Bibliya/Huşə Peyğəmbərin Kitabı

Daniel Peyğəmbərin Kitabı Bibliya. Huşə Peyğəmbərin Kitabı

Yoel Peyğəmbərin Kitabı


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Qeydlər

Huşə peyğəmbər İsrailin şimal padşahlığının paytaxtı Samariyada vəz edirdi. O, miladdan əvvəl 721-ci ildə Aşşurlular tərəfindən zəbt edilən Samariyanın süqutundan qabaq yaşamışdı. Huşə xüsusilə İsrail xalqının bütpərəstliyinə və Allaha sadiq qalmamasına görə narahat idi. İsrail xalqı bütpərəstliyə tərəf dönmüşdü. Huşə öz uğursuz nikahının nümunəsində İsrailin Allaha xəyanət etməsini cəsarətlə təsvir edir. Huşənin arvadı Qomer ərinə vəfasız olub onu tərk etdiyi kimi Allahın xalqı da vəfasız çıxıb Ondan üz döndərmişdi. Buna görə də İsrail cəzasını alacaq. Amma Allahın məhəbbəti üstün olacaq:

«Ey İsrail, səni necə təslim edim?…
Köksümdə ürəyim alt-üst oldu,
Mərhəmət hisslərim alovlandı» (11:8).

Huşə dövrünün ictimai-siyasi vəziyyəti barədə də danışır. O, İsrailin başqa dövlətlərə deyil, Allaha güvənməsini istəyir.

Kitabın məzmunu:

  • 1:1-3:5 Huşənin nikahı və ailəsi
  • 4:1-13:16 Rəbbin İsraili məzəmmət etməsi
  • 14:1-9 Rəbbin İsraili tövbəyə çağırması və vədlər verməsi


1[1][2][3][4][5] Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür.

Huşənin arvadı və uşaqları

2 Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir». 3 Huşə gedib Divlayimin qızı Qomeri özünə arvad aldı. Qomer hamilə olub ona bir oğul doğdu. 4[6] Rəbb Huşəyə dedi: «Onun adını İzreel qoy, çünki tezliklə Mən İzreeldə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam. 5 Həmin gün İzreel vadisində İsrailin kamanını qıracağam».

6 Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama[7] qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam. 7 Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm».

8 Qomer Lo-Ruxamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu. 9 Rəbb dedi: «Onun adını Lo-Ammi[8] qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam.

10[9] Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək. 11 Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel[10] günü möhtəşəm bir gün olacaq.

1 Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın.

İsrailin xəyanəti

2 Qınayın siz ananızı, qınayın,
Çünki o Mənim arvadım deyil,
Mən də onun əri deyiləm.
Qoy üzündə görünən fahişəliyi,
Qoynunda olan xəyanəti atsın.
3 Yoxsa onu çıl-çılpaq soyundurub
Lüt, anadangəlmə edəcəyəm.
Mən onu səhra, quru torpaq kimi edəcəyəm,
Susuzluqdan öldürəcəyəm.
4 Onun balalarına da rəhm etməyəcəyəm,
Çünki onlar da xəyanət övladıdır.
5 Onların anası zina etdi.
Onlara hamilə qalan qadın rəzillik etdi,
Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm,
Axı çörəyimi, suyumu, yunumu, kətanımı,
Zeytun yağımı və içkimi verən onlardır”.

6 Buna görə də onun yolunu qanqallarla kəsib
Önünə hasar çəkəcəyəm.
Öz yolunu tapa bilməyəcək.
7 Oynaşlarının dalınca gedəcək,
Ancaq onlara çatmayacaq.
Onları axtaracaq,
Ancaq tapmayacaq.
O zaman deyəcək:
“Qoy öz əvvəlki ərimin yanına qayıdım,
Çünki o vaxt halım indikindən yaxşı idi”.
8 Amma o bilmirdi ki,
Ona taxılı, təzə şərabı,
Zeytun yağını verən Mənəm.
Baal bütü üçün sərf etdikləri
Qızıl-gümüşü çoxaldan Mənəm.
9 Buna görə də öz vaxtında taxılımı,
Öz mövsümündə təzə şərabımı geri alacağam.
Onun çılpaqlığını örtmək üçün verdiyim
Yunu və kətanı əlindən alacağam.
10 İndi oynaşlarının önündə
Onun ayıbını üzə çıxaracağam.
Kimsə onu əlimdən qurtara bilməyəcək.
11 Onda olan bütün şadlıqlara,
Bayramlara, Təzə Ay mərasimlərinə,
Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam.
12 Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm.
O bunlar barədə deyirdi:
“Bu, oynaşlarımın mənə verdiyi muzddur”.
Bağlarını tikanlığa çevirəcəyəm,
Çöl heyvanlarına yem olacaqlar.
13 Baal bütlərinə buxur yandırdığı günlər üçün
Onu cəzalandıracağam.
O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək
Oynaşlarının dalınca getmiş,
Məni isə unutmuşdu»
Rəbb belə bəyan edir.

14 «Amma Mən onu dilə tutub
Səhraya aparacağam,
Onun ürəyincə olan sözlər deyəcəyəm.
15[11] Orada ona üzüm bağları verəcəyəm,
Akor[12] vadisini ümid qapısına çevirəcəyəm.
Cavanlıq günlərində olduğu kimi,
Misir torpağından çıxdığı gün kimi
Orada nəğmə oxuyacaq».
16 Rəbb bəyan edir: «Həmin gün
Mənə “ərim” deyəcəksən,
Artıq “ağam”[13] deməyəcəksən.
17 Baal bütlərinin adını dilindən siləcəyəm,
Onların adı bir də yada salınmayacaq.

18 O gün sənin asayişin üçün
Çöl heyvanları, göy quşları və
Yerdə sürünənlərlə əhd kəsəcəyəm.
Ölkədən kamanı, qılıncı,
Müharibəni götürəcək,
Səni əmin-amanlıqda yatıracağam.
19 Səni əbədi olaraq Özümə nişanlayacağam,
Salehlik, ədalət, məhəbbət və mərhəmətlə
Səni özümə nişanlayacağam.
20 Səni sədaqətlə Özümə nişanlayacağam,
Sən də Rəbbi tanıyacaqsan».

21 Rəbb bəyan edir: «O gün hay verəcəyəm,
Göylərə hay verəcəyəm,
Onlar da yerə hay verəcək.
22 Yer isə taxıla, təzə şəraba və
Zeytun yağına hay verəcək,
Onlar da İzreelə hay verəcək.
23[14] Xalqımı ölkədə Özüm üçün əkəcəyəm,
“Mərhəmət tapmamış” dediyimə
Mərhəmət edəcəyəm.
“Xalqım deyil” dediyimə
“Xalqımsan” deyəcəyəm.
O isə Mənə “Allahımsan” deyəcək».

Huşə və vəfasız qadın

1 Rəbb mənə dedi: «Get yenə də aşnasının sevdiyi zina edən qadını sev, necə ki Rəbb İsrail övladlarını sevir, onlarsa başqa allahlara üz tutur və bunlara təqdim edilən üzüm kökələrini sevir». 2 Mən də qadını özüm üçün on beş gümüşə və bir yarım xomer arpaya satın aldım. 3 Ona dedim: «Uzun müddət mənim yanımda qal, başqa bir kişi ilə olub zina etmə. Mən də səninlə belə rəftar edərəm. 4 Ona görə ki İsrail övladları uzun müddət padşah və başçı, qurban və müqəddəs daş, efod və ev bütləri olmadan yaşayacaq. 5 Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Axır zamanda lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər».

Rəbbin İsraili məzəmmət etməsi

1 «Ey İsrail övladları, Rəbbin sözünü eşidin,
Çünki bu ölkədə yaşayanları
Rəbb ittiham edir.
Sədaqət, məhəbbət, Allahı tanımaq
Bu yerdə yox olub.
2 Lənət, yalan, qətl, oğurluq və zina
Hər yerə yayılıb.
Qoluzorluluq edərək
Qan üstünə qan tökürlər.
3 Bundan ötrü ölkə yas tutur,
Orada yaşayan hər kəs bezib.
Həmçinin çöl heyvanları, göy quşları,
Hətta dənizdəki balıqlar da məhv olur.

4 Ancaq heç kəs dava etməsin,
Heç kəs başqasını təqsirləndirməsin,
Çünki Mənim davam səninlədir, ey kahin.[15]
5 Sən gündüz büdrəyəcəksən,
Peyğəmbər də gecə səninlə birgə.
Sənin ananı[16] məhv edəcəyəm.
6 Xalqım biliksizlikdən məhv oldu.
Sən biliyi rədd etdiyin üçün
Mən də səni rədd edəcəyəm ki,
Bir daha Mənə kahinlik etməyəsən.
İndi ki öz Allahının qanununu unutdun,
Mən də sənin balalarını unudacağam.
7 Kahinlər nə qədər çoxaldısa,
Mənə qarşı o qədər çox günah etdi.
Onların izzətini rüsvayçılığa çevirəcəyəm.[17]
8 Xalqımın günahı ilə bəslənirlər,
Onların qəbahətinə can atırlar.
9 Xalqın başına gələn
Kahinin də başına gələcək.
Tutduqları yol üçün onları cəzalandıracağam.
Əməllərinin əvəzini onlara ödəyəcəyəm.
10 Yeyəcəklər, amma doymayacaqlar,
Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar,
Çünki onlar Rəbbi tərk edib
Başqa allahlara könül verdi.

11 Zina, köhnə və təzə şərab
Onların ürəklərini cəlb edib.
12 Xalqım ağacdan olan əşyaya sual verir,
Əsalarından cavab alır,
Çünki xəyanət ruhu onları azdırdı.
Özlərinin Allahından ayrılıb xəyanət etdilər.
13 Dağların başında qurban kəsirlər,
Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altında
Kölgələri gözəl olduğu üçün buxur yandırırlar.

Buna görə də qızlarınız fahişəlik edir,
Gəlinləriniz də zinakardır.
14 Fahişəlik edən qızlarınızı,
Zina edən gəlinlərinizi cəzalandırmayacağam.
Çünki kişiləriniz fahişələrlə oynaşır,
Məbəd fahişələri ilə birgə qurban kəsir.
Dərrakəsiz xalq məhv olacaq.

15 Ey İsrail, sən xəyanət etsən də,
Heç olmasa Yəhuda təqsirkar olmasın.
Qilqala getməyin,
Bet-Avenə çıxmayın.
“Var olan Rəbbin haqqı üçün”
Deyib and içməyin.
16 Bəli, İsrail inadkar bir düyə kimi inad etdi.
İndi Rəbb onları
Otlaqda quzu otaran kimi necə otarsın?

17 Efrayim bütlərindən yapışdı,
Burax onu!
18 Onlar içkiləri qurtarandan sonra
Hələ pozğunluq da edir.
Onların başçıları rüsvayçılığı çox sevir.
19 Külək onları qanadları ilə sarıyacaq,
Qurbanlarından ötrü utanacaqlar.

İsrailin cəzası

1 Ey kahinlər, bunu eşidin!
Ey İsrail nəsli, diqqətlə dinləyin!
Ey padşah sarayında olanlar, qulaq verin!
Sizin barənizdə hökm çıxarıldı,
Çünki siz Mispada bir tələ,
Tavor dağına sərilmiş bir tor oldunuz.
2 Qanunsuzlar adam öldürməklə məşğuldur.
Amma Mən onların hamısını cəzalandıracağam.
3 Efrayimi tanıyıram,
İsrail Məndən gizli deyil,
Çünki indi sən fahişəlik edirsən, ey Efrayim,
İsrail də murdarlanıb.
4 Əməlləri qoymur ki, onlar
Özlərinin Allahına tərəf dönsün,
Çünki içlərində xəyanət ruhu var,
Rəbbi də tanımırlar.
5 İsrailin qüruru özünə qarşı şəhadət edir.
İsraillə Efrayim
Günahlarından ötrü büdrəyib-yıxılır.
Yəhuda da onlarla birgə yıxılır.
6 Qoyun-keçi, mal-qara qurban edərək
Rəbbi axtarmağa gedəcəklər,
Amma tapmayacaqlar,
Çünki Rəbb onları tərk etdi.
7 Onlar Rəbbə xəyanət etdi,
Çünki bic uşaqlar doğdu.
İndi Təzə Ay mərasimi olanda
Onlar tarlaları ilə birlikdə məhv olacaq.

8 Giveada şeypur çalın,
Ramada kərənay çalın,
Bet-Avendə car çəkin,
Düşmən arxandadır, ey Binyamin!
9 Efrayim cəza günündə viran olacaq,
Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.
10 Yəhuda başçıları
Sərhəd daşı dəyişənlərə bənzəyir.
Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.
11 Efrayim zülm gördü,
Hökm ilə əzildi,
Çünki bilə-bilə
Boş şeylərin dalınca getdi.
12 Mən Efrayimlilərə qarşı güvə,
Yəhuda nəsli üçün kif olacağam.
13 Efrayim xəstəliyini,
Yəhuda yarasını gördü.
Efrayim Aşşura getdi,
Böyük padşahdan kömək istədi,
Amma o sizə şəfa verməz,
Yaranızı sağaltmaz.
14 Bəli, Mən Efrayimlilərə qarşı bir şir,
Yəhuda nəsli üçün cavan aslan olacağam.
Mən, Mən onu parçalayıb gedəcəyəm,
Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.
15 Sonra qayıdıb Öz məskənimə gedəcəyəm,
O vaxtacan ki özlərini günahkar sayaraq
Mənim hüzurumu axtaracaqlar.
Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».

İsrailə çağırış

1 «Gəlin Rəbbə qayıdaq.
O bizi parçaladı,
O da bizə şəfa verəcək.
O bizi yaraladı,
O da yaramızı sarıyacaq.
2 İki gün sonra bizi dirildəcək,
Üçüncü gün ayağa qaldıracaq,
Onun hüzurunda yaşayacağıq.
3 Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək.
O hökmən dan yeri kimi doğacaq,
Yağış kimi,
Torpağı sulayan yaz yağışı kimi
Yanımıza gələcək».

4 Allah deyir:
«Ey Efrayim, sənə nə edim?
Ey Yəhuda, bəs sənə nə edim?
Çünki məhəbbətiniz səhər dumanı,
Erkən uçub gedən şeh kimidir.
5 Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım,
Ağzımdan çıxan sözlərlə öldürdüm.
Sizin üzərinizdə hökmüm
Şimşək kimi parıldayır.
6[18] Çünki Mən qurban deyil,
Məhəbbət istəyirəm.
Yandırma qurbanlarından çox
Allahı tanımağınızı istəyirəm.

7 Ancaq onlar Adəm kimi əhdi pozdu,
Orada Mənə xəyanət etdi.
8 Gilead şər adamların şəhəridir,
Qan izləri ilə doludur.
9 Quldur dəstələri necə insan üçün pusquya yatırsa,
Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür,
Bəli, xəbislik edir.
10 İsrail nəslində qorxunc bir şey gördüm,
Efrayim fahişəliyə batmış,
İsrail murdarlanmışdır.
11 Ey Yəhuda, sənin üçün də
Bir biçin günü təyin edildi.

Mən xalqımı sürgündən qaytaranda,

1 İsrailə şəfa vermək istəyəndə
Efrayimin günahları,
Samariyanın pislikləri ortaya çıxır.
Çünki hiylə ilə davranırlar.
Evlərə oğru girir,
Küçədə quldur soyğunçuluq edir.
2 Ürəklərində düşünmürlər ki,
Mən onların bütün pisliklərini yada salıram.
İndi günahları onları dövrələyib və
Gözümün önündədir.

3 Padşahı pislikləri ilə,
Başçıları yalanları ilə sevindirirlər.
4 Hamısı zinakardır,
Yoğrulan xəmir acıyana qədər
Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi
Soba kimi şəhvətlə yanırlar.
5 Padşahımızın ad günündə
Başçılar şərabın atəşindən xəstələndi,
Padşah da istehzaçılarla əl-ələ verdi.
6 Pusquda yatarkən
Ürəkləri soba kimi qızar.
Qəzəbləri bütün gecə için-için yanar,
Səhər də alovlu atəş kimi parlayar.
7 Onların hamısı soba kimi qızışıb
Öz hakimlərini həlak etdi.
Bütün padşahları yıxıldı,
Aralarında Məni çağıran yoxdur.

8 Efrayim başqa xalqlara qarışır;
Efrayim bir üzü çiy qalan kökədir.
9 Onun gücünü özgələr yedi,
O isə bilmir,
Saçına dən düşüb,
O isə bilmir.
10 İsrailin qüruru özünə qarşı şəhadət edir.
Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür,
Onu axtarmırlar.

11 Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir.
Gah Misirliləri çağırır,
Gah Aşşura gedirlər.
12 Onlar gedən zaman
Mən onların başına torumu atacağam.
Göydəki quşlar kimi
Onları vurub yerə salacağam.
İcmalarında bildirildiyi kimi
Onları cəzalandıracağam.

13 Vay onların halına!
Çünki Məndən uzaqlaşdılar.
Başlarına bəla gəlsin!
Çünki Mənə qarşı üsyan etdilər.
Mən onları qurtarmaq istəyirdim,
Onlarsa Mənə böhtan deyir.
14 Ürəkdən Mənə fəryad etmirlər,
Ancaq yataqlarının içində ulayırlar.
Taxıl və təzə şərab üçün özlərini yaralayırlar,
Amma Məndən üz döndərirlər.
15 Mən onlara nəsihət verdim,
Qollarına güc verdim.
Onlarsa Mənə qarşı qəsd qurur.
16 Onlar üz tutur,
Ancaq ucalara tərəf yox.
Hədəfi əyri vuran kamana bənzəyirlər.
Dillərinin arsızlığı üzündən
Başçıları qılınca tuş gələcək.
Buna görə də Misirdə
Kinayə hədəfi olacaqlar.

İsrailin bütpərəstliyi

1 Şeypur çalmağa hazırlaş!
Rəbbin evinin üzərinə
Düşmən qartal kimi hücum çəkir.
Çünki İsraillilər Mənim əhdimi pozdu,
Mənim qanunuma qarşı çıxdı.
2 Onlar Mənə fəryad edib deyəcək:
“Allahım, biz İsraillilər Səni tanıyırıq”.
3 İsrail yaxşılığı rədd etdi,
Düşmən onu təqib edəcək.
4 Məndən soruşmadan
Özlərinə padşah qoydular.
Məndən xəbər almadan
Başçılar seçdilər.
Özlərinə qızıl və gümüşlərindən
Ölümlərinə yol açan
Bütlər düzəltdilər.
5 Ey Samariya, dana bütün rədd edildi!
Mənim qəzəbim onlara qarşı alovlandı.
Nə vaxta qədər onlar pak olmayacaq?
6 Çünki bu büt İsrailin işidir,
Usta onu düzəldib,
Ona görə də Allah deyil.
Samariyadakı dana bütü
Xıncım-xıncım olacaq.

7 Onlar külək qaldırdı,
Qasırğa alacaqlar.
Sünbül bitirməyən buğda un verməz,
Versə də, yadlar onu udacaq.
8 İsrail udulmuşdur,
İndi onlar millətlər arasında
Heç kəsin bəyənmədiyi bir qab kimi oldu.
9 Onlar tənha gəzən vəhşi eşşək kimi
Aşşur tərəfə getdi.
Efrayim muzdla özünə oynaşlar tutdu.
10 Onlar millətlər arasında muzdla oynaş tutsalar da,
Mən indi onları bir yerə toplayacağam.
Onlar qüdrətli padşahın zülmündən
Azalmağa başlayacaq.
11 Efrayim günah təqdimi üçün
Çoxlu qurbangah tiksə də,
Bunlar onu günaha batıran qurbangahlar oldu.
12 Mən onlar üçün çoxlu qanun yazdım,
Onlarsa bunları yad bir şey hesab etdi.
13[19] Mənə kəsilən qurbanlara gəlincə,
Əti Mənə qurban gətirib
Özləri yeyir.
Rəbb onlardan razı deyil.
İndi onların qəbahətlərini yada salacaq,
Günahlarına görə onları cəzalandıracaq.
Onlar Misirə qayıdacaq.
14 İsrail də Yaradanını unutdu,
Özünə saraylar qurdu.
Yəhuda da çoxlu qalalı şəhər tikdi,
Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm,
Qalalarını alov yeyəcək.

İsrailin cəzası

1 Ey İsrail, başqa xalqlar kimi
Sevinib coşma,
Çünki öz Allahına xəyanət etdin.
Bütün xırmanlarda
Fahişəlik muzduna könül verdin.
2 Xırman və üzümsıxan xalqı doydurmayacaq,
Təzə şərab onlara qismət olmayacaq.
3 Rəbbin torpağında yaşamayacaqlar,
Efrayim Misirə qayıdacaq,
Aşşurda murdar yemək yeyəcək.
4 Rəbbə təqdim olaraq şərab tökməyəcəklər,
Qurbanları Ona məqbul olmayacaq.
Qurbanlar onlara yas çörəyi olacaq,
Onu yeyənlərin hamısı murdar olacaq.
Çörəkləri özlərinə qismət olacaq,
Amma Rəbbin evinə gətirilməyəcək.

5 Təntənəli bayramda,
Rəbbin bayram günündə nə edəcəksiniz?
6 Məhvdən qaçsalar da,
Misir onları yığacaq,
Memfis qəbirə basdıracaq.
Onların gümüş xəzinələrini gicitkən tutacaq,
Çadırlarında qanqal bitəcək.
7[20] Onların cəza günləri gəldi,
Haqq-hesab günləri yetişdi.
Qoy İsrail bunu bilsin!
Təqsirlərinizin çoxluğundan,
Düşmənçiliyinizin böyüklüyündən
Peyğəmbəri əbləh,
Ruhani adamı divanə saydınız.
8 Peyğəmbər Allahımın Efrayim üzərində qoyduğu gözətçidir.
Amma onun getdiyi hər yerdə tor qurdular,
Allahın evində düşmənçilik var.
9[21] Givea günlərində olduğu kimi
Onlar böyük pozğunluğa düçar oldu.
Allah onların təqsirlərini yada salacaq,
Günahları üçün onları cəzalandıracaq.

10[22] Səhrada üzüm tapan kimi
Mən İsraili tapdım,
İlk dəfə məhsul verən əncir nübarı kimi
Mən atalarınızı gördüm.
Amma onlar Baal-Peora çatanda
Rüsvayçı bütlərə təslim oldu.
Özləri də sevdikləri şeylər kimi
İyrənc oldu.
11 Efrayimin calalı
Bir quş kimi uçub gedəcək.
Nə doğum, nə hamiləlik, nə mayalanma olacaq.
12 Öz uşaqlarını böyütsələr də,
Balalarını əllərindən alacağam,
Onları kimsəsiz qoyacağam.
Mən onları tərk etdikdə vay hallarına!
13 Mən gördüm ki, Efrayim
Sur şəhəri kimi gözəl bir yerdə məskən salıb.
Amma Efrayim öz övladlarını
Qatil qabağına çıxaracaq».
14 Ya Rəbb, nə verəcəksən, ver onlara,
Onlara uşaq salan bətn, südsüz döşlər ver!

15 Rəbb deyir: «Onlar bütün pis əməllərini
Qilqalda edir,
Orada onlara nifrət etdim.
Etdikləri günahlardan ötrü
Onları evimdən qovacağam.
Artıq onları sevməyəcəyəm.
Bütün başçıları üsyankardır.
16 Efrayim kəsildi,
Kökləri qurudu.
Onlar bar verməyəcək.
Əgər doğsalar da,
Bətnlərinin əziz barını Mən məhv edəcəyəm».

17 Allahım onları rədd edəcək,
Çünki Ona qulaq asmadılar.
Millətlər arasında sərgərdan gəzəcəklər.

1 İsrail bir qollu-budaqlı meynədir ki,
Bol-bol bar gətirir.
Ancaq barı artdıqca
Qurbangahları da artırdı.
Torpağı bərəkətli olduqca
Daha gözəl olan müqəddəs daşları da düzəltdi.
2 Onların ürəkləri yalanla doldu,
Günahlarına görə də cəzalanacaqlar.
Rəbb onların qurbangahlarını dağıdacaq,
Müqəddəs daşlarını sındıracaq.

