Bibliya/Paulun Titə Məktubu

Paulun Timoteyə İkinci Məktubu Bibliya. Paulun Titə Məktubu

Paulun Filimona Məktubu


1 2 3 Qeydlər

Tit Paulun vəzi ilə İsa Məsihi qəbul edən bir yunan gənc idi (1:4). O, Paula müjdəçilik işində köməkçi olmuşdu. Paul gənc köməkçisini Krit adasındakı imanlı cəmiyyətində nəzarətçi kimi xidmət etməyə təyin etmişdi. Bu məktub da ona kömək məqsədi ilə ünvanlanıb. Bu məktubda üç əsas məsələyə toxunulur.

Birinci, Paul bir çox Kritlilərin xasiyyətini nəzərə alaraq Titin yadına salır ki, imanlı cəmiyyətinin rəhbəri necə olmalıdır. Sonra o, cəmiyyətdə imanlıların müxtəlif qruplarını – yaşlı kişiləri və qadınları, gəncləri və qulları necə öyrətmək barədə məsləhətlər verir.

Məktubun sonunda Paul Titə məsihçi davranışına aid öyüdlər verir və xüsusən, sülhsevər və dost münasibətində olmağı, nifrətdən, mübahisələrdən və cəmiyyətdə fikir ayrılığından uzaq durmağı məsləhət görür. Kitabın məzmunu:

  • 1:1-4 Salamlar
  • 1:5-16 Titin Kritdəki vəzifəsi
  • 2:1-3:11 Sağlam təlim və davranış
  • 3:12-15 Xahişlər və xudahafizləşmə

1 Allahın qulu və İsa Məsihin həvarisi, mən Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyə uyğun olan həqiqəti dərk etmələri üçün təyin olundum. 2 Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi. 3 Xilaskarımız Allah Öz əmrinə görə mənə əmanət edilmiş vəzlə kəlamını vaxtında aşkar etdi. 4[1] Ümumi imana görə mənə əsl oğul olan Titə Ata Allahdan və Xilaskarımız Məsih İsadan lütf[2] və sülh olsun!

Titin Kritdəki vəzifəsi

5 Tamamlanmamış işləri sahmana salasan və sənə tapşırdığım kimi hər şəhərdə cəmiyyət ağsaqqalları təyin edəsən deyə səni Kritdə saxladım. 6[3] Ağsaqqal seçilən şəxs nöqsansız və tək arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mənəviyyatsızlıqda ittiham olunan yaxud itaətsiz olmamalıdır. 7 Çünki cəmiyyət nəzarətçisi Allahın iş idarəçisi olduğuna görə nöqsansız olmalıdır. Dikbaş, hirsli, şərab düşkünü, zorakı, haqsız qazanca həris olmamalı, 8 əksinə qonaqpərvər, yaxşılığı sevən, ağıllı-kamallı, saleh, müqəddəs, nəfsinə hakim olmalıdır. 9 Həm başqalarına sağlam təlimlə nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır.

10 Çünki, xüsusilə, sünnət tərəfdarları arasında bir çox itaətsiz, boşboğaz və saxtakar insanlar var. 11 Onları sakitləşdirmək lazımdır. Çünki onlar haqsız qazanc əldə etmək üçün lazımsız şeyləri öyrədərək bəzi ailələri tamamilə alt-üst edirlər. 12 Onlardan biri – öz peyğəmbərlərindən biri belə demişdir: «Kritlilər daima yalançı, azğın heyvan, tənbəl qarınquludur». 13 Bu şəhadət etibarlıdır. Ona görə də onları sərt bir şəkildə məzəmmət et ki, imanları sağlam olsun, 14 Yəhudi əfsanələrinə və həqiqətdən dönən insanların əmrlərinə qulaq asmasınlar. 15 Paklar üçün hər şey pakdır, ləkəli imansızlar üçünsə pak heç bir şey yoxdur. Amma onların həm düşüncəsi, həm də vicdanı ləkələnmişdir. 16 Onlar Allahı tanıdıqlarını iqrar edirlər, amma əməlləri ilə bunu inkar edirlər. İyrənc və itaətsizdirlər, heç bir yaxşı iş görməyə yaramazlar.

Sağlam təlimin əhəmiyyəti

1 Sənsə sağlam təlimə uyğun olanı öyrət. 2 Yaşlı kişilər ayıq, ləyaqətli, ağıllı-kamallı, imanda, məhəbbətdə və dözümdə sağlam olsunlar. 3 Yaşlı qadınlar da eyni şəkildə müqəddəslərə yaraşan tərzdə davransınlar. Böhtançı, şərab düşkünü olmasınlar və xeyirli şeyləri öyrədərək 4 tərbiyə etsinlər ki, gənc qadınlar ərlərini və uşaqlarını sevsinlər, 5 ağıllı-kamallı, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabe olsunlar. O zaman Allahın kəlamına küfr olunmaz. 6 Gənc oğlanlara da ağıllı-kamallı olmaq üçün nəsihət ver. 7 Yaxşı işlər görərək hər şeydə özünü nümunə göstər. Təlimdə dürüst və ləyaqətli[4] olaraq 8 tənqid olunmaz sağlam sözlər danış ki, sənə qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyə bilməyib utansın.

9 Qulları başa sal ki, hər şeydə öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab qaytarmasınlar, 10 oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər.

11 Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. 12 Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. 13 Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. 14[5] O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın. 15 Bunları tam bir səlahiyyətlə bildir, nəsihət ver və məzəmmət et. Qoy heç kim sənə hörmətsizlik etməsin.

İmanlılara yaraşan rəftar

1 İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. 2 Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. 3 Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik. 4 Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman 5 bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. 6 Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki, 7 Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq. 8 Bu söz etibarlıdır.

Mən bunların üzərində dayanmağını istəyirəm ki, Allaha iman etmişlər xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır. 9 Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir. 10 Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs. 11 Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum etmişdir.

Xahişlər və xudahafizləşmə

12[6] Mən Artema və ya Tixiki yanına göndərən kimi çalış ki, yanıma, Nikopolisə gələsən. Çünki qışı orada keçirməyi qərara almışam. 13[7] Qanunşünas Zena ilə Apollonu səylə yola sal, qoy onların heç bir şeyə ehtiyacı olmasın. 14 Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar.

15 Yanımdakıların hamısı səni salamlayır. Bizi sevən imanlılara salam söylə. Hamınıza lütf olsun!

Qeydlər

redaktə
  1. 2Kor. 8:23; Qal. 2:3; 2Tim. 4:10
  2. Lütf – bəzi əlyazmalarda lütf, mərhəmət.
  3. 1Tim. 3:2-7
  4. Dürüst və ləyaqətli – bəzi əlyazmalarda dürüst, ləyaqətli və əxlaqlı.
  5. Çıx. 19:5; Qanun. 4:20; 7:6; 14:2; 1Pet. 2:9
  6. Həv. 20:4; Ef. 6:21-22; Kol. 4:7-8; 2Tim. 4:12
  7. Həv. 18:24; 1Kor. 16:12

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy