? 9 Eyni tərzdə də əgər siz dilinizlə anlaşılan sözlər söyləməsəniz, dediyinizi necə başa düşərlər? Siz havaya danışmış olursunuz! 10 Şübhəsiz, dünyada bir çox cürbəcür danışıqlar var və onlardan heç biri mənasız deyil. 11 Amma söylənilən danışığın mənasını bilmirəmsə, mən danışan üçün yadelli oluram, danışan da mənə yadelli olur. 12 Eləcə siz də ruhani ənamları səylə istədiyiniz üçün cəmiyyəti inkişaf etdirən ənamlarda üstün olmağa çalışın.
13 Bu səbəbdən də naməlum dildə danışan öz dediklərini izah edə bilməsi üçün dua etsin. 14 Çünki əgər mən naməlum dildə dua edirəmsə, ruhum dua edir, amma şüurum bəhrəsiz qalır. 15 Bəs mən nə edim? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam. 16 Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası edirsənsə, o sənin şükranına necə «Amin!» desin? Axı sənin nə dediyini başa düşmür. 17 Əlbəttə, sən yaxşı şükür edirsən, amma bu adam inkişaf edə bilməz. 18 Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm. 19 İmanlılar cəmiyyətində isə naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam.
20 Qardaşlar, əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun, amma əqlən yetkin olun. 21[70]Qanunda yazılıb:
«Rəbb deyir:
“Bu xalqla yadellilərin ağzı ilə,
Başqalarının dilləri ilə danışacağam.
Amma onlar hətta o vaxt məni eşitmək istəməyəcəklər”».
22 Beləliklə, naməlum dillər iman edənlər üçün deyil, imansızlar üçün bir əlamətdir. Peyğəmbərlik isə iman etməyənlər üçün deyil, imanlılar üçündür. 23 Əgər bütün cəmiyyət bir yerdə toplaşıb, hamı naməlum dillərdə danışmağa başlayarsa və təlim öyrənməmiş adamlar yaxud iman etməyənlər oraya girərlərsə, deməzlər ki, siz ağlınızı itirmisiniz? 24 Amma hamı peyğəmbərlik edirsə və oraya iman etməyən yaxud təlim öyrənməmiş adam girirsə, o hamı tərəfindən inandırılacaq, hər sözlə özünü araşdıracaq. 25 Ürəyindəki gizli fikirlər aşkara çıxacaq və o üzüstə yerə döşənib Allaha səcdə edəcək və «Allah, həqiqətən, aranızdadır!» deyib nida edəcək.
Düzgün ibadət
26 Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir naməlum dildə sözü, bir izahı var. Qoy bunlar hamısı bir-birinizin inkişafı üçün olsun. 27 Əgər kimsə naməlum dildə danışırsa, iki yaxud ən çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin. 28 Əgər izah edən yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla danışsın. 29 İki ya üç peyğəmbər danışsın, başqaları isə onların dediklərini ayırd etsin. 30 Əgər oturanlardan birinə nazil olan söz gələrsə, ilk danışan sussun. 31 Çünki hamınız bir-birinizin ardınca peyğəmbərlik edə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız. 32 Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur. 33 Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.
34 Qadınlar cəmiyyət toplantılarında sussun, çünki onlara danışmağa icazə verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar. 35 Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadına cəmiyyətdə danışmaq ayıbdır.
36 Məgər Allahın kəlamı siz Korinflilərdən qaynaqlandı, yoxsa yalnız sizə çatdı? 37 Kim özünü peyğəmbər və ya ruhani hesab etsə, qoy bilsin ki, sizə yazdıqlarım Rəbbin əmridir. 38 Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət verilməyəcək. 39 Beləliklə, qardaşlarım, peyğəmbərlik etməyi səylə istəyin və naməlum dillərdə danışmağa da mane olmayın. 40 Amma qoy hər şey ədəblə və intizamla edilsin.