3 Onda onlar deyəcək:
«Bizim padşahımız yoxdur,
Çünki biz Rəbdən qorxmadıq.
Padşahımız olsa da,
Bizə nə edəcəkdi?»
4 Əhd bağlayanda boş vədlər verir,
Yalandan and içirlər.
Buna görə də məhkəmə işləri
Şumlanmış tarladakı zəhərli ot kimi böyüyür.
5 Samariya sakinləri
Bet-Avendəki dana bütlərinə görə
Qorxuya düşəcək.
Onun üçün xalqı yas tutacaq.
Onun calalı ilə coşan kahinləri
Sürgünə aparıldığı üçün ağlayacaq.
6 Büt özü Aşşura – böyük padşaha
Hədiyyə aparılacaq.
Efrayim biabır olacaq,
İsrail aldığı məsləhətdən utanacaq.
7 Samariya və onun padşahı
Su üstündəki çubuq kimi
Axıb-gedəcək.
8[23] İsrailin günahı olan
Avendəki[24] səcdəgahlar yox olacaq,
Onun qurbangahlarında
Tikan və qanqal bitəcək.
O zaman dağlara «Bizi örtün!»,
Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər.

9[25] «İsrail Giveada keçirdiyi
Günlərdən bəri günah etdi.
Orada öz işlərini davam etdirdilər.
Şər adamlara qarşı müharibə
Onları Giveada yaxalamazmı?
10 Mən istədiyim zaman
Onları cəzalandıracağam.
Xalqlar onlara qarşı birləşib,
İkiqat cinayətlərindən ötrü
Onları əsir edəcək.
11 Efrayim əhliləşmiş,
Taxıl döyməyi sevən düyəyə bənzər.
Mən onun incə boynunu əsirgədim.
İndi isə Efrayimi sürdürəcəyəm.
Yəhuda yer şumlasın,
Yaqub isə dırmıq çəksin.
12[26] Özünüz üçün salehlik əkin,
Məhəbbət bəhərini biçərsiniz.
Dincə qoyulmuş torpağınızı şumlayın,
Çünki Rəbbi axtarmaq vaxtıdır.
Nəhayət, O gəlib üstünüzə
Salehliyin nemətlərini yağdıracaq.
13 Amma siz pislik əkib,
Qəbahət biçdiniz.
Yalanın bəhərini yediniz.
Çünki öz üsulunuza,
Çoxlu cəngavərlərinizə güvəndiniz.
14 Xalqınızın içində müharibə gurultusu qopacaq,
Bütün qalalarınız dağılacaq,
Necə ki Şalman müharibə günündə
Bet-Arbeli dağıtdı,
Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı.
15 Ey Bet-El, pisliyinin çoxluğu üzündən
Səninlə də belə rəftar ediləcək.
Dan ağaranda İsrail padşahı həlak olacaq.

Allahın İsrailə məhəbbəti

1[27] İsrail uşaq ikən onu sevdim,
Öz oğlumu Misirdən çağırdım.
2 Peyğəmbərlər İsraili çağırdıqca
İsrail onlardan uzaqlaşdı.
Baal bütlərinə qurban kəsdilər,
Oyma bütlərə buxur yandırdılar.
3 Efrayimə gəzməyi Mən öyrətdim,
Onları qollarım üstünə aldım.
Ancaq bilmədilər ki,
Onlara Mən şəfa verdim.
4 Onları insani tellərlə,
Sevgi bağları ilə Özümə çəkdim.
Onlar üçün çənələrindən boyunduruğu qaldıran
Bir kəs oldum,
Əyilib onlara yemək verdim.

5 Məgər Misirə qayıtmayacaqlar?
Aşşur onlara padşah olmayacaq?
Çünki onlar Mənə üz tutmaq istəmədilər.
6 Şəhərlərinin içində qılınc fırlanacaq,
Onların qapı sürgülərini qıracaq.
Fitnələri üzündən onları yeyib-qurtaracaq.
7 Xalqım Məndən üz döndərməyi qərara alıb.
Haqq-Taalanı çağırsalar da,
Onları heç vaxt ucaltmayacaq.

8[28] Ey Efrayim, səni necə əldən verim?
Ey İsrail, səni necə təslim edim?
Admaya etdiyimi sənə necə edim?
Səni necə Sevoyim kimi edim?
Köksümdə ürəyim alt-üst oldu,
Mərhəmət hisslərim alovlandı.
9 Mən qızğın qəzəbimlə rəftar etmərəm,
Efrayimi artıq məhv etmərəm.
Çünki Mən Allaham, insan deyiləm,
Aranızda Müqəddəs Olanam.
Qəzəblə üzərinizə gəlmərəm.
10 Onlar aslan kimi nərə çəkən
Rəbbin arxasınca gedəcək.
O nərə çəkəndə
Övladları qərbdən titrəyərək gələcək.
11 Misirdən quşlar kimi,
Aşşur ölkəsindən göyərçinlər kimi
Titrəyərək gələcəklər.
Onları evlərində sakin edəcəyəm»
Rəbb belə bəyan edir.

