Bibliya/Peterin İkinci Məktubu
←Peterin Birinci Məktubu | Bibliya. Peterin İkinci Məktubu |
Yəhyanın Birinci Məktubu→ |
1 | 2 | 3 | Qeydlər |
«Peterin İkinci Məktubu» ilk məsihçilərə ünvanlanıb. Peter bu məktubda yanlış təlim yayan müəllimlərə və oradan qaynaqlanan mənəviyyatsızlığa qarşı mübarizə aparır. Bu problemlərin cavabı Allahın və Rəbb İsa Məsihin əsl təlimini bilməkdir. Bu təlimi isə İsa Məsihi şəxsən tanıyan və Onun təlimini eşidən adamlar düzgün çatdıra bilərdi.
Müəllif İsa Məsihin zühuru haqqında olan yanlış təlimə görə xüsusən narahatdır. Peterə görə Məsihin zühuru ona görə yubanır ki, «O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir» (3:9). Kitabın məzmunu:
- 1:1-21 Salamlama və məsihçinin çağırışı
- 2:1-22 Yanlış təlim yayanlar barəsində
- 3:1-13 Rəbbin günü
- 3:14-18 Öyüd-nəsihətlər
1
redaktə1 İsa Məsihin qulu və həvarisi mən Şimon Peterdən Allahımız və Xilaskarımız İsa Məsihin salehliyi sayəsində bizimlə bərabər qiymətli iman əldə etmiş olanlara salam! 2 Allahı və Rəbbimiz İsanı tanıdıqca lütf və sülh sizə bol-bol verilsin!
İlahi çağırış
3 Bizi Öz izzəti və alicənablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi. 4 Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız. 5 Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, 6 biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, 7 möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin. 8 Çünki əgər bunlar sizdə varsa və artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq. 9 Bunlar kimdə yoxdursa, o kordur, uzağı görə bilməz və əvvəlki günahlarından təmizləndiyini unutmuşdur. 10 Beləliklə, ey qardaşlar, çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz. 11 Beləcə Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək.
12 Ona görə də bunları bilsəniz və sahib olduğunuz həqiqətlə möhkəm dursanız da, daima bunları sizə xatırladıram. 13 Bu bədəndə yaşadığım müddətdə xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirəm. 14[1] Çünki Rəbbimiz İsa Məsihin mənə bildirdiyi kimi, bu bədəndən ayrılmağımın yaxın olduğunu bilirəm. 15 Buna görə də çalışıram ki, mən bu dünyadan köçdükdən sonra da siz bunları həmişə yada salasınız.
Məsihin izzəti və peyğəmbərlik sözü
16 Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq. 17[2] Çünki Böyük Ehtişamı Olandan Ona belə bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». O vaxt Ata Allahdan izzət və şərəf qəbul etdi. 18 Müqəddəs dağda Onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik.
19 Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz. 20 Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz. 21 Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi.[3]
2
redaktəYanlış təlim yayanların aqibəti (Yəhd. 3-16)
1 Amma Allahın xalqı arasında yalançı peyğəmbərlər də ortaya çıxdı. Eləcə də sizin aranızda yanlış təlim yayanlar ortaya çıxacaq. Bunlar hətta özlərini satın alan Sahibini inkar edib gizlicə aranıza dağıdıcı və təfriqəçi təlim gətirəcəklər. Belələri öz başlarına tezliklə həlak gətirəcək. 2 Hətta çoxları onların pozğunluğuna qoşulacaq və onların üzündən həqiqət yoluna küfr ediləcək. 3 Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır.
4 Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə[4] qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı.[5] 5[6] O, allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı, amma səkkiz nəfəri, o cümlədən, salehliyi bəyan edən Nuhu qoruyub saxladı. 6[7] O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara[8] nümunə göstərdi. 7[9] Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən saleh Lutu isə qurtardı. 8 Çünki onların arasında yaşayan bu saleh insan günbəgün onların qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda iztirab çəkirdi. 9 Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə[10] kimi cəza altında necə saxlamağı bilir.
10 O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdırlar, ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar. 11 Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz. 12 Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atırlar. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcəklər. 13 Etdikləri zərərin əvəzini alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayırlar. Sizinlə yeyib-içərkən sanki aranızda ləkələr və nöqsanlar olaraq öz hiylələrindən zövq alırlar. 14 Onların gözləri zina ilə doludur, günahdan doymurlar. Qərarsız insanları yoldan çıxarırlar. Ürəkləri tamahkarlığa alışdırılmış lənətli insanlardır. 15[11] Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar. 16 Bilam işlədiyi günaha görə ifşa olundu: dilsiz-ağızsız eşşək insan səsi ilə danışıb bu peyğəmbəri dəlilik etməkdən çəkindirdi.
17 Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır.[12] 18 Çünki boş və lovğa sözlər söyləyərək səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar. 19 Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olar. 20 Rəbbimiz və Xilaskarımız İsa Məsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar. 21 Çünki salehlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmrdən geri dönməkdənsə bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı. 22[13] Bu doğru məsəllərdə deyilənlər onların öz başına gəldi: «İt öz qusuntusuna qayıdar» və «çimdirilmiş donuz palçıqda ağnamağa qayıdar».
3
redaktəRəbbin günü
1 Sevimlilər, indi bu mənim sizə yazdığım ikinci məktubdur. Hər iki məktubumda təmiz düşüncəli olmağınızı xatırladaraq sizi oyaq edirəm. 2 Müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiyi sözləri və Xilaskarımız Rəbbin həvariləriniz vasitəsilə verdiyi əmri yada salmalısınız. 3[14] Hər şeydən əvvəl bunu bilməlisiniz ki, axır zamanda öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər gələcək və rişxəndlə 4 deyəcəklər: «Rəbbin vəd etdiyi zühuru haradadır? Axı ata-babalarımız vəfat edəndən bəri, yaradılışın başlanğıcından hər şey eyni cür olaraq qalır». 5[15] Onlar qəsdən unutmuşlar ki, Allahın kəlamı ilə göylər qədimdən bəri mövcuddur, quru da sudan ayrılaraq su vasitəsilə yarandı. 6[16] Yenə də su ilə, yəni daşqınla o dövrkü dünya məhv oldu. 7 İndiki yer və göylər isə həmin kəlamla oda təslim olmaq üçün təyin olunub, allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır.
8[17] Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir. 9 Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir. 10[18] Rəbbin günü isə oğru[19] kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq.[20]
11 Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız. 12 Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək. 13[21] Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik.
Öyüd-nəsihətlər
14 Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin. 15 Sevimli qardaşımız Paulun da ona bəxş edilmiş müdrikliklə sizə yazdığı kimi, Rəbbimizin səbrini də xilas fürsəti kimi sayın. 16 Paul bütün məktublarında bu mövzulara eyni cür toxunur. Məktublarında çətin başa düşülən bəzi işlər var; cahillər və qərarsızlar digər Müqəddəs Yazılar kimi bunların da mənasını təhrif edərək öz həlaklarına səbəb olurlar.
17 Beləliklə, siz, ey sevimlilər, bunu əvvəlcədən bilib pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın və sabit vəziyyətinizdən ayrılmayasınız deyə özünüzü qoruyun. 18 Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun! Amin.
Qeydlər
redaktə- ↑ Yəh. 21:18
- ↑ Mat. 17:1-5; Mark 9:2-7; Luka 9:28-35
- ↑ İnsanlar Allahdan gələn sözləri söylədi – bəzi əlyazmalarda Allahın müqəddəs insanları danışırdılar.
- ↑ Qiyamət gününə – hərfi tərcümədə mühakiməyə.
- ↑ Cəhənnəmə ataraq zülmətdə buxovladı – bəzi əlyazmalarda cəhənnəmin qaranlıq çuxurlarına atdı.
- ↑ Yar. 6:1-7:24
- ↑ Yar. 19:24
- ↑ Gələcəkdə olan allahsız adamlara – bəzi əlyazmalarda allahsız adamların başına gələcək şeylər haqqında.
- ↑ Yar. 19:1-16
- ↑ Qiyamət gününə – hərfi tərcümədə mühakimə gününə.
- ↑ Say. 22:4-35
- ↑ Saxlayır – bəzi əlyazmalarda əbədi saxlayır.
- ↑ Sül. 26:11
- ↑ Yəhd. 18
- ↑ Yar. 1:6-9
- ↑ Yar. 7:11-12
- ↑ Zəb. 90:4
- ↑ Mat. 24:43; Luka 12:39; 1Sal. 5:2; Vəhy 16:15
- ↑ Oğru – bəzi əlyazmalarda gecə gələn oğru.
- ↑ İfşa olunacaq – bəzi əlyazmalarda yanıb yox olacaq.
- ↑ Yeşua 65:17; 66:22; Vəhy 21:1