15
redaktəMəsihin dirilməsinin mühümlüyü
1 İndi, qardaşlar, sizə bəyan etdiyim və qəbul edib əsaslandığınız Müjdəni yadınıza salmaq istəyirəm. 2 Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz. 3[71] Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, 4 dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. 5[72] O əvvəl Kefaya, sonra On İki şagirdə göründü. 6 Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü. Bu bacı-qardaşlardan çoxu indi də yaşayır, bəziləri isə vəfat etmişdir. 7[73] Məsih daha sonra Yaquba, sonra bütün həvarilərə göründü. 8 Hamıdan sonra isə vaxtından əvvəl doğulmuş bir uşağa bənzəyən mənə də göründü. 9[74] Çünki mən həvarilərin ən kiçiyiyəm və Allahın cəmiyyətini təqib etdiyim üçün həvari adlanmağa layiq deyiləm. 10 Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi. 11 Beləcə istər mən, istərsə də onlar bu cür vəz edirik; siz də belə iman etmisiniz.
Ölülərin dirilməsi
12 Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülər arasından dirildi, sizlərdən bəzisi ölülərin dirilməsinin olmadığını necə söyləyə bilər? 13 Əgər ölülərin dirilməsi yoxdursa, Məsih də dirilməyib. 14 Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur. 15 Belə halda Allah barədə yalançı şahid olduğumuz da aşkara çıxacaq. Çünki biz Allah barədə şəhadət etdik ki, O, Məsihi diriltdi. Amma ölülər dirilməzsə, Allah Məsihi də diriltmədi. 16 Çünki əgər ölülər dirilməzsə, Məsih də dirilməyib. 17 Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir, siz hələ günahlarınızın içindəsiniz. 18 Onda Məsihdə vəfat edənlər əbədilik öldülər. 19 Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq.
20 Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi. 21 Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. 22 Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq. 23 Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar. 24 Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq. 25[75] Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir. 26 Aradan götürüləcək son düşmən isə ölümdür. 27[76] Çünki Allah «hər şeyi Onun ayağının altına qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə aydın olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyil. 28 Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.
29 Yoxsa ölülər uğrunda vəftiz olunanlar nə edəcək? Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur? 30 Biz də nə üçün hər an təhlükələrə uğrayırıq? 31 Ey qardaşlar, Rəbbimiz Məsih İsada sizinlə etdiyim fəxrin haqqı üçün mən hər gün ölümlə qarşılaşıram. 32[77] Adi insanların bəslədiyi ümidlərlə Efesdə vəhşi heyvanlarla mübarizə aparmağımın mənə xeyri nə idi? Əgər ölülər dirilməzsə, «qoy yeyib-içək, çünki sabah öləcəyik!» 33 Aldanmayın:
«Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».[78]
34 Ayılın, saleh olun, daha günaha batmayın. Axı bəziləriniz Allah barəsində heç nə bilmir. Utanasınız deyə bunu yazıram.
Dirilmədən sonrakı bədən
35 Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?» 36 Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz! 37 Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu – bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən. 38 Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir. 39 Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır. 40 Səma cisimləri var, dünya cisimləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır. 41 Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir.
42 Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz; 43 əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir; 44 əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var. 45[79] Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu. 46 Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir. 47 İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.[80] 48 Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir. 49 Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
50 Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz. 51[81] Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik, 52 amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik. 53 Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir. 54[82] Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə
«Ölüm yox edildi,
Onun üzərində qələbə çalındı!»
deyə yazılmış söz yerinə yetəcək.
55[83] «Ey ölüm, qələbən hanı?
Ey ölüm, neştərin hanı?»[84]
56 Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır. 57 Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
58 Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
16
redaktəİanələr haqqında
1[85] İndi isə müqəddəslər[86] üçün ianələr yığmağa gəlincə, Qalatiya cəmiyyətlərinə necə buyurmuşamsa, siz də elə edin. 2 Hər həftənin birinci günü[87] hamınız qazancınıza görə müəyyən miqdarda pul ayırıb saxlayın ki, mən yanınıza gələndə ianə yığmağa ehtiyac qalmasın. 3 Oraya çatanda ianələrinizi Yerusəlimə çatdırmaq üçün seçdiyiniz adamları məktublarla göndərəcəyəm. 4 Əgər mənə də getmək məsləhət olsa, onlar mənimlə gedər.
Paulun səyahət niyyətləri
5[88] Mən Makedoniyadan keçəndən sonra yanınıza gələcəyəm, çünki Makedoniyadan keçmək niyyətindəyəm. 6 Bəlkə də yanınızda bir az qalacağam, hətta qışı da keçirəcəyəm ki, siz məni gedəcəyim yerlərə yola salasınız. 7 Çünki mən sizinlə ötəri görüşmək istəmirəm. Rəbbin izni ilə yanınızda bir müddət qalmağa ümid edirəm. 8[89][90] Efesdə isə Əllinci Gün bayramınadək[91] qalacağam. 9 Çünki mənə fəal iş üçün geniş qapı açılıb. Mənə qarşı çıxanlar da çoxdur.
10[92] Timotey nə vaxt yanınıza gəlsə, aranızda olanda onun heç bir şeydən qorxmamasına diqqət yetirin, çünki o da mənim kimi Rəbbin işini görür. 11 Bu səbəbə görə də qoy heç kim ona xor baxmasın. Fəqət onu əmin-arxayın yola salın ki, o yanıma gələ bilsin. Çünki mən qardaşlarla birgə onu gözləyirəm.
12 Apollo qardaşa gəlincə, mən ondan çox xahiş etdim ki, qardaşlarla birgə yanınıza getsin, amma o indi heç bir vasitə ilə getmək istəmir. Ona münasib olan vaxt gedəcək.
Son xahişlər
13 Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun. 14 Qoy etdiyiniz hər bir əməl məhəbbətlə olsun.
15[93] Qardaşlar, sizdən bir xahişim var. Siz Stefananın ailəsini tanıyırsınız və bilirsiniz ki, onlar Axayyanın ilk imanlılarıdır. Onlar özlərini müqəddəslərin xidmətinə həsr etmişlər. 16 Siz də belə adamlara və onlarla birlikdə çalışan və zəhmət çəkən hər kəsə tabe olun. 17 Stefana, Fortunat və Axaikin gəlməsinə sevinirəm, çünki onlar gələndə sizin üçün darıxmağımı unutdum. 18 Onlar sizin kimi mənim də ruhumu təzələdilər. Belələrinin qədrini bilin. Salam göndərmə 19[94] Sizi Asiya vilayətinin cəmiyyətləri salamlayır. Akila və Priskila öz evlərində toplaşan cəmiyyətlə birlikdə Rəbbin ismi ilə sizə çoxlu salam göndərirlər.
20 Bütün bacı-qardaşlar sizə salam göndərir. Bir-birinizi müqəddəs öpüşlə salamlayın. 21 Mən Paul bu salamı öz əlimlə yazıram. 22 Rəbbi sevməyənə lənət olsun. Marana ta![95] 23 Rəbbimiz İsanın lütfü sizə yar olsun! 24 Mənim məhəbbətim Məsih İsada olan hamınızla olsun!
Qeydlər
redaktə- ↑ Həv. 18:1
- ↑ Həv. 18:24
- ↑ Kefa – yəni Peter. Bax: Yəhya 1:42.
- ↑ Həv. 18:8; 19:29; Rom. 16:23
- ↑ 1Kor. 16:15-16
- ↑ Yeş. 29:14
- ↑ Əyy. 12:17; Yeş. 19:12; 33:18; 44:24-28
- ↑ Yer. 9:23-24
- ↑ Sirli həqiqəti – bəzi əlyazmalarda şəhadəti.
- ↑ Həv. 18:9
- ↑ Yeş. 64:4
- ↑ Yeş. 40:13
- ↑ İbr. 5:12-13
- ↑ Qısqanclıq və münaqişə – bəzi əlyazmalarda qısqanclıq, münaqişə və fikir ayrılığı.
- ↑ 1Kor. 1:12
- ↑ Adi insanlar – bəzi əlyazmalarda cismani.
- ↑ Həv. 18:4-11,24-28
- ↑ Qiyamət günü – hərfi tərcümədə gün.
- ↑ 1Kor. 6:19; 2Kor. 6:16
- ↑ Əyy. 5:13
- ↑ Zəb. 94:11
- ↑ Həv. 18:2-3
- ↑ 1Kor. 11:1; Flp. 3:17
- ↑ Lev. 18:8; 20:11; Qanun. 22:30; 27:20
- ↑ Qal. 5:9
- ↑ Çıx. 12:5
- ↑ Qurban – bəzi əlyazmalarda bizdən ötrü qurban.
- ↑ Çıx. 13:7; Qanun. 16:3
- ↑ Qanun. 13:5; 17:7
- ↑ 1Kor. 10:23
- ↑ Yar. 2:24
- ↑ 1Kor. 3:16; 2Kor. 6:16
- ↑ Bədəninizlə – bəzi əlyazmalarda Allaha məxsus olan bədəniniz və ruhunuzla.
- ↑ Dua – bəzi əlyazmalarda oruc və dua.
- ↑ Mat. 5:32; 19:9; Mark 10:11-12; Luka 16:18
- ↑ Ona – bəzi əlyazmalarda qanuna görə ona.
- ↑ Qanun. 25:4; 1Tim. 5:18
- ↑ Rom. 15:27
- ↑ Qanun. 18:1
- ↑ Mat. 10:10; Luka 10:7
- ↑ Müjdəni – bəzi əlyazmalarda Məsih barəsində Müjdəni.
- ↑ Çıx. 13:21-22; 14:22-29
- ↑ Çıx. 16:35
- ↑ Çıx. 17:6; Say. 20:11
- ↑ Say. 14:29-30
- ↑ Say. 11:4
- ↑ Çıx. 32:6
- ↑ Say. 25:1-18
- ↑ Say. 21:5-6
- ↑ Məsihi – bəzi əlyazmalarda Rəbbi.
- ↑ Say. 16:41-49
- ↑ Mat. 26:26-28; Mark 14:22-24; Luka 22:19-20
- ↑ Lev. 7:6
- ↑ Qanun. 32:17
- ↑ Qanun. 32:21
- ↑ 1Kor. 6:12
- ↑ Zəb. 24:1
- ↑ Yeməyin – bəzi əlyazmalarda yeməyin. Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar».
- ↑ 1Kor. 4:16; Flp. 3:17
- ↑ Yar. 1:26-27
- ↑ Yar. 2:18-23
- ↑ Bu – bəzi əlyazmalarda Alın və yeyin, bu (Mat. 26:26).
- ↑ Verilən – bəzi əlyazmalarda əzilən.
- ↑ Çıx. 24:6-8; Yer. 31:31-34
- ↑ Rəbbin bədənini – hərfi tərcümədə bədəni, bəzi əlyazmalarda layiq olmayan tərzdə Rəbbin bədənini.
- ↑ Rom. 12:4-8
- ↑ Ef. 4:11
- ↑ Mat. 17:20-21; 21:21; Mark 11:23
- ↑ Bədənimi oda – bəzi əlyazmalarda öyünmək üçün bədənimi ölümə.
- ↑ Yeş. 28:11-12
- ↑ Zəb. 16:8-10; Yeş. 53:5-12; Mat. 12:40; Həv. 2:24-32
- ↑ Mat. 28:16-17; Mark 16:14; Luka 24:34,36; Yəh. 20:19
- ↑ Həv. 9:3-6
- ↑ Həv. 8:3
- ↑ Zəb. 110:1
- ↑ Zəb. 8:6
- ↑ Yeş. 22:13
- ↑ Bu sitat yunan dramaturqu Menandrın «Tais» komediyasındandır.
- ↑ Yar. 2:7
- ↑ Torpağından, ikinci İnsan göydən yarandı – bəzi əlyazmalarda torpağından yarandı, ikinci İnsan göydən yaranan Rəbdir.
- ↑ 1Sal. 4:15-17
- ↑ Yeş. 25:8
- ↑ Huşə 13:14
- ↑ Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı? – bəzi əlyazmalarda Ey ölüm, neştərin hanı? Ey ölülər diyarı, qələbən hanı?
- ↑ Rom. 15:25-26
- ↑ Müqəddəslər – yəni Yerusəlimdə yaşayan, İsaya inanan yoxsul Yəhudilər.
- ↑ Həftənin birinci günü – yəni bazar günü.
- ↑ Həv. 19:21
- ↑ Lev. 23:15-21; Qanun. 16:9-11
- ↑ Həv. 19:8-10
- ↑ Əllinci Gün bayramı – yunan mətnində pentikosti sözü olub Pasxa bayramından sonra əllinci gün qeyd edilir. Bax Həv. 2:1.
- ↑ 1Kor. 4:17
- ↑ 1Kor. 1:16
- ↑ Həv. 18:2-3
- ↑ Marana ta – arami dilində Rəbbimiz, gəl!