İsrailin günahı

12 Efrayim yalanla, İsrail nəsli hiylə ilə
Ətrafımı bürüdü.
Amma Yəhuda hələ də Allahla birgə gedir,
Müqəddəs Olana sadiqdir.

1 Efrayim yellə bəslənir,
Bütün gün şərq küləyinin dalınca düşür.
Yalanı, qoluzorluluğu artırır.
Aşşurla saziş bağlayır,
Misirə zeytun yağı göndərir.

2 Yəhuda ilə Rəbbin davası var,
Yaqubu getdiyi yola görə cəzalandıracaq,
Əməllərinə görə əvəz verəcək.
3[29][30] O hələ ana bətnində ikən
Qardaşının topuğundan tutdu,
Böyüklük çağında Allahla güləşdi.
4[31] Mələklə güləşib ona üstün gəldi,
Ağlayaraq Ondan xeyirxahlıq istədi.
Allah onu Bet-Eldə tapdı.
5 Ordular Allahı Rəbb
Bizimlə orada danışdı.
O, «Rəbb» deyə anılır.
6 Buna görə də sən Allahına üz tut,
Məhəbbətə, ədalətə bağlan,
Daim Allahına ümid bağla.
7 Efrayim tacirdir,
Əlindəki aldadıcı tərəzi ilə
Aldatmağı sevir.
8 Efrayim deyir:
«Doğrudan da, mən varlandım,
Özüm üçün sərvət topladım.
Çoxlu şeylər qazansam da,
Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».

9[32] «Ancaq səni Misir torpağından çıxaran
Allahın Rəbb Mənəm.
Bayram günlərində olduğu kimi
Səni yenə öz çadırlarında məskunlaşdıracağam.
10 Mən peyğəmbərlərlə danışdım,
Çoxlu görüntü göndərdim,
Peyğəmbərlərin dilindən məsəllər söylədim».

11 Gilead xalqı pis xalqdır,
Doğrudan da, yaramazdır.
Qilqalda buğaları qurban kəsirlər.
Onların qurbangahları
Şumlanmış tarladakı daş qalaqları kimidir.

12[33] Yaqub Aram torpağına qaçdı,
İsrail arvad üçün qul oldu,
Arvada görə qoyun otardı.
13[34] Rəbb İsraili bir peyğəmbər vasitəsilə
Misirdən çıxartdı,
Bir peyğəmbər vasitəsilə qorudu.
14 Efrayim Allahı bərk qəzəbləndirdi,
Tökdüyü qanı öz başına gətirəcək,
Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq.

Rəbbin İsrailə qəzəbi

1 Efrayim danışanda hamı titrəyirdi.
İsraildə ucalmışdı,
Amma Baala tapınıb təqsir edəndə məhv oldu.
2 İndi günah üstünə günah edirlər,
Gümüşlərindən özlərinə tökmə bütlər,
Məharətlə düşünülmüş bütlər düzəldirlər.
Hamısı usta işidir.
«Qurban gətirən adamlar
Danaları öpsün!» deyirlər.
3 Buna görə də səhər dumanı,
Erkən uçub gedən şeh,
Xırmanda sovrulan saman çöpü,
Bacadan çıxan tüstü kimi olacaqlar.

4 «Ancaq Səni Misir torpağından çıxaran
Allahın Rəbb Mənəm.
Sən Məndən başqa allah tanımamalısan,
Çünki Məndən başqa xilaskar yoxdur.
5[35] Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum.
6 Onları bəslədiyimə görə doydular,
Doyandan sonra onların ürəyi qürurlandı,
Buna görə də Məni unutdular.
7 Mən onlara bir aslan olacağam,
Bəbir kimi yol kənarında
Pusquda duracağam.
8 Balalarından məhrum olmuş ayı kimi
Onlara hücum çəkəcəyəm,
Ürəklərinin pərdəsini yırtacağam.
Dişi aslan kimi onları yeyib-qurtaracağam,
Vəhşi canavar onları parçalayacaq.

9 Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın
Səni ölümə aparır.
10[36] İndi padşahın haradadır ki,
Bütün şəhərlərində səni xilas etsin?
Hakimlərin haradadır?
Sən ki onlar barədə
“Mənə bir padşah və başçılar ver” deyirdin.
11[37][38] Qəzəb içində sənə padşah verdim,
Hiddətlənəndə onu apardım.

12 Efrayimin qəbahəti yığılıb,
Günahı qeydə alınıb.
13 Doğan qadının ağrıları ona çatır,
Amma o, ağılsız oğuldur.
Çünki vaxtı çatanda
Bətndən çıxmağa ləngiyir.

14[39] Mən onları ölülər diyarının
Əlindən satın alacağam,
Onları ölümdən xilas edəcəyəm.
Ey ölüm, bəlaların hanı?
Ey ölülər diyarı, həlakın hanı?

Gözümdə mərhəmət görünməyəcək.
15 Efrayim öz qardaşları arasında
Barlı-bəhərli olsa da,
Şərq yeli, səhradan qalxan
Rəbbin küləyi gələcək,
Onun bulağı quruyacaq,
Çeşməsinin suyu kəsiləcək.
Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq.
16 Samariya günahının cəzasını çəkəcək,
Çünki Allahına qarşı üsyankar oldu.
Onlar qılıncdan həlak olacaq.
Balaları yerə çırpılıb parçalanacaq,
Hamilə qadınlarının qarnı yarılacaq».

Rəbbin İsrailə müraciəti

1 Allahın Rəbbə üz tut, ey İsrail,
Çünki günahlarından ötrü büdrədin.
2 Dua sözləri ilə Rəbbə tərəf dönün.
Ona belə deyin:
«Hər qəbahətimizi bağışla,
Bizi mərhəmətlə qəbul et.
Buğalar yerinə ağzımızdan çıxan
Şükürləri təqdim edirik.
3 Aşşur bizi xilas etməyəcək,
Atların belinə minməyəcəyik,
Artıq əl işlərimizə
“Allahlarımız” deməyəcəyik.
Çünki yetim Səndən mərhəmət görəcək».

4 «Onların dönüklüyünə əlac edəcəyəm,
Onları ürəkdən sevəcəyəm,
Çünki qəzəbim onlardan vaz keçdi.
5 Mən İsrailə bir şeh olacağam,
O, zanbaq kimi çiçək açacaq,
Livan sidri kimi kök atacaq.
6 Qollu-budaqlı olacaq,
Zeytun ağacı kimi gözəl olacaq,
Livan sidri kimi ətir saçacaq.
7 Adamlar yenə də kölgəsi altında oturub
Buğda kimi cücərəcək,
Meynə kimi tumurcuqlayacaq,
Şöhrəti Livan şərabı kimi olacaq.
8 Efrayim deyəcək:
“Artıq bütlər nəyimə gərəkdir?”
Mən onun səsini eşidəcəyəm,
Ona nəzər salacağam.
Mən həmişəyaşıl şam kimiyəm,
Sənin bar verməyin Məndən gələcək.

9 Kim müdrikdirsə, bu sözləri dərk etsin,
Kim dərrakəlidirsə, bunları başa düşsün.
Çünki Rəbbin yolları düzdür.
Salehlər o yollarla gedir,
Ancaq üsyankarlar o yollarda büdrəyir».

Qeydlər

redaktə
  1. 2Pad. 15:1-7; 2Saln. 26:1-23
  2. 2Pad. 15:32-38; 2Saln. 27:1-8
  3. 2Pad. 16:1-20; 2Saln. 28:1-27
  4. 2Pad. 18:1-20:21; 2Saln. 29:1-32:33
  5. 2Pad. 14:23-29
  6. 2Pad. 10:11
  7. Lo-Ruxama – ibrani dilində mərhəmət tapmamış.
  8. Lo-Ammi – ibrani dilində xalqım deyil.
  9. Rom. 9:26
  10. İzreel – ibrani dilində Allah əkir mənasında olub inkişaf və rifah deməkdir.
  11. Yeşua 7:24-26
  12. Akor – ibrani dilində əziyyət.
  13. Ağam – ibrani mətnində Baali sözü olub mənim Baalım deməkdir.
  14. Rom. 9:25; 1Pet. 2:10
  15. Mənim davam səninlədir, ey kahin – yaxud xalqın kahinlə çəkişənlərə bənzəyir.
  16. Sənin anan – İsrail xalqı nəzərdə tutulur.
  17. Onların izzətini rüsvayçılığa çevirəcəyəm – əksər ibrani əlyazmalarında Mənim izzətimi rüsvayçılığa çevirdilər.
  18. Mat. 9:13; 12:7
  19. Yer. 14:10
  20. Luka 21:22
  21. Hak. 19:1-30
  22. Say. 25:1-5
  23. Luka 23:30; Vəhy 6:16
  24. Aven – burada Bet-El, Allahın evi şəhəri pislik mənası verən bu sözlə adlandırılır.
  25. Hak. 19:1-30
  26. Yer. 4:3
  27. Çıx. 4:22; Mat. 2:15
  28. Qanun. 29:23
  29. Yar. 25:26
  30. Yar. 32:24-26
  31. Yar. 28:10-22
  32. Lev. 23:42-43
  33. Yar. 29:1-20
  34. Çıx. 12:50-51
  35. Qanun. 8:11-17
  36. 1Şam. 8:5-6
  37. 1Şam. 10:17-24
  38. 1Şam. 15:26
  39. 1Kor. 15:55

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy