Bibliya/Hakimlər Kitabı
←Yeşua Peyğəmbərin Kitabı | Bibliya Hakimlər kitabı |
Rut Kitabı→ |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | Qeydlər |
«Hakimlər» Kitabı İsrail tarixində Kənan torpağının zəbt olunması və padşahlığın əsasının qoyulması arasındakı dövrü təsvir edir. Bu, qanunsuzluq dövrü idi. Kitabın əsas ideyası budur: «O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi» (17:6, 21:25).
Burada yazılan hekayələr «hakimlər» adlanan milli qəhrəmanların rəşadətindən bəhs edir. Əslində onların əksəri hakimlərdən çox hərbi başçı idi. Kitabın verdiyi ibrət dərsi budur ki, İsrailin varlığı Allaha sadiqliyindən asılı idi, çünki onların vəfasızlığı başlarına bəla gətirirdi. Amma ən vacib şey odur ki, İsrail xalqı Allaha vəfasız olub üzərinə bəla gətirsə də, onlar Allaha tərəf dönüb tövbə etdikdə O Öz xalqını xilas etməyə həmişə hazır idi.
Kitabın məzmunu:
- 1:1-2:10 Yeşuanın ölümünə qədər baş verən hadisələr
- 2:11-3:6 İsrail Rəbdən üz döndərir
- 3:7-16:31 İsrailin hakimləri
- 3:7-31 Otniel, Ehud, Şamqar
- 4:1-5:3 Devora və Baraq
- 6:1-8:35 Gideon
- 9:1-57 Avimelek
- 10:1-12:7 Tola, Yair, İftah
- 12:8-15 İvsan, Elon və Avdon
- 13:1-16:31 Şimşon
- 17:1-21:25 Müxtəlif hadisələr
1
redaktəYerusəlimin alınması
1 Yeşuanın ölümündən sonra İsrail övladları Rəbdən soruşdu: «Bizim üçün Kənanlılara qarşı döyüşə birinci kim çıxacaq?» 2 Rəbb dedi: «Yəhudalılar çıxacaq, budur, Mən torpağı onlara təslim edirəm».
3 Yəhudalılar soydaşları Şimeonlulara dedi: «Torpağın bizə düşən hissəsinə gəlin, Kənanlılara qarşı vuruşmaq üçün bizimlə döyüşə çıxın. Sonra da torpağın sizə düşən hissəsinə gəlib sizinlə bərabər biz döyüşə çıxarıq». 4 Yəhudalılar döyüşə çıxdı. Rəbb Kənanlılarla Perizliləri onlara təslim etdi və Yəhudalılar Bezeqdə onlardan on min nəfər adamı qırdı. 5 Bezeqdə Adoni-Bezeqi tapıb vuruşdular və həm Kənanlıları, həm də Perizliləri qırdılar. 6 Lakin Adoni-Bezeq qaçdı və Yəhudalılar onun ardınca qaçıb əllərinin və ayaqlarının baş barmaqlarını kəsdilər. 7 Adoni-Bezeq dedi: «Mənim masamın altında yetmiş padşah əl və ayaqlarının baş barmaqları kəsilmiş halda çörək qırıntıları dənləyirdi. Mən necə etmişdimsə, Allah da mənə əvəzini elə verdi». Yəhudalılar Adoni-Bezeqi Yerusəlimə gətirdi və o orada öldü.
8 Yəhuda övladları Yerusəlimə hücum edib vuruşdu və oranı alıb əhalisini qılıncdan keçirdilər. Şəhərə isə od vurub yandırdılar. 9 Bundan sonra Yəhuda övladları dağlıq bölgədə, Negevdə və yamaclı-düzənlikli bölgədə yaşayan Kənanlılara qarşı vuruşmaq üçün endilər. 10[1] Əvvəlki adı Qiryat-Arba olan Xevronda yaşayan Kənanlılara qarşı yürüş edib Şeşayı, Aximanı və Talmayı məğlub etdilər.
11 Oradan da əvvəlki adı Qiryat-Sefer olan Devir əhalisinə qarşı yürüş etdilər. 12 Kalev dedi: «Kim Qiryat-Seferə hücum edib oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm». 13 Oranı Kalevin kiçik qardaşı Kenazın oğlu Otniel aldı. Kalev qızı Aksanı arvad olaraq ona verdi. 14 Qız Otnielə ərə gedəndə ərini atasından bir tarla yeri istəməyə sövq etdi. Qız eşşəkdən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?» 15 Aksa Kalevə dedi: «Mənə bir pay da ver. Madam ki mənə Negev torpağını verdin, onda su qaynaqlarını da ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
16 Musanın Qenli qayınatasının nəslindən olanlar Yəhudalılarla birgə Xurma şəhərindən[2] çıxaraq Aradın cənubunda olan Yəhuda səhrasında xalqın arasında məskunlaşdılar. 17 Yəhudalılar soydaşları Şimeonlularla birgə gedib Sefatda qalan Kənanlıları qıraraq tamamilə məhv etdilər. O şəhərin adı Xorma[3] adlandırıldı. 18 Yəhudalılar Qəzzəni və bütün ərazisini, Aşqelonu və bütün ərazisini, Eqronu və bütün ərazisini aldılar. 19 Rəbb Yəhudalılarla idi. Yəhudalılar dağlıq bölgəsini ələ keçirdilər. Vadi sakinlərini isə qova bilmədilər, çünki onların dəmir döyüş arabaları var idi. 20 Musanın söylədiyi kimi Xevronu Kalevə verdilər. O da Anaqın üç oğlunu oradan qovdu. 21[4] Lakin Binyamin övladları Yerusəlimdə qalan Yevusluları qovmadılar və Yevuslular bu günə qədər Binyamin övladları ilə birgə Yerusəlimdə yaşayırlar.
22 Yusif nəsli də Bet-Elə hücum etdi və Rəbb onlarla idi. 23 Yusif nəsli Bet-Elə kəşfiyyata adamlar göndərdi. Şəhərin əvvəlki adı Luz idi. 24 Kəşfiyyatçılar şəhərdən çıxan bir adamı görüb dedilər: «Rica edirik, bizə şəhərə girmək üçün yol göstərəsiniz və biz də sizinlə yaxşı rəftar edərik». 25 Bu adam onlara şəhərə girmək üçün yol göstərdi. Onlar şəhərə girib əhalisini qılıncdan keçirdilər, lakin həmin adama və qohumlarına dəymədilər. 26 Bu adam Xetlilərin torpağına getdi və orada bir şəhər salıb adını Luz qoydu. Oranın bu günə qədər adı belədir.
27[5] Menaşşe qəbiləsi Bet-Şeanla qəsəbələrinin əhalisini, Taanakla qəsəbələrinin əhalisini, Dorla qəsəbələrinin əhalisini, İvleamla qəsəbələrinin əhalisini və Megiddo ilə qəsəbələrinin əhalisini qovmadı. Kənanlılar bu ölkədə qalmaq iddiasını etdi. 28 İsraillilər bu torpaqlarda möhkəmlənəndə Kənanlıların üzərinə mükəlləfiyyət qoydular, amma tamamilə qovmadılar.
29[6] Efrayim qəbiləsi Gezerdə olan Kənanlıları qovmadı. Bununla da Kənanlılar Gezerdə – onların arasında yaşadı.
30 Zevulun qəbiləsi Qitron əhalisini və Nahalol əhalisini qovmadı. Kənanlılar da onların arasında qalıb mükəlləfiyyətçi oldular.
31 Aşer qəbiləsi Akko əhalisini, Sidon, Axlav, Akziv, Xelba, Afeq və Rexov əhalisini qovmadı. 32 Aşerlilər bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı və onları qovmadı.
33 Naftali qəbiləsi Bet-Şemeş və Bet-Anat əhalisini qovmadı, bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı. Bet-Şemeş və Bet-Anat əhalisi onlar üçün mükəlləfiyyətçi oldu.
34 Emorlular Dan övladlarını dağlıq bölgəsinə köçməyə vadar etdi və onları vadiyə düşməyə qoymadı. 35 Emorlular Har-Xeresdə, Ayyalonda və Şaalvimdə qalıb orada yaşadı. Ancaq Yusif nəsli qüvvətlənəndə Emorlular onlar üçün mükəlləfiyyətçi oldu. 36 Emorluların sərhədi Aqrabbim keçidindən – Seladan yuxarıya uzanırdı.
2
redaktəİsrailin sədaqətsizliyi
1 Rəbbin mələyi Qilqaldan Bokimə çıxdı və dedi: «Sizi Mən Misirdən çıxararaq atalarınıza vəd etdiyim torpağa gətirib dedim ki, sizinlə olan əhdimi heç vaxt pozmayacağam. 2[7] Siz isə bu torpağın əhalisi ilə əhd bağlamayın və onların qurbangahlarını dağıdın. Lakin siz Mənim sözümə qulaq asmadınız. Niyə belə etdiniz? 3 Buna görə də Mən deyirəm: onları qarşınızdan qovmayacağam və onlar sizə əngəl, allahları isə sizə tələ olacaq». 4 Rəbbin mələyi bu sözləri İsrail övladlarına söylədiyi zaman xalq bərkdən ağlamağa başladı. 5 Ona görə də o yerin adına Bokim[8] dedilər və orada Rəbbə qurban təqdim etdilər.
Yeşuanın ölümü
6 Yeşua xalqı yola salan zaman İsrail övladlarından hər biri öz torpaq paylarına sahib olmaq üçün getdi. 7 Yeşuanın bütün ömrü boyu Rəbbin İsrail üçün etdiyi bütün böyük işləri görən və Yeşuadan sonra sağ qalan ağsaqqalların bütün ömrü boyunca xalq Rəbbə qulluq etdi. 8 Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi. 9[9] Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsində olan Timnat-Xeres adlı irs olan torpaq sahəsində dəfn etdilər. 10 Yeşua ilə bir dövrdə yaşayan bütün nəsil də ölüb atalarına qovuşdu. Bundan sonra Rəbbin İsrail üçün etdiyi işləri bilməyən başqa bir nəsil törədi.
11 İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər. 12 Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara – ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər. Buna görə də Rəbbi qəzəbləndirdilər. 13 Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər. 14 Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim etdi. Basqınçılar da onları talan etdilər. Rəbb onları ətraflarındakı düşmənlərə verdi. İsrail övladları isə düşmən qabağında tab gətirə bilmədilər. 15 Harada döyüşdülərsə, Rəbbin onlara dediyi və and içdiyi kimi Rəbbin əli onların əleyhinə qalxdı. Bundan İsraillilər pis vəziyyətə düşüb çox əziyyət çəkdilər.
16 Rəbb İsrail övladlarını talançıların əlindən qurtarmaq üçün hakimlər yetirdi. 17 Lakin onlar hakimlərə də qulaq asmadılar. Başqa allahlara sitayiş etməklə Rəbbə xəyanət etdilər. Rəbbin əmrlərinə itaət edən atalarına bənzəmədilər və tezliklə ata-babaları gedən yoldan azdılar. 18 Rəbb onlar üçün hakimlər yetirdi və Özü də hakimlərlə oldu. Hakimlərin ömrü boyunca Rəbb İsrailliləri düşmənlərin əlindən qurtarırdı. Ona görə ki onları əzənlərin və sıxışdıranların üzündən nalə çəkdikləri zaman Rəbbin xalqa rəhmi gəlirdi. 19 Hər hansı hakim öləndən sonra xalq yenə başqa allahlara sitayiş etməklə, onlara qulluq edib səcdə etməklə atalarından daha betər olurdu. Onlar bu əməllərindən, bu inadkarlıqlarından əl çəkmədi. 20 Ona görə də Rəbbin İsraillilərə qarşı qəzəbi alovlandı və dedi: «Madam ki bu millət Mənim atalarına əmr etdiyim əhdi pozub sözümə qulaq asmadı, 21 Mən də Yeşua vəfat edəndə bu torpaqlarda saxladığı millətlərin heç birini daha onların qarşısından qovmayacağam. 22 Ataları kimi bu yolla gedib-getməyəcəklərini görmək üçün İsrailliləri bu millətlər vasitəsilə sınaqdan keçirəcəyəm». 23 Rəbb bu millətlərin həmin torpaqlarda qalmasına izin verdi. Onları Yeşuaya təslim etməyərək dərhal qovmadı.
3
redaktəKənan torpağında qalan millətlər
1 Rəbb Kənan döyüşlərindən heç birini görməyən İsrailliləri sınamaq istədi. 2 İsrail övladlarının nəsillərindən əvvəldən döyüşə bilməyənlərin hamısına döyüş təlimi vermək üçün Rəbbin ölkədə saxladığı millətlər bunlar idi: 3 Beş Filişt ağası, bütün Kənanlılar və Sidonlular, eləcə də Baal-Xermon dağından Xamat keçidinə qədər Livan dağlarında yaşayan Xivlilər. 4 Onları orada Rəbb ona görə saxladı ki, İsrailliləri sınasın və Musa vasitəsilə atalarına verdiyi əmrlərə necə itaət edib-etməyəcəklərini öyrənsin. 5 Beləliklə, İsrail övladları Kənanlılar, Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular arasında yaşadı. 6 İsrail övladları onların qızlarından özlərinə arvad aldı, öz qızlarını da onların oğullarına verdi və onların allahlarına sitayiş etdi.
Birinci hakim Otniel
7 Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar özlərinin Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər. 8 Ona görə də Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı və onları Aram-Naharayim padşahı Kuşan-Rişatayimə təslim etdi. İsrail övladları səkkiz il Kuşan-Rişatayimə tabe oldu. 9 İsrail övladları Rəbbə fəryad edəndə Rəbb də onlar üçün bir xilaskar yetirdi. Xilaskar Kalevin kiçik qardaşı olan Qenazın oğlu Otniel idi. O, İsrail övladlarını əsarətdən xilas etdi. 10 Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu. 11 O dövrdə ölkə qırx il rahat yaşadı. Sonra Qenazın oğlu Otniel öldü.
Ehudun hakimliyi
12 İsrail övladları yenə də Rəbbin gözündə pis olan işləri gördülər. Rəbb də Moav padşahı Eqlonu İsraillilərə qarşı qaldıraraq qüvvətləndirdi. Çünki onlar Rəbbin gözündə pis olan işləri görmüşdülər. 13 Moav padşahı Eqlon Ammon və Amaleq övladlarını öz yanına toplayaraq İsrailliləri məğlub edib Xurma şəhərini aldı. 14 Beləliklə, İsrail övladları Moav padşahı Eqlona on səkkiz il tabe oldu.
15 Lakin İsrail övladları Rəbbə fəryad edəndə Rəbb Binyaminli Geranın oğlu solaxay Ehudu bir xilaskar kimi onlara yetirdi. İsrail övladları Moav padşahı Eqlona Ehud vasitəsilə xərac göndərdi. 16 Ehud özünə uzunluğu bir qulac olan ikiağızlı xəncər düzəltdi və onu paltarının altında sağ buduna bağladı. 17 Ehud xəracı Moav padşahı Eqlona təqdim etdi. Eqlon isə çox tosqun adam idi. 18 Ehud xərac təqdimini bitirəndən sonra hədiyyə gətirən adamları geri göndərdi. 19 Amma özü Qilqalın yaxınlığındakı daş bütlərin yanından geriyə qayıdıb padşaha dedi: «Ey padşah, sənə gizli sözüm var». Padşah «sus» dedi. Onda yanında dayanan adamların hamısı eşiyə çıxdılar.
20 Ehud onun yanına gəldi. Padşah üst mərtəbədəki sərin otağında tənha qalırdı. Ehud ona dedi: «Allahdan sənə bir sözüm var». Padşah kürsüsündən qalxdı. 21 Ehud isə sol əlini uzadıb sağ buduna bağladığı xəncəri çıxarıb padşahın qarnına soxdu. 22 Xəncəri elə bərk vurmuşdu ki, tiyənin ardınca qəbzəsi də onun qarnına girmişdi və bağırsaqları yerə tökülmüşdü. Xəncərin tiyəsini isə piy tutmuşdu, çünki Ehud xəncəri padşahın qarnından çıxarmamışdı. 23 Ehud eyvana çıxıb arxasınca yuxarıdakı otağın qapılarını örtüb qıfılladı.
24 O çıxanda padşahın qulları gəlib baxdılar. Yuxarı otağın qapısını qıfıllı görəndə dedilər: «Yəqin padşah yuxarı otaqda ayaqyoluna gedir». 25 Padşahı gözlədilər, lakin otağın qapısını açan olmadığına görə nigaran qaldılar. Sonra açar götürüb qapıları açanda gördülər ki, ağalarının meyiti yerə sərilib.
26 Onlar padşahı gözləyən zaman Ehud artıq aradan çıxmış və daş bütlərin yanından keçib Seiraya qaçmışdı. 27 O, İsrailə çatan kimi Efrayimin dağlıq bölgəsində şeypur çaldı və İsrail övladları onunla birgə dağlıq yerdən aşağı düşdülər. Ehud onların qabağında gedirdi. 28 Ehud İsraillilərə dedi: «Ardımca gəlin, çünki Rəbb düşmənimiz olan Moavlıları sizə təslim etdi». İsrail övladları da Ehudun ardınca enib Moavlılara qarşı bütün İordan çayının keçidlərini bağladılar ki, heç kim keçə bilməsin. 29 O zamankı döyüşdə Moavlılardan on min nəfərə qədər qırıldı. Onların da hər biri qüvvətli bir igid idi və heç kim canını qurtara bilmədi. 30 Həmin gün Moav ölkəsi İsraillilərə tabe oldu və İsrail ölkəsi səksən il rahat yaşadı.
Şamqarın hakimliyi
31 Bundan sonra Anat oğlu Şamqar hakim oldu və o, altı yüz Filiştlini öküz payası ilə qıraraq İsraili xilas etdi.
4
redaktəDevora və Baraqın İsraili xilas etməsi
1 Ehud öləndən sonra İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər gördülər. 2 Buna görə də Rəbb onları Xasorda padşahlıq edən Kənan padşahı Yavinə təslim etdi. Yavinin ordu başçısı Sisra idi. O, Xaroşet-Haqqoyimdə yaşayırdı. 3 İsrail övladları Rəbbə fəryad etdilər, çünki doqquz yüz dəmir döyüş arabasına malik olan Yavin iyirmi il idi ki, İsrail övladlarına zülm edib əziyyət verirdi.
4 O vaxtlar Lappidotun arvadı peyğəmbər Devora İsraildə hakimlik edirdi. 5 Bu qadın Efrayimin dağlıq bölgəsində Rama ilə Bet-El arasında olan Devoranın xurma ağacı altında yaşayırdı. İsrail övladları da hökm çıxarmaq üçün onun yanına qalxırdılar. 6 Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan. 7 Mən də Yavinin ordu başçısı Sisranı və onun döyüş arabaları ilə əsgərlərini yolundan döndərib Qişon çayına – sənin yanına gətirəcəyəm və sənə təslim edəcəyəm». 8 Baraq Devoraya dedi: «Əgər sən mənimlə bərabər getsən, mən də gedəcəyəm, yox, əgər mənimlə bir getməsən, mən də getməyəcəyəm». 9 Devora dedi: «Mən mütləq səninlə bir gedəcəyəm, amma bunu da bil ki, getdiyin yolun şöhrəti sənin olmayacaq, çünki Rəbb Sisranı bir qadına təslim edəcək». Devora ayağa qalxdı və Baraqla birgə Qedeşə getdi. 10 Baraq Zevulun və Naftali övladlarını Qedeşə topladı və on min nəfər kişi onun ardınca getdi. Devora da Baraqla birgə yola düşdü.
11 Qenli Xever, Musanın qaynı Xovavın nəslindən olan o biri Qenlilərdən ayrılmışdı. O, Qedeş yaxınlığında, Saanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu.
12 Sisraya xəbər çatdı ki, Avinoam oğlu Baraq Tavor dağına çıxıb. 13 Sisra doqquz yüz dəmir arabadan ibarət bütün döyüş arabalarını və yanındakı bütün xalqı Xaroşet-Haqqoyimdən Qişon çayına topladı. 14 Devora Baraqa dedi: «Qalx, çünki Rəbbin Sisranı təslim etdiyi gün bu gündür. Sənin qarşında gedən Rəbb deyilmi?» Baraq da arxasınca gələn on min nəfər kişi ilə birgə Tavor dağından endi. 15 Rəbb Sisranı və bütün döyüş arabaları ilə ordusunu Baraqın qarşısında qılıncdan keçirərək məğlub etdi. Sisra isə öz döyüş arabasından düşüb qaçdı. 16 Baraq Xaroşet-Haqqoyimə qədər onların döyüş arabaları ilə ordusunu qovdu. Sisranın bütün ordusu qılıncdan keçirildi və heç kim sağ qalmadı.
17 Sisra Qenli Xeverin arvadı Yaelin çadırına qaçdı, çünki Xasor padşahı Yavinlə Qenli Xever arasında sülh var idi. 18 Yael Sisranı qarşılamaq üçün bayıra çıxıb dedi: «Gəl içəri, ağam, qorxma, bizə gəl». Sisra onun çadırına girdi və qadın onun üstünü kilimlə örtdü. 19 Sisra qadına dedi: «Susamışam, rica edirəm, mənə bir içim su ver». Qadın süd tuluğunu açıb ona süd içirtdi və üstünü örtdü. 20 Sisra qadına dedi: «Çadırın qapısında dayan, əgər bir adam gəlib səndən “Burada kimsə varmı?” deyə soruşsa, deyərsən ki, yox». 21 Lakin Xeverin arvadı Yael əlinə bir çadır payası və bir də toxmaq götürüb yavaş-yavaş ona yaxınlaşdı. Sisra isə çox yorulduğundan dərin yuxuya getmişdi. Yael çadır payasını onun gicgahına zərblə elə vurdu ki, paya onun başından keçib yerə girdi və Sisra belə öldürüldü. 22 Bu vaxt Baraq Sisranın izinə düşmüşdü. Yael onun qarşısına çıxıb dedi: «Gəl, axtardığın adamı sənə göstərim». O, Yaellə birgə çadıra girəndə gördü ki, Sisra gicgahında paya ölüb yerə sərilmişdir.
23 Beləcə o gün Allah Kənan padşahı Yavini İsrail övladlarına tabe etdi. 24 İsrail övladlarının əli Kənan padşahı Yavinə qarşı get-gedə qüvvətləndi və axırda Kənan padşahı Yavini məhv etdi.
5
redaktəDevora ilə Baraqın ilahisi
1 Həmin gün Devora və Avinoam oğlu Baraq bu ilahini oxudular:
2 Başçılar İsraildə rəhbərlik edəndə,
Xalq özünü könüllü təqdim edəndə
Rəbbə alqış edin!
3 Dinləyin, ey padşahlar! Qulaq asın, əmirlər!
Mən Rəbbi tərənnüm edəcəyəm,
İsrailin Allahı Rəbbə nəğmə söyləyəcəyəm!
4[10] Ya Rəbb, Sən Seirdən çıxarkən,
Edom çölündən keçərkən
Yer titrədi, göylər damdı.
Bəli, buludlardan sular axdı.
5 Sina dağına sahib olan Rəbbin qarşısında,
İsrailin Allahı Rəbbin qarşısında
Dağlar titrədi.
6 Anat oğlu Şamqar zamanında,
Həm də Yael zamanında
Karvanlar buraya gəlişini kəsdi,
Səyyahlar dolanbac yollarla getdi.
7 Mən Devora ayağa qalxanadək,
İsraildə ana kimi meydana çıxanadək
İsraildə kəndlilər artıq yaşamırdı.
8 İsraillilər yeni allahlar seçərkən
Döyüşlər darvazalardan keçdi.
O zaman qırx min İsraillinin əlində
Nə nizə, nə də ki qalxan göründü.
9 Mənim könlüm İsrailə hökm edənlərlədir,
Xalq içində özünü könüllü təqdim edənlərlədir.
Rəbbə alqış edin!
10 Bu nəğməni söyləyin, ey ağappaq eşşəklərə minənlər,
Ey əlvan xalılar üstündə əyləşənlər,
Ey bütün yoldan keçənlər!
11 Oxatanların səs-küyündən uzaqda,
Su çəkənlər arasında –
Orada Rəbbin zəfərlərindən,
İsraildəki igidlərin zəfərlərindən nəql ediləcək.
O zaman Rəbbin xalqı darvazalara endi.
12 Oyan, ey Devora, oyan!
Oyan, ilahi oxu, oyan!
Ayağa qalx, ey Baraq!
Sən, ey Avinoam oğlu, gəl əsirlərini apar!
13 O zaman sağ qalanlar əyanların yanına endi.
Rəbbin xalqı cəngavər tək yanıma endi.
14 Amaleq soyundan olanlar Efrayimdən gəldi,
Sənin ardınca gələn xalq arasında Binyamin də var idi.
Makirdən əmirlər,
Zevulundan sərkərdə əsasını daşıyanlar gəldilər.
15 İssakardakı ağalar Devora ilə gəldilər.
İssakar necədirsə, Baraq da elə idi,
Onun ardınca vadiyə hücum çəkirdilər.
Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı.
16 Çobanların sürülərinə çaldığı tütək səsini dinləmək üçün
Niyə ağıllar arasında qaldınız?
Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı.
17 Gilead xalqı İordan çayının o tayında qaldı.
Bəs niyə Dan gəmilərin yanında sakin oldu?
Aşer dənizlərin sahilində qaldı,
Öz limanlarında məskən saldı.
18 Döyüş meydanının yüksək yerlərində, Zevulunla Naftali
Canlarını ölüm təhlükəsinə atan bir xalq oldu.
19 O zaman padşahlar gəlib vuruşdular.
Taanakda, Megiddo suları kənarında
Kənan padşahları vuruşdular.
Nə gümüş, nə də qənimət alan oldu.
20 Ulduzlar göydən döyüşdü,
Sisraya qarşı öz dövrəsində döyüşdülər.
21 Düşmənləri Qişon çayı apardı,
Qişon çayı coşub-daşandı.
Ey canım, sən qüvvətlə irəli get!
22 O zaman at dırnaqları vurdu o yerə damğalar,
Dördnala, dördnala qaçarkən köhlən atlar.
23 Rəbbin mələyi dedi: «Meroza lənət edin,
Onun xalqına ağır lənət söyləyin.
Çünki Rəbbin köməyinə,
Cəngavərlərə qarşı Rəbbin köməyinə gəlmədilər».
24 Qenli Xeverin arvadı Yael
Qadınlar arasında hamıdan artıq xeyir-dua alsın,
Çadırda yaşayan qadınlardan daha bəxtiyar olsun!
25 Su istəyəndə Sisra
Yael ona süd verdi.
Ağalara layiq bir camda ayran verdi.
26 Sol əlinə payanı,
Sağ əlinə isə işçi toxmağını götürdü,
Onlarla Sisranı vurdu, başını əzdi.
Sındırıb gicgahlarını, deşib yerə keçirtdi.
27 O yıxılıb ayaqlar altına sərildi,
Yerə döşəndi,
O yıxılıb ayaqlar altına sərildi,
Yıxıldığı yerə sərilib öldü.
28 Sisranın anası məhəccər arxasından,
Pəncərədən nigaran-nigaran baxıb çığırdı:
«Nə üçün onun döyüş arabası bu qədər gecikir?
Döyüş arabalarının səsi axı niyə ləngiyir?»
29 Müdrik əsilzadə xanımlar ona cavab verirdi,
O da öz-özünə təkrar-təkrar deyirdi:
30 «Bəlkə qənimət malını tapıb bölüşdürürlər,
Yəqin ki hər igidə bir-iki qız düşür.
Sisraya talan malından düşür əlvan geyimlər,
Bəli, talan malından naxışlı əlvan geyimlər.
Qarət etdiklərinin içindən tapıb bölüşdürdülər,
Talançıların boyunları üçün
İki tərəfdən əlvan naxışlı geyimlər».
31 Ya Rəbb, bütün düşmənlərin belə yox olur.
Amma səni sevənlər qüdrəti ilə doğan günəş kimi olur!
Bundan sonra ölkə qırx il rahat yaşadı.
6
redaktəRəbbin Gideona çağırışı
1 İsrail övladları yenə də Rəbbin gözündə pis işlər gördülər və Rəbb də onları yeddi il Midyanlılara təslim etdi. 2 Midyanlıların güclü əli İsraillilərin əleyhinə qalxdı və Midyanlıların üzündən İsrail övladları özləri üçün dağlarda sığınacaq yerləri, mağaralar və qalalar qurdular. 3 İsraillilər əkin əkəndə Midyanlılar, Amaleqlilər və şərq xalqları gəlib İsrailə hücum edirdi. 4 İsraildə ordugah quraraq Qəzzəyə çatana qədər torpağın məhsullarını məhv edirdilər. İstər qoyun, istər öküz, istərsə də eşşək olsun, İsraillilərə dolanmaq üçün heç nə qoymazdılar. 5 Çünki onlar öz heyvanları və çadırları ilə çıxırdılar. Gələndə isə çəyirtkə kimi o qədər çox gəlirdilər ki, nə özlərinin, nə də dəvələrinin sayı-hesabı olmazdı. Onlar İsraili viran qoymaq üçün gəlirdilər. 6 İsraillilər Midyanlıların əlindən çox yoxsullaşdı. Ona görə də İsrail övladları Rəbbə fəryad qopardı.
7 Midyanlıların əlindən İsrail övladları Rəbbə fəryad edəndə 8 Rəbb İsrail övladlarına bir peyğəmbər göndərdi. O, İsraillilərə belə dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Mən sizi Misirdən çıxardaraq köləlik diyarından qurtardım. 9 Sizi Misirlilərin və bütün zülmkarların əlindən azad edərək onları qarşınızdan qovdum və torpaqlarını sizə verdim. 10 Sizə dedim ki, Allahınız Rəbb Mənəm, torpağında yaşadığınız Emorluların allahlarına sitayiş etməyin. Siz isə Mənim sözümə qulaq asmadınız”».
11 Rəbbin mələyi gəlib Aviezerli Yoaşın Ofra şəhərindəki palıd ağacının altında durdu. Yoaş oğlu Gideon üzüm sıxılan yerdə Midyanlılardan gizlətdiyi taxılı döyürdü. 12 Rəbbin mələyi ona görünüb dedi: «Ey cəsur cəngavər, Rəbb səninlədir». 13 Gideon dedi: «Ah mənim ağam, əgər Rəbb bizimlədirsə, bəs bütün bu işlər başımıza niyə gəldi? Atalarımız “Rəbb bizi Misirdən çıxarmadımı?” deyərək danışdıqları bütün möcüzələr görəsən indi harada qaldı? İndi Rəbb bizi atmışdır, ona görə də bizi Midyanlılara təslim edib». 14 Rəbb ona tərəf çevrilib dedi: «Bu qüvvətinlə get, İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?» 15 Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm». 16 Rəbb ona dedi: «Mən mütləq səninlə olacağam və sən də Midyanlıların hamısını bir nəfər kimi qıracaqsan». 17 Gideon dedi: «Əgər indi Sənin gözündə lütf tapmışamsa, mənə bir əlamət göstər, bilim ki, mənimlə danışan Rəbdir. 18 Rica edirəm, mən sənin yanına qurbanımı gətirib təqdim edənə qədər buradan getmə». Rəbb Gideona dedi: «Sən geri qayıdana qədər Mən burada gözləyirəm».
19 Gideon içəri girdi. Bir oğlaq kəsib bir efa undan mayasız çörəklər bişirdi və əti səbətə qoydu, ətin suyunu isə qazana tökdü. Sonra onları palıd ağacının altına – Rəbbin yanına gətirib Ona təqdim etdi. 20 Allahın mələyi ona dedi: «Əti və mayasız çörəkləri götür, bu qayanın üstünə qoy və ətin suyunu da oraya tök». Gideon belə də etdi. 21 Rəbbin mələyi əlində olan əsanın ucunu oraya uzadıb ətlə mayasız çörəklərə toxunanda qayadan alov çıxdı və ətlə mayasız çörəkləri udub yox etdi. Sonra Rəbbin mələyi onun gözü önündəcə qeyb oldu. 22 Gideon Onun Rəbbin mələyi olduğunu anlayıb dedi: «Ay aman, ya Xudavənd Rəbb! Mən Sənin mələyinin sifətini gördüm». 23 Rəbb ona dedi: «Salamat qal, qorxma, ölməyəcəksən». 24 Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom[11] qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.
25 Həmin gecə Rəbb Gideona dedi: «Get, atanın ikinci yeddiillik buğasını götür. Sonra get, atanın Baal bütünə düzəltdiyi qurbangahı dağıt və yanındakı Aşera bütünü kəs. 26 Bu təpənin başında Allahın Rəbbə layiq qurbangah düzəlt. Sonra kəsdiyin Aşeranın ağac bütünə od vuraraq götürdüyün ikinci buğanı yandırma qurbanı olaraq təqdim et». 27 Gideon qulluqçularından on nəfəri özü ilə götürüb Rəbbin tapşırdığı kimi etdi. Lakin atasının ev xalqından və şəhər sakinlərindən qorxduğu üçün işi gündüz deyil, gecə etdi.
28 Şəhər sakinləri səhər tezdən qalxıb gördülər ki, Baal qurbangahı tamamilə dağıdılıb və yanındakı Aşera bütü kəsilib. Qurulan yeni qurbangah üzərində isə ikinci buğa yandırma qurbanı olaraq təqdim olunub. 29 Adamlar bunu görüb bir-birlərinə dedilər: «Görəsən bu işi kim görüb?» Onlar bunu araşdırandan sonra bildilər ki, bu işi görən Yoaşın oğlu Gideondur. 30 Şəhər sakinləri Yoaşa dedilər: «Oğlunu buraya gətir ki, öldürülsün. Çünki o, Baalın qurbangahını dağıdıb, yanındakı Aşera bütünü isə kəsib». 31 Yoaş ona qarşı çıxanların hamısına belə dedi: «Bu Baal bütünün əvəzinə sizmi mübarizə aparacaqsınız? Ya sizmi onu qurtaracaqsınız? Baal üçün mübarizə aparan səhərə qədər öləcək. Əgər o, həqiqətən, allahdırsa, onun qurbangahını dağıdan adamla qoy özü mübarizə aparsın». 32 Bundan sonra «qoy Baal onunla özü mübarizə aparsın, çünki o, Baalın qurbangahını dağıdıb» deyərək Gideonun adını Yerub-Baal[12] qoydular.
33 Bu vaxt bütün Midyanlılar, Amaleqlilər və şərq xalqları bir yerə yığılaraq İordan çayını keçib İzreel vadisində ordugah qurdular. 34 Gideonun üzərinə Rəbbin ruhu endi və o, şeypur çalıb Aviezerliləri öz yanına yığdı. 35 O bütün Menaşşeyə qasidlər göndərdi və onları da öz yanına yığdı. Sonra Aşerə, Zevuluna və Naftaliyə qasid göndərdi. Onlar qasidləri qarşılamağa çıxdılar.
36 Gideon Allaha dedi: «Söz verdiyin kimi İsraili mənim əlimlə qurtaracaqsansa, 37 qoy mən xırmanın üstünə qoyundan qırxılan yun qoyum. Əgər şeh yalnız yunu isladarsa, torpaq isə quru qalarsa, onda biləcəyəm ki, Sən dediyin kimi İsraili mənim əlimlə qurtaracaqsan». 38 Belə də oldu. Gideon ertəsi gün tezdən qalxıb yunu sıxdı. Yundan bir kasa dolu su çıxartdı. 39 Sonra Gideon Allaha dedi: «Qoy mənə qarşı qəzəbin alovlanmasın, yenə bir ricam var. Bu yunla bir də bu işi sınamaq istəyirəm. İndi də qoy yalnız bu yun quru qalsın və bütün yer şehlə islanmış olsun». 40 Allah o gecə belə də etdi. Bütün torpaq şehə büründü, qırxılmış yun isə quru qaldı.
7
redaktəGideonun Midyan üzərində qələbəsi
1 Yerub-Baal, yəni Gideon və onunla bərabər bütün xalq tezdən durub Xarod çeşməsinin başında ordugah qurdu. Midyan ordugahı isə onların şimal tərəfində More təpəsinin yanındakı vadidə idi.
2 Rəbb Gideona dedi: «Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmirəm. Çünki İsraillilər Mənim qarşımda “öz əlimlə özümü qurtardım” deyib öyünəcək. 3[13] İndi sən xalqa bunu eşitdirib de: “Kim qorxudan əsirsə, Gilead dağından geri qayıtsın”». Xalqdan iyirmi iki min nəfəri geri qayıtdı, on min nəfəri qaldı.
4 Rəbb Gideona dedi: «Xalqın sayı yenə də çoxdur, onları su kənarına endir və orada adamları sənin üçün ələkdən keçirəcəyəm. “Bu səninlə gedəcək” dediyim adam səninlə gedəcək və “bu səninlə getməyəcək” dediyim bütün adamlar isə getməyəcək». 5 Gideon xalqı su kənarına endirəndə Rəbb ona dedi: «Suyu it kimi dili ilə içənlərin hamısını bir tərəfə, su içmək üçün dizüstə oturanların hamısını isə o biri tərəfə ayırıb yığarsan». 6 Əllərini ağızlarına aparıb suyu dili ilə içənlərin sayı üç yüz nəfər oldu. Lakin xalqın qalan hissəsi su içmək üçün dizüstə yerə oturdu. 7 Rəbb Gideona dedi: «Sizi dili ilə su içən bu üç yüz nəfərlə qurtaracağam və Midyanlıları sənə təslim edəcəyəm. Qoy xalqın qalan hissəsi öz yerinə qayıtsın». 8 Bu üç yüz adam xalqın azuqəsini və şeypurlarını əlindən aldı. Gideon qalan İsraillilərin hamısını bir nəfər kimi öz evlərinə göndərdi və üç yüz nəfəri yanında saxladı. Midyan ordugahı Gideonun olduğu yerin aşağısındakı vadidə idi.
9 O gecə Rəbb ona dedi: «Qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm. 10 Əgər ordugaha enməyə qorxursansa, nökərin Pura ilə bərabər en. 11 Orada sən onların söhbətini eşidəcəksən, onda qüvvət alıb ordugaha enərsən». O zaman Gideon və nökəri Pura ordugahın kənarında olan silahlı adamların yanına endilər. 12 Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı çəyirtkə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı-hesabı yox idi. 13 Gideon gəlib gördü ki, bir nəfər yoldaşına öz yuxusunu danışır və belə deyir: «Bax yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş bir yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı, çadırı vurub yıxaraq alt-üst etdi və çadır yerə sərildi». 14 Yoldaşı ona cavab verdi: «Bu İsrailli Yoaş oğlu Gideonun qılıncından başqa bir şey deyil. Allah Midyanı və bütün ordugahını ona təslim edib».
15 Gideon yuxu danışan adamın hekayəsini və yozumunu eşidəndə Allaha səcdə qıldı və İsrail ordugahına qayıdıb dedi: «Qalxın, çünki Rəbb Midyan ordusunu bizə təslim edib». 16 Yanında olan üç yüz nəfəri üç dəstəyə ayırdı. Hamısının əlinə şeypurlar, boş dolçalar və dolçanın içində məşəllər verdi. 17 Onlara tapşırdı ki, «mənə baxın, mən necə edirəmsə, siz də elə edin. Bax mən ordugahın kənarına çatan zaman nə etsəm, siz də elə edin. 18 Mən və mənimlə bərabər olanların hamısı şeypur çalan kimi siz də ordugahın bütün ətrafında şeypurlarınızı çalın və “Rəbb üçün və Gideon üçün!” deyə bağırın».
19 Gideonla yanında olan yüz nəfər kişi orta növbəsinin başlanğıcında [14] – növbətçilər təzə dəyişən zaman ordugahın kənarına çatdılar. Onlar şeypurlarını çalıb əllərindəki dolçaları qırdılar. 20 Üç dəstə də şeypur çalıb dolçaları qırdı, sol əllərində məşəl, sağ əllərində isə çaldıqları şeypuru tutub «Rəbbin və Gideonun qılıncı!» deyə bağırdılar. 21 Ordugahın ətrafında hamı öz yerində dayandı və bütün Midyan ordusuna vurnuxma düşdü. Onlar bağıra-bağıra qaçdılar. 22 Üç yüz nəfər şeypur çalanda Rəbb düşmən ordugahındakıların qılıncını bir-birinə qarşı qaldırdı. Düşmən ordusu Sereraya doğru – Bet-Şittaya qədər, Tabbatın yanında olan Avel-Mexola sərhədinə qədər qaçdı. 23 Naftalidən, Aşerdən və bütün Menaşşedən çağırılmış İsraillilər Midyanlıları qovdular.
24 Gideon bütün Efrayimin dağlıq bölgəsinə qasid göndərib dedi: «Enin, Midyanlılara hücuma keçin. Onların yolunu kəsmək üçün Bet-Baraya qədər İordan çayının sularını tutun». Bütün Efrayimlilər yığılıb Bet-Baraya qədər İordan çayının sularını tutdular. 25 Sonra iki Midyan başçısı Orevlə Zeevi tutdular. Orevi Orev qayasında, Zeevi isə Zeev üzümsıxanında öldürdülər. Midyanlıları qovdular və İordan çayını keçərək Orevlə Zeevin başlarını Gideona gətirdilər.
8
redaktəEfrayimin qısqanclığı
1 Efrayimlilər Gideona dedilər: «Bu nə işdir başımıza gətirdin? Midyanlılarla döyüşə gedəndə niyə bizi çağırmadın?» Bundan ötrü onunla kəskin mübahisə etdilər. 2 Gideon onlara dedi: «Axı sizin gördüyünüz işlərin yanında indi gördüyüm bu iş nədir ki? Efrayimin üzüm başaqları Aviezerin üzüm bağının məhsullarından yaxşı deyilmi? 3 Midyan başçıları olan, Orevi və Zeevi Allah sizə təslim etdi. Axı sizin gördüyünüz işlərin yanında mən nə edə bilmişəm?» Bunu deyəndən sonra Efrayimlilərin ona olan qəzəbi yatdı.
4 Gideon İordan çayına çatdı, özü və yanındakı üç yüz nəfərlə bərabər çayı keçdilər. Onlar yorulmaqlarına baxmayaraq düşmənləri təqib etməkdə davam edirdilər. 5 O gəlib Sukkot adamlarının yanına çataraq dedi: «Rica edirəm, arxamca gələn adamlara bir parça çörək verin, çünki taqətdən düşüblər. Mən isə Midyan padşahları Zevah və Salmunnanın ardınca qaçıram». 6 Sukkot başçıları ona dedilər: «Zevah və Salmunnanın biləyi indi sənin əlindədir ki, sənin döyüşçülərinə çörək verək?» 7 Gideon onlara dedi: «Elə buna görə sizə deyirəm ki, Rəbb Zevah və Salmunnanı mənə təslim edəndə çölün tikanları və kolları ilə ətinizi didəcəyəm». 8 Oradan gəlib Penuelə çıxdı və oradakılardan da eyni şeyi istədi. Sukkot sakinləri necə ona cavab vermişdilərsə, Penuel sakinləri də ona elə cavab verdilər. 9 Gideon Penuel sakinlərinə isə belə dedi: «Sağ-salamat geriyə qayıtdığım zaman bu qülləni dağıdacağam».
10 Zevahla Salmunna və bütün şərq xalqlarının ordusundan sağ qalan təxminən on beş min nəfərlik bir ordu Qarqorda idi. Onların ordusundan yüz iyirmi min qılınc gəzdirən adam yerə sərilmişdi. 11 Gideon Novah və Yoqbohanın şərqindən – köçərilərin yolundan keçərək laqeyd dayanan düşmən ordugahına hücum etdi. 12 Zevah və Salmunna qaçdı. Gideon isə onları təqib etdi. O, Midyanın iki padşahı Zevahla Salmunnanı tutub bütün ordunu məğlub etdi.
13 Yoaş oğlu Gideon Xeres keçidi ilə döyüşdən qayıtdı. 14 Sukkot sakinlərindən bir cavanı tutub ondan söz aldı. O da ona Sukkot başçısı olan yetmiş yeddi ağsaqqalın adını yazıb verdi. 15 Gideon Sukkot sakinlərinin yanına gəlib dedi: «“Zevah və Salmunnanın biləyi sənin əlindədir ki, sənin yorğun adamlarına çörək verək?” deyərək məni ələ salırdınız. Budur, bu da Zevah və Salmunna!» 16 Sonra o, şəhər ağsaqqallarını topladı və Sukkot sakinlərini çöl tikanları və kollarla döyərək tənbeh etdi. 17 Bundan sonra da gəlib Penuel qülləsini dağıtdı və şəhərin sakinlərini qırdı.
18 Gideon Zevah ilə Salmunnaya dedi: «Tavorda öldürdüyünüz adamlar necə adamlar idi?» Onlar dedilər: «Hamısı sənin kimi padşah oğullarına oxşayırdı». 19 Gideon dedi: «Onlar mənim qardaşlarım, anamın oğulları idi. Var olan Rəbb haqqı, əgər siz onları sağ buraxsaydınız, mən də sizi öldürməzdim». 20 İlk oğlu Yeterə dedi: «Qalx onları öldür». Lakin oğlan qılıncını çəkmədi, çünki hələ cavan olduğuna görə qorxurdu. 21 Zevah və Salmunna dedilər: «Dur, bizi sən vur, çünki kişi güclü olar». Gideon qalxıb Zevahla Salmunnanı öldürdü və sonra onların dəvələrinin boyunlarından asılan ayparalarını götürdü.
Gideonun efodu
22 İsraillilər Gideona dedilər: «Sən, oğlun və nəvən bizə hakimlik edin. Çünki bizi Midyanın əlindən sən qurtardın». 23 Gideon onlara dedi: «Nə mən sizin üstünüzdə hakimlik edəcəyəm, nə də oğlum. Sizə hökmranlığı Rəbb edəcək». 24 Sonra Gideon onlara dedi: «Ancaq sizdən bir ricam var ki, götürdüyünüz talan malından hər kəs mənə bir sırğa versin». Çünki düşmənlər İsmailli olduqları üçün qızıl sırğa taxırdılar. 25 Onlar Gideona dedilər: «Bunu məmnuniyyətlə verərik». Onlar yerə bir paltar sərdilər və hamı talan malından götürdüyü sırğaları bu paltarın üstünə atdı. 26 Ayparalardan, boyunbağılardan, Midyan padşahlarının əynindəki tünd qırmızı paltarlardan və dəvələrin boynundakı zəncirlərdən əlavə bu qızıl sırğaların çəkisi min yeddi yüz şekel gəlirdi. 27 Gideon onlardan bir efod düzəltdi və onu öz şəhərində Ofrada qoydu. Bundan sonra bütün İsraillilər orada bu efoda səcdə etməklə Rəbbə xəyanət etdilər. Bu efod Gideon və onun külfəti üçün tələ oldu. 28 Midyanlılar İsrail övladlarına tabe olub bir daha başlarını qaldıra bilmədilər. Gideonun dövründə ölkə qırx il rahat yaşadı.
Gideonun, yəni Yerub-Baalın ölümü
29 Yoaş oğlu Yerub-Baal qayıdıb yenə öz evində yaşadı. 30 Onun belindən gələn yetmiş oğlu var idi, çünki arvadı çox idi. 31 Şekemdə olan cariyəsi də ona bir oğul doğdu və Yerub-Baal onun adını Avimelek qoydu. 32 Yoaş oğlu Gideon uzun və yaxşı ömür sürüb öldü. O, Aviezerlilərin Orfa şəhərində atası Yoaşın məqbərəsində dəfn olundu.
33 Gideonun vəfatından sonra İsrail övladları yenə də Baal bütlərinə sitayiş edərək Rəbbə xəyanət etdilər. Onlar Baal-Beriti özlərinə allah etdilər. 34 İsrail övladları ətraflarındakı bütün düşmənlərinin əlindən onları azad edən özlərinin Allahı Rəbbi yada salmadılar. 35 Yerub-Baalın, yəni Gideonun İsraillilərə etdiyi bütün xeyirxahlığın əvəzinə onun nəsli ilə yaxşı rəftar etmədilər.
9
redaktəGideonun oğlu Avimelekin Şekemdə hökmranlığı
1 Yerub-Baalın oğlu Avimelek Şekemə, dayılarının yanına getdi. Onlara və bütün ana nəslinə belə dedi: 2 «Rica edirəm, bütün Şekem başçılarına bunu eşitdirib deyin: “Sizin üçün hansı yaxşıdır, Yerub-Baalın yetmiş oğlu sizə hakimlik etsin, yoxsa bir nəfər? Unutmayın ki, mən sizin sümüyünüzdən və ətinizdənəm”». 3 Dayıları onun söylədiyi bu sözləri bütün Şekem əhalisinə çatdırdı. Bundan sonra onların da könülləri Avimelekə meyl etdi və «o bizim soydaşımızdır» dedilər. 4 Ona Baal-Beritin ibadət evindən yetmiş şekel gümüş verdilər. Avimelek isə özünə muzdla yaramaz və macəraçı adamlar tutdu. Onlar Avimelekin ardınca getdilər. 5 Avimelek Ofraya – öz ata evinə gəldi və qardaşları Yerub-Baalın yetmiş oğlunu bir daş üstündə öldürdü. Təkcə Yerub-Baalın kiçik oğlu Yotam sağ qalmışdı, ona görə ki gizlənə bilmişdi. 6 Bütün Şekem və Bet-Millo əhalisi toplaşaraq gedib Şekemdə daş sütunun yanındakı palıd ağacının yaxınlığında Avimeleki padşah elan etdi.
7 Bu xəbər Yotama çatanda o gedib Gerizim dağının təpəsində durdu və bərkdən çığırıb onlara belə dedi: «Ey Şekem sakinləri, məni dinləyin ki, Allah da sizi dinləsin. 8 Günlərin bir günündə bütün ağaclar özləri üçün padşah məsh etməkdən ötrü gedib zeytun ağacına dedilər: “Bizim padşahımız ol”. 9 Zeytun ağacı dedi: “Allahın və insanın şərəfi üçün məndən alınan yağı ataraq ağacların üstündəmi sallanıb qalım?” 10 Sonra ağaclar əncir ağacına dedilər: “Gəl sən bizə padşah ol”. 11 Əncir ağacı onlara dedi: “Şirinliyimi və gözəl meyvələrimi ataraq ağacların üstündəmi sallanıb qalım?” 12 Bu dəfə ağaclar üzüm tənəyinə dedilər: “Gəl sən bizə padşah ol”. 13 Üzüm tənəyi isə onlara dedi: “Allahı və insanları sevindirən təzə şərablarımı ataraq ağacların üstündəmi sallanıb qalım?” 14 Nəhayət, bütün ağaclar gəlib yabanı göyəmə dedilər: “Gəl sən bizə padşah ol”. 15 Yabanı göyəm dedi: “Əgər, həqiqətən, siz məni özünüzə padşah olaraq məsh edirsinizsə, gəlin mənim kölgəmə sığının. Belə olmazsa, qoy yabanı göyəmdən alov çıxsın və Livanın sidr ağaclarını yandırıb-yaxsın”.
16 Baxın Avimeleki padşah etməkdə haqq niyyət və doğruluqla iş gördünüzmü? Siz Yerub-Baala və onun nəslinə qarşı yaxşı iş gördünüzmü? Münasibətiniz atama layiqdirmi? 17 Axı atam sizin üçün döyüşdü və öz canını təhlükəyə atıb sizi Midyanın əlindən qurtardı. 18 Siz isə bu gün atamın nəslinin əleyhinə çıxıb yetmiş oğlunu bir daş üstündə öldürdünüz və sonra cariyəsindən olan oğlu Avimeleki Şekem əhalisinin padşahı etdiniz, çünki o sizin soydaşınızdır. 19 Əgər bu gün Yerub-Baalla onun nəsli üçün haqq niyyətlə və doğruluqla rəftar etdinizsə, onda bu Avimeleklə sevinin və qoy o da sizinlə sevinsin. 20 Yoxsa qoy Avimelekdən alov çıxıb Şekem başçılarını və Bet-Millo əhalisini yox etsin, onlardan da od çıxıb Avimeleki yox etsin». 21 Yotam qaçıb aradan çıxdı və Beerə getdi. Qardaşı Avimelekdən qorxduğu üçün orada qaldı.
Şekemlə Avimelek arasında münaqişə
22 Avimelek üç il İsrail üzərində başçılıq etdi. 23 Sonra Allahın izni ilə Avimeleklə Şekem əhalisinin arasına şər ruh girdi və onlar Avimelekə xəyanətlə yanaşdılar. 24 Bu ona görə baş verdi ki, həm Avimelek Yerub-Baalın yetmiş oğluna qarşı etdiyi günahın cəzasını çəksin, həm də Avimelekdən və onu bu qətlə sövq edən Şekem əhalisindən tökdükləri qanların qisası alınsın. 25 Şekem əhalisi dağların başında Avimelekə qarşı pusqu qurub yolda yanlarından keçənlərin hamısını soyurdular. Bunu Avimelekə xəbər verdilər.
26 Evedin oğlu Qaal və qardaşları gəlib Şekemdə məskunlaşdılar. Şekem əhalisi də ona etimad göstərdi. 27 Onlar çölə, bağlara gedib üzüm yığdılar. Sonra bu üzümləri əzib şənlik qurdular və öz allahlarının ibadətgahına gedərək yeyib-içib Avimelekə lənət oxudular. 28 Eved oğlu Qaal dedi: «Avimelek kimdir ki, biz Şekem sakinləri ona xidmət edək? Yerub-Baalın oğlu deyilmi? Onun müavini də Zevul deyilmi? Gəlin Şekemin atası Xamorun adamlarına xidmət edin! Axı nəyə görə biz Avimelekə xidmət etməliyik? 29 Kaş bu xalq mənim əlimdə olaydı! O zaman Avimeleki qovardım». Sonra Qaal Avimelekə dedi: «Ordunu yığ, meydana çıx!»
30 Şəhər başçısı Zevul Evedin oğlu Qaalın bu sözlərini eşidəndə qəzəbdən alışıb yandı. 31 Hiylə işlədərək Avimelekin yanına qasidlər göndərib dedi: «Budur, Eved oğlu Qaal ilə qardaşları Şekemə gəlib şəhəri sənin əleyhinə qaldırırlar. 32 İndi sən və adamların bu gecə qalxıb çöldə pusquda durun. 33 Səhər açılanda günəş doğar-doğmaz qalxıb şəhərə hücum edərsən. Bax Qaal ilə adamları sənə qarşı çıxarkən əlindən gələni et».
34 Avimeleklə adamları gecə ikən qalxdılar və dörd dəstə olub Şekemin yaxınlığında pusquda durdular. 35 Eved oğlu Qaal çıxıb şəhər darvazasının giriş yerində duranda Avimelek və adamları pusqudan çıxdılar. 36 Qaal onları görüb Zevula dedi: «Bax dağların təpəsindən bir dəstə xalq enir». Zevul ona dedi: «Gördüyün dağların kölgəsidir, adamlara oxşadırsan». 37 Qaal sözünə davam edərək dedi: «Bax ölkənin orta hissəsindən xalq enir. Gələcəyideyənlər palıdı yolundan da bir dəstə gəlir». 38 O zaman Zevul ona dedi: «“Avimelek kimdir ki, biz ona xidmət edək” deyə lovğalanan dilin haradadır? Həqarətlə baxdığın xalq bu xalq deyilmi? İndi meydana çıx, onunla döyüş». 39 Qaal Şekem əhalisinin qabağına çıxıb Avimeleklə döyüşdü. 40 Avimelek onu qovdu, Qaal onun qabağından qaçdı. Adamların çoxu yaralanaraq darvazanın giriş yerinə qədər yerə sərildi. 41 Avimelek Arumada yaşadı. Zevul isə Qaal ilə qardaşlarını Şekemdə yaşamağa qoymayıb qovdu.
42 Ertəsi gün Şekem xalqı çölə çıxanda bu barədə Avimelekə xəbər verildi. 43 O, ordusunu götürüb üç dəstəyə ayırdı və onlar çöldə pusqu qurub güddülər. Avimelek xalqın şəhərdən çıxdığını görəndə qalxıb hücuma keçdi. 44 Avimeleklə dəstəsi cəld irəli keçərək şəhər darvazasının girişində dayandılar. O biri iki dəstə isə çöldəki xalqın üstünə düşüb onları qırdı. 45 Avimelek bütün günü şəhərə hücum edərək şəhəri aldı. Orada olan adamları qırdı, şəhəri viran edib yerinə duz əkdi.
46 Şekemin qülləsindəki adamlar bunu eşidəndə El-Berit məbədinin qalasına girdilər. 47 Bütün Şekem qülləsindəkilərin oraya yığıldığını Avimelekə xəbər verdilər. 48 Avimelek bütün adamları ilə bərabər Salmon dağına çıxdı. Əlinə balta götürüb ağacdan bir budaq kəsdi və onu çiyinlərinin üstünə qoyub yanındakı xalqa belə dedi: «Cəld olun, mən necə edirəmsə, siz də elə edin». 49 Bütün xalq bir-bir budaqları kəsərək Avimelekin arxasınca getdi və budaqları qalanın ətrafında qoyub od vurdu. Şekem qülləsindəki adamlardan minə qədər kişi və qadın yanaraq öldü.
50 Avimelek Tevesə getdi və oranı mühasirə edib aldı. 51 Şəhərin ortasında möhkəm bir qüllə var idi. Bütün şəhər əhalisi – kişi və qadınlar qülləyə qaçaraq qapını arxalarınca bağlayıb qüllənin başına çıxdılar. 52 Avimelek gəlib qülləyə hücum etdi. Oraya od vurmaq üçün qüllənin qapısına yaxınlaşdı. 53 Onda bir qadın dəyirmanın üst daşını Avimelekin başına tullayaraq kəlləsini əzdi. 54 Avimelek tez silah daşıyan gənc nökərini çağırıb dedi: «Çək qılıncını, məni öldür. Qoy mənim üçün deməsinlər ki, onu bir arvad öldürdü». Nökər qılıncı ilə onu vuranda Avimelek öldü. 55 İsraillilər görəndə ki Avimelek ölüb, hamısı öz yerinə qayıtdı. 56 Bununla da Allah Avimelekin yetmiş qardaşını öldürməklə atasına etdiyi pisliyi öz başına gətirdi. 57 Allah Şekem əhalisinin də bütün pisliyini öz başlarına gətirdi. Yerub-Baalın oğlu Yotamın lənəti onların üstünə düşdü.
10
redaktəTolanın hakimliyi
1 Avimelekdən sonra İsraili xilas etmək üçün İssakar qəbiləsindən olan Dodo oğlu Pua oğlu Tola adlı bir adam çıxdı. O, Efrayimin dağlıq bölgəsində Şamirdə yaşayırdı. 2 İsraildə Tola iyirmi üç il hakimlik edəndən sonra öldü və Şamirdə dəfn olundu.
Yairin hakimliyi
3 Bundan sonra Gileadlı Yair çıxıb iyirmi iki il İsraildə hakimlik etdi. 4 Onun otuz sıpaya minən otuz oğlu və oğlanlarının da otuz şəhəri var idi. Gilead bölgəsində olan bu şəhərlərə bu günə qədər Xavvot-Yair deyilir.[15] 5 Yair öldü və Qamonda dəfn olundu.
İsraillilərin Ammonlulara və Filiştlilərə təslim edilməsi
6 İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər görərək Baal və Aştoret bütlərinə, Aram allahlarına, Sidon allahlarına, Moav allahlarına, Ammon övladlarının allahlarına, Filiştlilərin allahlarına qulluq edərək Rəbbi atdılar və Ona qulluq etmədilər. 7 Buna görə də İsraillilərə qarşı Rəbbin qəzəbi alovlandı və onları Filiştlilərə, Ammon övladlarına təslim etdi. 8 Bu dövrdə onlar İsrailliləri sıxışdırıb əzdilər. Onlar on səkkiz il İordan çayının o tayında Gileaddakı Emorlular diyarında olan bütün İsrail övladlarını əzdilər. 9 Ammon övladları hətta Yəhuda, Binyamin, Efrayim qəbilələrinə qarşı döyüşmək üçün İordan çayını keçirdilər. Buna görə İsraillilər çox əziyyət çəkirdi.
10[16] İsrail övladları Rəbbə fəryad edib dedilər: «Sənə qarşı günah etmişik, çünki Allahımızı atıb Baal bütlərinə qulluq etmişik».
11 Rəbb İsrail övladlarına dedi: «Sizi Misirlilərdən, Emorlulardan, Ammon övladlarından və Filiştlilərdən Mən qurtarmadımmı? 12 Sidonlular, Amaleqlilər, Maonlular sizi sıxışdıranda da Mənə fəryad etdiniz və sizi onların əlindən qurtaran Mən deyildimmi? 13 Amma siz Məni atıb başqa allahlara qulluq etdiniz, buna görə də bir daha sizi qurtarmayacağam. 14 Gedin seçdiyiniz allahlara fəryad edin, qoy bu əzablı vaxtınızda onlar sizi qurtarsınlar». 15 İsrail övladları Rəbbə dedilər: «Günah etmişik. Gözündə nə xoş görünürsə, onu bizə et. Yalvarırıq bu gün bizi qurtar». 16 Onlar aralarından yad allahları atdılar və Rəbbə qulluq etdilər. Rəbb İsraillilərin bu əzabına artıq dözə bilmədi.
17 Ammon övladları yığılıb Gileadda ordugah qurdular. İsrail övladları isə toplanıb Mispada ordugah qurdular. 18 Xalq və Gilead başçıları bir-birlərinə dedilər: «Kim Ammon övladlarına qarşı döyüşə başlasa, o adam bütün Gilead əhalisinə rəhbər olacaq».
11
redaktəİftahın hakimliyi
1 Bir fahişədən doğulan Gileadlı İftah igid döyüşçü idi. Onun atası Gilead idi. 2 Gileadın arvadı ona oğullar doğdu və bu qadının oğulları böyüyən zaman İftahı qovub belə dedilər: «Atamızın evindən sənə miras düşmür, ona görə ki sən başqa qadının oğlusan». 3 İftah qardaşlarının yanından qaçıb Tov diyarında yaşadı. İftahın başına macəraçı adamlar yığıldı və onunla birgə basqınçılıq edirdilər.
4 Bir müddətdən sonra Ammon övladları İsraillilərə qarşı döyüşə çıxdılar. 5 Ammon övladları İsraillilərə qarşı çıxan zaman Gilead ağsaqqalları İftahı Tov diyarından gətirmək üçün onun yanına getdilər. 6 Onlar İftaha dedilər: «Gəl bizə sərkərdəlik et və Ammon övladlarına qarşı birgə vuruşaq». 7 İftah Gilead ağsaqqallarına dedi: «Mənə nifrət edib atamın evindən məni qovan siz deyildinizmi? Bəs indi niyə çətinliyə düşəndə mənim yanıma gəlmisiniz?» 8 Gilead ağsaqqalları İftaha dedilər: «Sənin yanına ona görə gəlmişik ki, indi sən bizimlə gedib Ammon övladlarına qarşı döyüşəsən və bizə – bütün Gilead əhalisinə sərkərdə olasan». 9 İftah Gilead ağsaqqallarına dedi: «Yaxşı, Ammon övladlarına qarşı döyüşmək üçün məni geri aparırsınız. Bəs Rəbb qarşımda onları mənə təslim edəndə sizin başçınız mən olacağammı?» 10 Gilead ağsaqqalları İftaha dedilər: «Səninlə bizim aramızda qoy Rəbb şahid olsun! Biz mütləq sənin sözünə əməl edəcəyik». 11 İftah Gilead ağsaqqalları ilə bərabər getdi və xalq da onu özünə başçı – sərkərdə etdi. İftah Mispada, Rəbbin önündə bütün şərtlərini təkrar etdi.
12 Bundan sonra Ammon padşahının yanına qasidlər göndərib dedi: «Bizim aramızda nə olub ki, torpağımda mənimlə vuruşmağa gəlmisiniz?» 13 Ammon padşahı İftahın qasidlərinə dedi: «Ona görə ki İsraillilər Misirdən çıxan zaman mənim torpaqlarımı Arnondan Yabboq və İordan çaylarına qədər alıb. Gəlin onları mənə sülh yolu ilə geri qaytarın». 14 İftah yenə də Ammon xalqının padşahının yanına qasidlər göndərib dedi: 15 İftah belə deyir: «İsraillilər Moav torpağını, Ammon övladlarının torpağını almayıb. 16 Amma İsraillilər Misirdən çıxanda Qırmızı dənizə qədər səhradan keçərək Qadeşə gəlib və 17[17] Edom padşahının yanına qasidlər göndərib belə demişdilər: “Rica edib torpağından keçmək üçün səndən izin istəyirəm”. Lakin Edom padşahı onlara qulaq asmadı və sonra İsraillilər Moav padşahının yanına adamlar göndərdi, o da razı olmadı. Ona görə də İsraillilər Qadeşdə qalmışdılar. 18[18] İsraillilər səhra ilə gedib Edomla Moav torpaqlarının ətrafından keçərək Moav ölkəsinin şərqinə çatdı və Arnon vadisinin o biri tərəfində düşərgə saldılar. Lakin Moavın sərhədini keçmədilər, ona görə ki Arnon Moavın sərhədi idi. 19[19] İsraillilər Emorluların padşahı – Xeşbon padşahı Sixonun yanına qasidlər göndərib demişdi: “Rica edirik, öz ölkəmizə çatana qədər sənin torpağından keçmək üçün bizə izin verəsən”. 20 Amma Sixon öz torpağını yol keçmək üçün İsraillilərə etibar etmədi və bütün xalqını toplayaraq Yahsada ordugah qurub İsraillilərə qarşı döyüşdü. 21 İsrailin Allahı Rəbb Sixonu və onun bütün xalqını İsraillilərə təslim edəndə onları məğlub etdilər. Beləliklə, İsraillilər o yerdə yaşayan Emorluların torpağını irs olaraq aldı. 22 Arnondan Yabboq çayına qədər, səhradan İordan çayına qədər bütün Emor torpaqlarını İsraillilər irs olaraq aldı.
23 İndi İsrailin Allahı Rəbb Öz xalqı İsraillilərin qarşısından Emorluları qovandan sonra sənmi buraya sahib çıxacaqsan? 24 Allahın Kemoşun sənə verdiyi torpağı özünə irs etməzsənmi? Biz də Allahımız Rəbbin bizə verdiyi torpağı özümüzə irs edəcəyik. 25[20] İndi sənin Moav padşahı Sippor oğlu Balaqdan nəyin yaxşıdır? Gör o, İsraillə heç çəkişdimi? Yaxud onlara qarşı heç döyüşdümü? 26 Üç yüz il İsrail Xeşbon ilə Aroerdə, bunların ətraf qəsəbələrində və Arnon vadisi boyunca yerləşən bütün şəhərlərdə yaşadığı müddətdə niyə bu torpaqları geri almadınız? 27 Mən sənə qarşı günah etmədim. Lakin sən mənə qarşı döyüşməklə mənə pislik edirsən. Qoy hakim olan Rəbb bu gün İsrail övladları ilə Ammon övladları arasında hökm etsin». 28 Lakin Ammon padşahı İftahın ona göndərdiyi sözlərə qulaq asmadı.
29 İftahın üzərinə Rəbbin ruhu endi. O, Gileaddan və Menaşşedən keçdi, sonra Gileaddakı Mispadan keçib Ammon övladlarının üstünə getdi. 30 İftah Rəbbə əhd edib dedi: «Əgər Ammon övladlarını, həqiqətən, mənə təslim etsən, 31 o zaman Ammon övladları ilə döyüşdən sağ-salamat qayıdanda mənim evimin darvazasından qarşıma birinci nə çıxarsa, Rəbbin olacaq və onu yandırma qurbanı edəcəyəm». 32 İftah Ammon övladları ilə döyüşə çıxdı. Rəbb də Ammon övladlarını İftaha təslim etdi. 33 Aroerdən Minnitə çatana qədər iyirmi şəhəri və Avel-Keramimə qədər Ammon övladlarını çox böyük məğlubiyyətə uğratdı. Onlar İsraillilərə tabe oldular.
34 İftah Mispaya, öz evinə qayıtdı. Budur, İftahın qızı dəf çalıb oynayaraq onu qarşılamağa çıxdı. Bu onun yeganə övladı idi, ondan başqa nə oğlu, nə də qızı var idi. 35[21] O, qızını görəndə paltarını cırıb dedi: «Vay, qızım! Belimi əydin, qəddimi əyənlərdən biri də sən oldun! Mən Rəbbə əhd etmişəm, artıq sözümdən dönə bilmərəm». 36 Qızı ona dedi: «Ata, sən Rəbbə əhd etmisən. Madam ki Rəbb düşmənlərindən, Ammon övladlarından sənin üçün qisas aldı, söz ağzından necə çıxıbsa, mənə eləcə də et». 37 Sonra qız atasına dedi: «Ancaq bu arzumu yerinə yetir: mənə iki ay izin ver, qoy rəfiqələrimlə dağları gəzib-dolaşaraq öz nakam qızlığım üçün ağlayım». 38 Atası ona «yaxşı, gedə bilərsən» deyərək ona iki ay müddətinə izin verdi. O da rəfiqələri ilə bərabər gedib dağlarda öz nakam qızlığına ağladı. 39 İki ay keçəndən sonra atasının yanına qayıtdı və atası onun barəsində etdiyi əhdi yerinə yetirdi. Qız ərə getməmişdi. Bundan sonra İsraildə belə bir adət oldu: 40 hər il İsrail qızları gedib Gileadlı İftahın qızı üçün ildə dörd gün yas tutdular.
12
redaktəİftahla Efrayimlilərin münaqişəsi
1 Efrayimlilər yığılaraq Safona gedib İftaha dedilər: «Sən nəyə görə Ammon övladları ilə döyüşə çıxıb bizi özünlə getməyə çağırmadın? Buna görə biz səni də, evini də yandıracağıq». 2 İftah onlara dedi: «Mən və xalqım Ammon övladları ilə ağır döyüşdə olan vaxt sizi köməyə çağırdım, lakin siz gəlib məni onların əlindən qurtarmadınız. 3 Mən də gördüm ki, siz məni qurtarmırsınız, onda həyatımı təhlükəyə atıb Ammon övladlarına qarşı özüm hücuma keçdim və Rəbb onları mənə təslim etdi. Nə üçün bu gün mənimlə davaya çıxmısınız?» 4 İftah bütün Gileadlıları toplayıb Efrayimlilərlə döyüşdü və Gileadlılar Efrayimliləri qırdılar, çünki Efrayimlilər belə demişdilər: «Ey Efrayimlə Menaşşe arasında yaşayan Gileadlılar, siz Efrayimdən qaçan fərarilərsiniz!» 5 Gileadlılar Efrayimin qarşısındakı İordan çayının keçidlərini tutdular. Əgər qaçıb qurtulmaq istəyən Efrayimlilərdən biri gəlib «qoy çayı keçim» deyərdisə, Gileadlılar ondan «sən Efrayimlisənmi?» deyə soruşardılar. O «xeyr» desəydi, 6 o zaman ona «bir “şibbolet” de görək» deyərdilər. O da kəlməni doğru söyləyə bilməyib «sibbolet» deyərdi. Onda Gileadlılar onu tutub İordan çayının keçidlərində öldürərdi. Həmin dövrdə Efrayimlilərdən qırx iki min nəfər qırıldı.
7 İftah altı il İsraildə hakimlik etdi. Sonra Gileadlı İftah öldü və Gileadın bir şəhərində dəfn olundu.
İvsan, Elon və Avdonun hakimliyi
8 Ondan sonra Bet-Lexemli İvsan İsraildə hakimlik etdi. 9 Onun otuz oğlu və otuz qızı var idi. Qızlarını başqa nəsillərə ərə vermiş, oğullarına isə başqa nəsillərdən otuz gəlin gətirmişdi. İvsan İsraildə yeddi il hakimlik etdi. 10 Sonra İvsan öldü və Bet-Lexemdə dəfn olundu.
11 Ondan sonra Zevulunlu Elon on il İsraildə hakimlik etdi. 12 Zevulunlu Elon da öldü və Zevulun torpağında, Ayyalonda dəfn olundu.
13 Ondan sonra Piratonlu Hillel oğlu Avdon İsraildə hakimlik etdi. 14 Onun yetmiş sıpaya minən qırx oğlu ilə otuz nəvəsi var idi və o, səkkiz il İsraildə hakimlik etdi. 15 Piratonlu Hillel oğlu Avdon da öldü və Amaleqlilərin dağlıq bölgəsindəki Efrayim torpağında – Piratonda dəfn olundu.
13
redaktəŞimşonun doğulması
1 İsrail övladları yenə də Rəbbin gözündə pis işlər etdilər. Rəbb onları qırx il Filiştlilərə təslim etdi.
2 Dan qəbiləsindən Manoah adlı Soralı bir adam var idi. Onun arvadı doğmurdu, sonsuz idi. 3 Rəbbin mələyi bu qadına görünüb dedi: «Bax indi sən sonsuzsan, doğmursan, amma hamilə olub bir oğlan doğacaqsan. 4 İndidən diqqətli ol: sən nə şərab, nə də başqa kefləndirici içki içmə və dilinə heç bir haram şey dəyməsin. 5 Ona görə ki sən hamilə olub bir oğul doğacaqsan və qoy onun başına ülgüc dəyməsin. Çünki uşaq ana bətnindən Allaha həsr olunmuş Nəziri[22] olacaq. O, İsraili Filiştlilərin əlindən qurtarmağa başlayacaq».
6 Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi. 7 Lakin dedi ki, sən hamilə olub bir oğul doğacaqsan. İndidən sən nə şərab, nə də başqa kefləndirici içki iç və dilinə heç bir haram şey dəyməsin, çünki uşaq ana bətnindən ölən gününə qədər Allahın Nəzirisi olacaq».
8 Manoah Rəbbə yalvarıb dedi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin». 9 Allah Manoahın səsini eşitdi. Qadın çöldə oturanda Allahın mələyi yenə onun yanına gəldi. Lakin qadının əri Manoah yanında deyildi. 10 Qadın cəld qaçıb ərinə xəbər verərək dedi: «Budur, ötən gün yanıma gələn o adam yenə mənə göründü». 11 Manoah durub arvadının arxasınca getdi və o adamın yanına gəlib soruşdu: «Arvadımla söhbət edən adam sənsənmi?» O «mənəm» dedi. 12 Manoah dedi: «Sənin sözlərin yerinə yetəndə uşağın həyat tərzi və işi nə olacaq?» 13 Rəbbin mələyi Manoaha dedi: «Arvadın ona tapşırdığım şeylərdən özünü qorusun. 14 Tənəkdən emal olunan şeylərdən heç nə yeməsin. Nə şərab, nə də başqa kefləndirici içki içsin və dilinə heç bir haram şey dəyməsin. Qoy ona əmr etdiyim hər şeydən özünü qorusun».
15 Manoah Rəbbin mələyinə dedi: «Rica edirəm, bir ayaq saxla, sənin üçün bir oğlaq kəsib yemək hazırlayaq». 16 Rəbbin mələyi Manoaha dedi: «Məni burada saxlasan belə, sənin çörəyindən yemərəm. Əgər yandırma qurbanı vermək istəyirsənsə, onu Rəbbə təqdim et». Amma Manoah bilmirdi ki, bu, Rəbbin mələyidir. 17 O, Rəbbin mələyinə dedi: «Sənin adın nədir ki, sözlərin yerinə yetəndə səni şərəfləndirək?» 18 Rəbbin mələyi ona dedi: «Niyə adımı soruşursan? Ecazkar adım var». 19 Manoah oğlağı və taxıl təqdimini götürüb qaya üzərində Rəbbə təqdim etdi. Mələk də Manoah ilə arvadının gözü önündə qeyri-adi bir şey etdi. 20 Qurbangahın üstündən alov göyə qalxanda Rəbbin mələyi də qurbangahın alovu ilə bərabər göyə qalxdı. Manoahla arvadı bunu görəndə ikisi də üzüstə yerə döşəndi.
21 Rəbbin mələyi bundan sonra Manoahla arvadına bir daha görünmədi. Manoah o zaman bildi ki, bu, Rəbbin mələyidir. 22 Manoah arvadına dedi: «Biz mütləq öləcəyik, çünki Allahı gördük». 23 Arvadı ona dedi: «Əgər Rəbb bizi öldürmək istəsəydi, bizdən yandırma qurbanı və taxıl təqdimi qəbul etməzdi. Bu şeyləri bizə göstərməz və indi eşitdiklərimizi deməzdi». 24 Beləliklə, qadın bir oğul doğdu və adını Şimşon qoydu. Uşaq böyüdükcə Rəbb ona xeyir-dua verdi. 25 Sora ilə Eştaol arasında, Maxane-Danda Rəbbin Ruhu onu idarə etməyə başladı.
14
redaktəŞimşon və Timnalı qadın
1 Bir gün Şimşon Timnaya endi və Timnada Filişt qızlarından bir qadın gördü. 2 O, ata-anasının yanına qayıdıb dedi: «Timnada Filişt qızlarının arasında bir qadın görmüşəm, gedin, onu mənim üçün arvad alın». 3 Atası ilə anası ona dedilər: «Məgər qohumlarının qızları arasında, xalqımın arasında bir qadın yoxdur ki, gedib özünə sünnətsiz Filiştlilərdən arvad alırsan?» Şimşon atasına dedi: «Mənim üçün onu alın, çünki gözümə o xoş görünür». 4 Ata və anası bilmirdi ki, bu istək Rəbdəndir. Ona görə ki Rəbb Filiştlilərin hakimiyyətini devirmək üçün fürsət axtarırdı. O dövrdə Filiştlilər İsraillilərin üstündə hökmranlıq edirdi.
5 Şimşon ata və anası ilə birlikdə Timnaya endi. Onlar Timnanın üzüm bağlarına çatanda qəflətən cavan bir aslan nərə çəkərək onun qarşısına çıxdı. 6 Rəbbin Ruhu qüvvəsi ilə Şimşonun üstünə endi. Onun əli boş idi, amma cavan aslanı balaca oğlaq kimi parçaladı. Ata-anasına isə heç nə bildirmədi. 7 Sonra enib qadınla söhbət etdi və qadın Şimşonun gözünə xoş göründü.
Şimşon və tapmaca
8 Bir müddət keçəndən sonra Şimşon qadını almaq məqsədi ilə geri qayıtdı. Aslanın leşinə baxmaq üçün o öz yolundan döndü. Gördü ki, aslanın leşinin üstündə arı beçəsi ilə bal var. 9 O, ovucları ilə baldan götürdü və yeyə-yeyə ata-anasının yanına gəldi. Baldan onlara da verdi, lakin onlara bildirmədi ki, balı aslanın leşinin üzərindən götürüb.
10 Atası qadının evinə getdi və Şimşon orada ziyafət qurdu, çünki o zamanlar cavanlar belə edərdi. 11 Onu görən xalq müşayiət üçün ona otuz nəfər sağdış-soldış seçdi. 12 Şimşon onlara dedi: «İndi mən sizə bir tapmaca deyəcəyəm. Əgər ziyafətin yeddinci gününə qədər açmasını mənə desəniz, mən sizə otuz dəst kətan paltar və otuz dəst bayram libası verəcəyəm. 13 Yox, əgər tapmacanın açmasını mənə deyə bilməsəniz, onda siz mənə otuz dəst kətan paltar və otuz dəst bayram libası verməlisiniz». Ona dedi: «Tapmacanı de, bir ona qulaq asaq». 14 Şimşon onlara dedi:
«Yeyəndən bir yeməli şey çıxdı,
Güclüdən bir şirin şey çıxdı».
Üç gün ərzində onlar tapmacanı tapa bilmədilər.
15 Dördüncü gün[23] olanda Şimşonun arvadına dedilər: «Ərini başa sal ki, bizə bu tapmacanın cavabını desin, yoxsa sənin də, atanın da evini yandırarıq. Siz bizi buraya soymağa çağırmısınız?» 16 Arvadı Şimşonun qarşısında ağlayıb dedi: «Əslində məndən zəhlən gedir, məni sevmirsən, ona görə də xalqımın oğullarına dediyin tapmacanın cavabını mənə açmırsan». Şimşon ona dedi: «Bax heç atama və anama da bu tapmacanın cavabını açmamışam. Sənəmi açım?» 17 Yeddi gün ziyafət davam edə-edə qadın onun qarşısında ağladı. Yeddinci gün Şimşon tapmacanın açmasını arvadına dedi, çünki qadın onu cana gətirmişdi. Qadın da gedib tapmacanın cavabını öz xalqına söylədi. 18 Şəhərin adamları yeddinci gün günəş batmazdan əvvəl Şimşona dedilər:
«Baldan şirini varmı?
Aslandan güclüsü varmı?»
Şimşon onlara dedi: «Əgər mənim düyəmlə kotan sürməsəydiniz, tapmacamı tapa bilməzdiniz».
19 Bundan sonra Rəbbin Ruhu qüvvə ilə onun üstünə endi. Şimşon Aşqelona gedib oradakılardan otuz nəfəri öldürərək onların mallarını talan edib tapmacanın açmasını deyənlərə bayram libası verdi. Sonra o, alovlu qəzəblə atasının evinə qalxdı. 20 Şimşonun arvadını isə Şimşonu müşayiət edən sağdışlarından birinə verdilər.
15
redaktəŞimşonun Filiştlilərdən qisas alması
1 Bir müddət keçəndən sonra, buğda biçini mövsümündə Şimşon bir oğlaq götürüb arvadına baş çəkməyə getdi və dedi: «Arvadımın yanına – gərdəyə girmək istəyirəm». Lakin qadının atası Şimşonu gərdəyə girməyə qoymadı. 2 Qızın atası dedi: «Elə bildim ki, sənin ondan, həqiqətən, zəhlən gedir, ona görə də arvadını sənin sağdışına ərə verdim. Bax onun kiçik bacısı var. O ondan da gözəl deyilmi? Rica edirəm, qoy onun yerinə bu sənin olsun». 3 Şimşon onlara dedi: «Bu dəfə Filiştlilərə pislik etsəm, heç təqsirkar olmaram». 4 Şimşon gedib üç yüz tülkü tutdu və məşəllər götürdü. Tülküləri cüt-cüt quyruq-quyruğa bağladı və quyruqların arasına bir məşəl qoydu. 5 Məşəlləri yandırıb tülküləri Filiştlilərin əkinlərinə buraxdı və bununla da taxıl dərzlərinə, əkinlərə, üzümlüklərə, zeytunluqlara od vurdu.
6 Filiştlilər bir-birindən soruşdular: «Görəsən bunu kim edib?» Kimsə dedi ki, bunu Timnalının kürəkəni Şimşon edib, çünki qayınatası götürüb onun arvadını sağdışına ərə verib. Filiştlilər çıxıb o qadınla atasına od vurub yandırdılar. 7 Şimşon onlara dedi: «İndi ki siz belə etdiniz, mütləq sizdən qisasımı almamış əl çəkməyəcəyəm». 8 Şimşon onlara amansızca hücum edərək çoxunun belini qırdı. Özü isə Etam qayasının oyuğuna enib orada qaldı.
9 Filiştlilər çıxıb Yəhudada ordugah qurdular və Lexidə yayıldılar. 10 Yəhuda adamları dedi: «Nə üçün bizə qarşı çıxmısınız?» Onlar dedilər: «Biz gəlmişik ki, Şimşonun əl-qolunu bağlayaq və bizim başımıza gətirdiyini onun başına gətirək». 11 Yəhudadan üç min nəfər Etam qayasının oyuğuna enib Şimşona dedi: «Bilmirsən Filiştlilər bizim üzərimizdə hakimdir? Bu nə işdir başımıza gətirdin?» Şimşon onlara dedi: «Onların mənə elədiklərini onların başına gətirmişəm». 12 Yəhudalılar ona dedi: «Biz sənin əl-qolunu bağlayıb Filiştlilərə təslim etməyə gəlmişik». Şimşon onlara dedi: «And için ki, məni öldürməyəcəksiniz». 13 Yəhudalılar söz verdilər: «Yox, biz ancaq səni möhkəm bağlayıb onlara təslim edəcəyik və səni əsla öldürmərik». Sonra onu iki təzə iplə sarıdılar və qayadan çıxartdılar.
14 Şimşon Lexiyə gələndə Filiştlilər onu bağıra-bağıra qarşıladılar və elə o anda Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb-yanan kətan kimi qırılıb yerə töküldü. 15 O, yerdə bir eşşəyin saf çənə sümüyünü tapdı. Əl ataraq sümüyü götürüb onunla min nəfər kişini qırdı. 16 Sonra Şimşon belə dedi:
«Eşşəyin çənə sümüyü ilə bir-iki qalaq yaratdım.
Eşşəyin çənə sümüyü ilə min nəfəri qırıb-çatdım».
17 Şimşon bu sözləri söyləyib qurtarandan sonra eşşəyin çənə sümüyünü tulladı. Ona görə də o yerə Ramat-Lexi[24] deyilir.
18 Bundan sonra Şimşon bərk susadı və Rəbbə fəryad edib dedi: «Sən quluna bu böyük qələbəni verdin, amma indi mən susuzluqdan ölüb sünnətsizlərin əlinə düşümmü?» 19 Onda Rəbb Lexidə çuxur yarıb su axıtdı. Şimşon su içəndə cana gəlib ruhlandı. Buna görə bu çeşmənin adı En-Haqqore[25] qoyuldu və bu bulaq bu günə qədər Lexidədir. 20 Filiştlilərin hökmranlığı dövründə Şimşon İsraildə iyirmi il hakimlik etdi.
16
redaktəŞimşon və Delila
1 Şimşon Qəzzəyə getdi və orada bir fahişə görüb evinə girdi. 2 Qəzzəlilərə xəbər çatdı ki, Şimşon buraya gəlib. Qəzzəlilər evi mühasirəyə aldılar. «Dan yeri ağarana qədər onu öldürərik» deyərək bütün gecəni şəhərin darvazasında pusquda durub onu gözlədilər. 3 Şimşon gecəyarısına qədər yatdı, sonra ayağa qalxdı. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu və Xevronun qarşısındakı dağın təpəsinə çıxartdı.
4 Bundan bir qədər sonra Şimşon Soreq vadisində Delila adlı bir qadına vuruldu. 5 Filiştlilərin ağaları o qadının yanına gəlib dedilər: «Şimşonu dilə tutub öyrən, gör onda bu qədər güc haradandır? Onu özümüzə tabe etmək üçün necə gücdən salıb bağlaya bilərik? Bundan ötrü hər birimiz sənə min yüz şekel gümüş verərik».
6 Delila Şimşona dedi: «Rica edirəm, səndəki bu böyük qüvvənin haradan olduğunu mənə söylə. Səni necə ram etmək və bağlamaq olar?» 7 Şimşon ona dedi: «Əgər məni yeddi kaman yayı düzəldilən qurumamış, təzə iplə bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram». 8 Filiştlilərin ağaları qadının yanına yeddi qurumamış, təzə ip gətirdilər və Delila bunlarla Şimşonu bağladı. 9 İç otaqda qadının pusquda duran adamları var idi. Qadın Şimşona dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon isə qollarındakı ipləri oda toxunub qırılan kətan lifi kimi qırdı və gücünün sirri bilinmədi.
10 Delila Şimşona dedi: «Bax məni lağa qoyub yalan demişdin. Rica edirəm, indi mənə bildir, səni hansı iplə bağlamaq olar?» 11 Şimşon dedi: «Əgər heç işlədilməmiş təzə iplərlə məni yaxşıca bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram». 12 Delila yeni iplər götürüb onlarla Şimşonu bağlayıb dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Pusquda duranlar iç otaqda qalmışdı. O isə qollarındakı iplərin sarığını sap kimi qırdı.
13 Delila Şimşona dedi: «Bəsdir, indiyə qədər məni lağa qoyub yalan dedin. İndi isə bir başa sal görüm, səni nə ilə bağlamaq olar?» Şimşon dedi: «Saçımın yeddi hörüyünü toxucu dəzgahındakı parça ilə toxusan». 14 Sonra Delila onun saçının yeddi hörüyünü payaya bərkitdi və onu səslədi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» O yuxudan oyandı və toxucu dəzgahının payasını parça ilə qopardı.
15 Delila dedi: «Ürəyində mənə etibarın yox ikən necə “səni sevirəm” deyirsən? Bununla üçüncü dəfədir ki, məni lağa qoyursan və bu böyük qüvvənin səndə haradan olduğunu mənə bildirmirsən». 16 Qadının bu sözlərindən, hər gün ona əziyyət və başağrısı verməsindən Şimşonun canı boğazına yığıldı. 17 Ona görə də ürəyinin sirrini qadına açdı: «Mənim başıma ülgüc dəyməmişdi, çünki mən ana bətnindən Allahın Nəzirisiyəm. Əgər başım qırxılsa, o zaman bu qüvvə məndən çıxar və gücdən düşüb adi adam kimi olaram».
Şimşonun ölümü
18 Delila Şimşonun ürəyinin sirrini ona açdığını görəndə Filiştlilərin ağalarına xəbər göndərib onları çağırdı və dedi: «Bu dəfə də buraya gəlin, çünki o, ürəyindəki sirri mənə açdı». Filiştlilərin ağaları əllərində gümüş gətirərək Delilanın yanına gəldilər. 19 Delila dizləri üstündə Şimşonu yuxuya verdi. Sonra adam çağırıb onun saçının yeddi hörüyünü qırxdırdı və bununla onu gücdən saldı. Şimşonun gücü get-gedə yox oldu. 20 Delila yenə dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon yuxudan oyanıb düşündü: «Başqa vaxtlarda olduğu kimi bu dəfə də onların əlindən sıçrayıb çıxaram». Lakin bilmirdi ki, Rəbb ondan ayrılıb. 21 Filiştlilər onu yaxalayıb gözlərini çıxartdılar. Onu Qəzzəyə endirib tunc zəncirlərlə bağladılar. O, zindanda dəyirman daşı çəkirdi. 22 Lakin Şimşonun qırxılmış saçı yenidən bitməyə başladı.
23 Filiştlilərin ağaları öz allahları Daqona böyük qurban kəsmək və şənlik etmək üçün yığılıb dedilər: «Allahımız düşmənimiz Şimşonu bizə təslim etdi». 24 Xalq Şimşonu görəndə öz allahlarına həmdlər etdi və dedi:
«Ölkəmizə ziyan vuran,
Bizdən bir çoxunu öldürən
Düşmənimizi allahımız bizə təslim etdi».
25 Onların kefi kökələndə dedilər: «Şimşonu bura gətirin, qoy bizi əyləndirsin». Onlar Şimşonu zindandan çağırtdırdılar və Şimşon onların qarşısında oynadı. Onu dirəklər arasında dayandırdılar. 26 Şimşon əlindən tutan gəncə dedi: «Nə olar, məni burax, məbədin damını saxlayan dirəklərə toxunum və onlara söykənim». 27 Məbəd kişi və qadınlarla dolu idi. Filiştlilərin bütün ağaları da orada idi. Şimşonun oynamasına tamaşa edən üç minə qədər kişi və qadın isə damın üstündə idi.
28 Şimşon Rəbbə fəryad edib dedi: «Ey Xudavənd Rəbb, yalvarıram, məni yada sal. Yalvarıram, ay Allah, mənə ancaq bu dəfəlik qüvvət ver ki, bu Filiştlilərdən iki gözüm üçün bir zərbə ilə qisas alım». 29 Şimşon əllərini məbədin damını saxlayan iki orta dirəyə uzatdı. Sağ əli ilə bir, sol əli ilə isə o biri dirəkdən yapışdı. 30 Şimşon «qoy mən də Filiştlilərlə bir ölüm» dedi. Sonra var gücü ilə əyilərək dirəkləri itələyib məbədin damını oradakı bütün ağaların və xalqın üzərinə saldı. Beləliklə, Şimşon öləndə həyatı boyu öldürdüyü adamlardan daha çox adam öldürdü. 31 Onun qardaşları, atasının bütün külfəti məbədə endilər və Şimşonun meyitini oradan çıxarıb apardılar. Onu Sora ilə Eştaol arasında atası Manoahın məqbərəsində dəfn etdilər. Şimşon İsraildə iyirmi il hakimlik etmişdi.
17
redaktəMikeyanın ev bütləri
1 Efrayimin dağlıq bölgəsindən olan Mikeya adlı bir adam var idi. 2 O, anasına belə dedi: «Səndən oğurlanan min yüz şekel gümüşdən ötrü lənət etdin və bunu mənə eşitdirdin. Budur, o gümüş məndədir, onu mən götürmüşəm». Anası ona dedi: «Oğlum, qoy Rəbb sənə xeyir-dua versin». 3 O, min yüz şekel gümüşü anasına qaytardı. Anası ona dedi: «Bu gümüşün hamısını Rəbb üçün təqdis edirəm. Qoy oğlum ondan bir oyma və bir tökmə büt düzəltsin. İndi bu gümüşü sənə qaytarıram». 4 Gümüşü anasına geri qaytararkən anası iki yüz şekel gümüş götürüb zərgərə verdi. Ondan bir oyma və bir tökmə büt düzəltdirdi. Bu bütləri Mikeyanın evinə qoydular. 5 Mikeyanın ibadətgahı var idi. O, bir efod və ev bütləri düzəldib oğullarından birini özünə kahin təyin etdi. 6[26] O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi.
7 Yəhudanın Bet-Lexem şəhərindən olan bir Yəhudalının ailəsində yaşayan gənc Levili var idi. 8 Həmin adam yaşamağa bir yer tapmaq üçün Yəhudanın Bet-Lexem şəhərindən çıxdı. Səfərə çıxarkən Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldi. 9 Mikeya ona dedi: «Haradan gəlirsən?» O, Mikeyaya dedi: «Mən Yəhudanın Bet-Lexem şəhərindən gələn bir Leviliyəm, bir yer tapıb yaşamaq istəyirəm». 10 Mikeya ona dedi: «Mənimlə qal, mənə ata və kahin ol. Mən də sənə ildə on şekel gümüş, bir dəst paltar və yeməyini verərəm». Levili onunla getdi. 11 O, Mikeya ilə qalmağa razı oldu və bu gənc ona bir oğul kimi oldu. 12 Mikeya Levilini özünə kahin təyin etdi və bu gənc onun evində yaşadı. 13 Mikeya dedi: «İndi bilirəm ki, Rəbb mənə yaxşılıq edəcək, çünki bir Levili kahinim var».
18
redaktəMikeyanın evinin qarət edilməsi
1 O dövrdə İsraildə padşah yox idi. Elə həmin dövrdə Dan qəbiləsi yaşamaq üçün özlərinə irsi torpaq axtarırdı, çünki o günə qədər İsrail qəbilələri arasında onlara irs olaraq torpaq düşməmişdi. 2 Dan övladları ölkəni axtarıb aramaq üçün Sora və Eştaol şəhərlərindən olan bütün nəsillərindən beş nəfər igid adamı kəşfiyyata göndərdilər və onlara dedilər: «Gedin, ölkəni axtarın». Onlar Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldilər və orada gecələdilər. 3 Hələ Mikeyanın evinin yanında ikən gənc Levilinin səsini tanıdılar və evə tərəf dönüb ondan soruşdular: «Buraya səni kim gətirib? Burada nə edirsən? Sənin burada nə işin var?» 4 Levili onlara dedi: «Mikeya mənim üçün belə-belə işlər gördü. O məni muzdla tutdu və mən də onun kahini oldum». 5 Danlılar ona dedilər: «Rica edirik, Allaha müraciət et. Qoy biz getdiyimiz bu yolun necə uğurlu olacağını öyrənək». 6 Kahin onlara dedi: «Salamat gedin, getdiyiniz bu yol Rəbbə xoşdur».
7 Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi. 8 İgidlər Sora və Eştaol şəhərlərinə, öz xalqının yanına qayıdanda xalq onlara dedi: «Nə öyrənə bildiniz?» 9 İgidlər onlara dedilər: «Qalxın, Sidonlulara hücum edək, çünki onların torpağını gördük, çox yaxşıdır. Niyə boş dayanmısınız? Tərəddüd etməyin, gedib torpağı alın! 10 Oraya çatanda qayğısız bir xalq görəcəksiniz. Allahın sizə verdiyi bu torpaq çox genişdir. Ora elə torpaqdır ki, heç nəyə ehtiyacları yoxdur».
11 Dan nəslindən altı yüz kişi silahlanaraq Sora və Eştaoldan yola düşdülər. 12 Yəhudaya qalxıb Qiryat-Yearimdə gecələdilər. Buna görə də o yer bu günə qədər Maxane-Dan[27] adlanır. O yer Qiryat-Yearimin qərbində yerləşir. 13 Oradan Efrayimin dağlıq bölgəsinə keçdilər və Mikeyanın evinə gəldilər.
14 Layiş diyarını axtarmaq üçün gedən beş nəfər kişi öz xalqına sual verdi: «Bu evlərdə efod, ev bütləri, həm də oyma və tökmə bütlərin olduğunu bilirsinizmi? Onda görün nə edirsiniz, bu barədə bir qərara gəlin». 15 Onlar oraya burulub, o gənc Levilinin qaldığı Mikeyanın evinə gələrək onun hal-əhvalını xəbər aldılar. 16 Dan övladlarından döyüş üçün silahlanmış altı yüz nəfər onun darvazasının girişində dayandı. 17 Ölkəni axtarmağa gedən həmin o beş igid evə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdülər. Kahin və silahlanmış altı yüz nəfər isə darvazanın girişində dayanmışdı. 18 Onlar Mikeyanın evinə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdükləri zaman kahin onlardan soruşdu: «Nə edirsiniz?» 19 Onda dedilər: «Sus, əlinlə ağzını yum və dur bizimlə gedək, bizə ata və kahin ol. Sənin üçün bir adama kahin olmaq yaxşıdır, yoxsa bir İsrail qəbiləsinə, bir nəslə?» 20 Kahinin könlü şad oldu, efodla ev bütlərini və oyma bütü götürüb xalq ilə bərabər getdi.
21 Onlar öz külfətlərini, heyvanları və ev əşyalarını qabaqlarına qatıb yola düşdülər. 22 Mikeyanın evindən uzaqlaşanda Mikeyanın qonşuları toplaşaraq Dan övladlarına çatdılar. 23 Onlar Dan övladlarını səslədi. Dan övladları üzlərini Mikeyaya tutub dedi: «Sənə nə olub ki, bunları bura yığmısan?» 24 Mikeya onlara dedi: «Düzəltdiyim allahları və kahini götürüb getdiniz, bəs mənə nə qaldı? Hələ bir soruşursunuz ki, sənə nə olub?» 25 Dan övladları ona dedilər: «Səsin aramızda eşidilməsin, yoxsa qəzəbindən odlanan adamlarımız sənin üstünə düşər, həm öz həyatını, həm də evindəkilərin həyatını itirərsən». 26 Dan övladları yollarına davam etdilər. Mikeya bu adamların ondan güclü olduğunu görüb evinə qayıtdı.
27 Dan övladları Mikeyanın düzəltdiyi şeyləri və onun kahinini götürüb Layişə, dinc və rahat bir xalqa hücum etdi. Əhalisini qılıncdan keçirib şəhərə od vurdular. 28 Onları qurtaran olmadı, çünki Layiş Sidondan uzaqda idi. Bu xalqın başqa heç kəslə əlaqəsi yox idi. Bu şəhər Bet-Rexovun yanında olan bir vadidə yerləşir. Danlılar bu şəhəri bərpa edib orada yaşadılar. 29 Onlar İsraildən törənən öz ataları Danın xatirinə bu şəhərin adını Dan qoydular. Amma əvvəlcə şəhərin adı Layiş idi. 30 Dan övladları orada oyma bütü qurdular və əhali əsirliyə düşən günə qədər Musa oğlu[28] Gerşom oğlu Yonatan özü və oğulları Dan qəbiləsinə kahin oldu. 31 Allahın evi Şiloda olarkən bütün bu dövrdə Danlılar Mikeyanın düzəltdiyi oyma bütə sitayiş edirdilər.
19
redaktəGiveada baş verən dəhşətli hadisə
1 İsraildə padşah olmayan dövrdə Efrayimin dağlıq bölgəsinin ucqar bir hissəsində bir Levili yaşayırdı. O, Yəhudanın Bet-Lexem şəhərindən özü üçün bir cariyə almışdı. 2 Bu cariyə ona qarşı zina etdi və ondan ayrılıb atasının evinə, Yəhudanın Bet-Lexem şəhərinə qayıdaraq orada dörd ay qaldı. 3 Əri cariyənin könlünü alıb geri qaytarmaq üçün onun dalınca getdi. O özü ilə nökərini və bir cüt eşşək götürdü. Cariyə ərini ata evinə apardı və atası kişini görəndə onu sevinclə qarşıladı. 4 Bu kişinin qayınatası – gənc qadının atası onu evində qonaq saxladı. Kişi onlarda üç gün qaldı və onlar yeyib-içib orada gecələdilər. 5 Dördüncü gün sübh tezdən durdular. Kişi getməyə hazırlaşanda gənc qadının atası kürəkəninə dedi: «Bir loğma çörək ye ki, ürəyində taqət olsun, ondan sonra gedərsiniz». 6 Onlar oturdular və ikisi də birlikdə yeyib-içdilər. Sonra gənc qadının atası bu kişiyə dedi: «Rica edirəm, bu gecəni də bizimlə qal, qoy ürəyin şad olsun». 7 Kişi isə yola düşmək üçün ayağa qalxdı, lakin qayınatası təkidlə onun qalmasını istədiyinə görə o gecəni orada keçirdi. 8 Beşinci gün kişi geri qayıtmaq üçün sübh tezdən qalxanda gənc qadının atası ona dedi: «Rica edirəm, bir az yemək ye ki, ürəyində taqət olsun. Günortadan sonraya qədər ləngisəniz, nə olar?» Onlar ikisi də birlikdə yedilər və içdilər. 9 Kişi cariyəsi və nökəri ilə getmək üçün ayağa qalxanda qayınatası – gənc qadının atası ona dedi: «Bax gün günortanı keçib, axşama çatır. Rica edirəm, bu gecəni də burada qal, qoy ürəyin şad olsun. Sabah səhər tezdən durub evinizə qayıdarsınız».
10 Lakin bu kişi gecəni onunla qalmaq istəməyərək ayağa qalxıb yola düşdü. O, Yevus, yəni indiki Yerusəlim şəhərinin qarşısına gəlib çıxdı. Onun palanlı iki eşşəyi var idi, cariyəsi də yanında idi. 11 Onlar Yevusa yaxınlaşanda artıq gün batmaqda idi. Nökəri ağasına dedi: «Rica edirəm, gəl Yevusluların bu şəhərinə girək və burada gecələyək». 12 Ağası ona dedi: «Yox, İsrail övladlarından olmayan yadellilərin şəhərinə girməyək, Giveaya gedək». 13 Sonra ağası nökərinə dedi: «Gəl çalışaq Giveaya ya da ki Ramaya çataq. Onların birində gecələyək». 14 Onlar oradan keçib getdilər. Binyaminin Givea şəhərinə yaxınlaşarkən artıq günəş batmışdı. 15 Gecəni Giveada keçirmək üçün oranın yoluna döndülər. Kişi şəhərə girib meydanda oturdu, amma onları gecələmək üçün evinə aparan kimsə yox idi.
16 Bu zaman axşam bir qoca tarladan – işdən evə qayıdırdı. O, Efrayimin dağlıq bölgəsindən idi, amma Giveada yaşayırdı. Oranın sakinləri isə Binyaminlilərdən ibarət idi. 17 Bu qoca başını qaldırıb şəhərin meydanındakı yolçunu görüb dedi: «Haradan gəlib, hara gedirsən?» 18 Kişi ona dedi: «Biz Yəhudanın Bet-Lexem şəhərindən Efrayimin dağlıq bölgəsinin ucqar bir hissəsinə gedirik. Mən oralıyam. Yəhudanın Bet-Lexem şəhərinə getmişdim, indi isə Rəbbin evinə qayıdıram, amma məni evinə aparan yoxdur. 19 Halbuki eşşəklərimizin samanı da var, yemi də var. Mənim, qarabaşımın və yanımdakı nökərin çörəyi və şərabı var, heç nəyə ehtiyacımız yoxdur». 20 Qoca dedi: «Canın sağ olsun! Təki mənim üzərimə sənin ehtiyacların düşsün, ancaq meydanda gecələmə». 21 Onu götürüb evinə gətirdi və eşşəklərinə yem verdi. Hamı ayaqlarını yuyandan sonra yeyib-içdilər.
22 Onlar könüllərini şad edərkən, budur, şəhər sakinlərindən bir dəstə yaramaz adam evi əhatəyə alıb qapını döydü. Bu adamlar ev sahibi qocaya dedi: «Evinə gələn kişini bayıra çıxar, onunla cinsi əlaqədə olaq». 23 Ev sahibi bayıra çıxıb onlara dedi: «Yox, soydaşlarım, yalvarıram pislik etməyin. Madam ki bu adam mənim evimə gəlib, bu alçaqlığı etməyin. 24 Bax mənim evdə ərə getməmiş qızım və o kişinin cariyəsi var. Qoy onları bura çıxarım, bu biabırçılığı onlarla edin, onlarla gözünüzə xoş görünəni edin, lakin bu kişi ilə belə alçaqlıq etməyin». 25 Lakin bu adamlar ona qulaq asmaq istəmədilər. Ona görə də Levili cariyəsinin qolundan tutub bayıra – onların yanına çıxardı. Onlar onunla cinsi münasibətdə olub bütün gecəni səhərəcən pis işlər gördülər. Dan yeri söküləndə isə qadını buraxdılar. 26 Qadın gün ağaranda ağasının qaldığı yerə – qocanın evinə qayıdıb darvazanın yanında yerə sərildi və hava açılana qədər orada qaldı.
27 Ağası səhər qalxıb evin qapılarını açdı və yoluna davam etmək üçün çıxanda cariyəsini evin darvazasında əlləri astanada yerə sərilmiş gördü. 28 Kişi qadına dedi: «Dur, gedək». Lakin ondan heç bir cavab gəlmədi. Sonra kişi cariyəsini eşşəyin üstünə qoyub öz şəhərinə yola düşdü. 29 O, evinə çatanda bir bıçaq götürüb cariyəsinin cəsədini hissə-hissə on iki parçaya böldü. O doğradığı hissələri bütün İsrail ərazisinə göndərdi. 30 Bu hissələri görən hər kəs belə dedi: «İsrail övladları Misirdən çıxandan bu günədək belə bir hadisə olmamışdır və görünməmişdir. Bu barədə düşünün, məsləhətləşib bir qərar verin».
20
redaktəİsraillilərlə Binyaminlilər arasında olan qardaş qırğını
1 Bütün İsrail övladları Dandan Beer-Şevaya qədər ərazidən və Gilead torpağından Mispaya çıxdılar. İcma bir nəfər kimi Rəbbin önündə toplandı. 2 Bütün xalqın, bütün İsrail qəbilələrinin başçıları Allahın xalqının toplantısında öz yerlərini tutdular. Orada qılınc daşıyan dörd yüz min piyada var idi.
3 Binyamin övladları İsrail övladlarının Mispaya çıxdıqlarını eşitdi. Orada İsrail övladları dedilər: «Danışın görək, bu pis hadisə necə baş verdi?» 4 Öldürülən qadının əri olan Levili onlara cavab verdi: «Mənimlə cariyəm gecələmək üçün Binyaminin Givea şəhərinə daxil olduq. 5 Givea kişiləri mənə qarşı qalxdılar və mənim gecələdiyim evi mühasirəyə aldılar, məni öldürmək istədilər və cariyəmi zorladılar. Bunun nəticəsində qadın öldü. 6 Mən də cariyəmi götürüb parça-parça doğrayaraq hər hissəsini İsrailin irs torpaqlarının bütün bölgələrinə göndərdim, çünki İsraildə pozğunçuluq və alçaqlıq edilib. 7 Ey İsrail övladları! Baxın hamınız burada öz fikir və məsləhətinizi verin».
8 Bütün xalq bir nəfər kimi ayağa qalxıb dedi: «Bizdən heç kim çadırına getməyəcək və heç kim evinə qayıtmayacaq. 9 İndi belə bir iş görməliyik: püşk atıb Giveaya hücum edəcəyik. 10 Orduya azuqə gətirmək üçün İsrailin bütün qəbilələrinin hər yüz nəfərdən onunu, min nəfərindən yüzünü, on min nəfərindən minini götürəcəyik ki, Binyaminin Givea şəhərinə gedib çatanda İsraildə etdikləri alçaq işlərin hamısının əvəzini onlara edə bilsinlər». 11 Bütün İsraillilər bir nəfər kimi birləşib o şəhərə qarşı toplandılar.
12 İsrail qəbilələri Binyamin qəbiləsinin torpaqlarının hər tərəfinə qasidlər göndərib dedi: «Bu nə pislikdir, sizin aranızdan çıxıb? 13 İndi Giveada olan o yaramaz adamları bizə verin, onları öldürək və bununla İsraildən bu pisliyi təmizləyək». Lakin Binyamin övladları soydaşları olan İsrail övladlarının sözünə qulaq asmaq istəmədilər. 14 İsrail övladları ilə döyüşə çıxmaq üçün Binyamin övladları öz şəhərlərindən Giveaya toplandılar. 15 Həmin gün şəhərlərdən gələn Binyamin övladları Givea əhalisindən yığılmış yeddi yüz seçmə adamdan savayı, qılınc daşıyan iyirmi altı min kişi də yığdılar. 16 Bütün bu xalqın arasında solaxay olan yeddi yüz seçmə adam var idi ki, hər biri sərrast sapand atıb daşla başda olan bir tükü belə, vura bilirdi və atdıqları boşa çıxmırdı.
17 Binyaminlilərdən başqa, İsraillilərdən qılınc daşıyan dörd yüz iyirmi kişini saydılar ki, bunların da hamısı döyüşçü idi. 18 İsrail övladları Bet-Elə çıxdılar və Allaha müraciət edib dedilər: «Binyamin övladlarına qarşı biz tərəfdən əvvəlcə kim döyüşə çıxacaq?» Rəbb dedi: «Əvvəlcə Yəhuda qəbiləsi çıxacaq».
19 İsrail övladları səhər tezdən qalxıb Giveaya qarşı ordugah qurdular. 20 İsraillilər Binyaminlilərlə döyüşə çıxıb Giveada onlara qarşı düzüldülər. 21 Binyamin övladları Giveadan çıxdılar və o gün İsraillilərdən iyirmi iki min kişini vurub yerə sərdilər. 22 Lakin İsrail ordusu cəsarətə gəlib əvvəlki gün düzüldükləri yerdə yenə də döyüşə düzüldü. 23 İsrail övladları Bet-Elə çıxıb Rəbbin önündə axşama qədər ağladılar və Rəbbə müraciət edib dedilər: «Soydaşımız olan Binyamin övladları ilə yenə döyüşə girişəkmi?» Rəbb onlara dedi: «Onların qarşısına çıxın».
24 İkinci gün İsrail övladları Binyamin övladlarına yaxınlaşdılar. 25 Həmin gün də Binyaminlilər onların qarşısına çıxaraq İsrail övladlarından bu dəfə on səkkiz min kişini vurub yerə sərdi. Bunların hamısı qılınc daşıyan adamlar idi. 26 Bütün İsrail övladları, bütün ordu Bet-Elə çıxıb ağladı. Orada Rəbbin önündə qalıb axşama qədər oruc tutdular. Rəbbin hüzurunda yandırma və ünsiyyət qurbanları təqdim etdilər. 27 İsrail övladları Rəbbə müraciət etdilər, çünki Allahın Əhd sandığı o günlər orada idi. 28 Harun oğlu Eleazar oğlu Pinxas o dövrdə sandığın önündə dururdu. Onlar Rəbbə dedilər: «Soydaşlarımız olan Binyamin övladlarına qarşı bir daha döyüşə çıxaqmı, yoxsa bu işdən əl çəkək?» Rəbb dedi: «Çıxın, çünki sabah onları sizə təslim edəcəyəm».
29 İsraillilər pusquda duranları Giveanın ətrafında yerləşdirdilər. 30 Üçüncü gün yenə İsrail övladları Binyamin övladlarına qarşı çıxdılar və əvvəlki kimi Giveaya qarşı düzüldülər. 31 Binyamin övladları da bu xalqa qarşı çıxdılar və şəhərdən kənara çəkildilər. Əvvəlki kimi onlar İsrailliləri qırmağa başladılar. Bet-Elə və Giveaya gedən əsas yollarda otuz nəfər İsrailli qırıldı. 32 Binyamin övladları dedilər: «Əvvəlki kimi onlar yenə də qarşımızda məğlub olur». İsrail övladları isə dedilər: «Qaçaq, onları şəhərdən uzağa əsas yollara çıxardaq». 33 Bütün İsraillilər yerlərindən qalxıb Baal-Tamarda düzüldülər. Birdən-birə Givea yaxınlığında pusquda duran İsraillilər də yerlərindən çıxdılar. 34 Bütün İsraildən seçilmiş on min kişi Giveaya ön cəbhədən hücum etdi. Döyüş şiddətli idi. Amma Binyaminlilər müsibətlə qarşılaşdıqlarını bilmədilər. 35 Rəbb İsrailin önündə Binyaminliləri darmadağın etdi. Həmin gün İsrail övladları Binyaminlilərdən iyirmi beş min yüz kişini həlak etdi. Bunların hamısı qılınc gəzdirən adamlar idi.
36 Binyamin övladları gördülər ki, məğlub oldular. Belə oldu ki, İsraillilər Giveaya qarşı qurduqları pusquda duranlara güvəndiklərinə görə Binyaminlilərə meydan vermişdilər. 37 Pusquda duran adamlar cəld tərpənib Giveaya hücum etdilər və ətrafa yayılaraq bütün şəhəri qılıncdan keçirtdilər. 38 Şəhərdən qalxan böyük tüstü İsraillilərlə pusquda duranlar arasında təyin olunmuş işarə idi. 39 Bu işarəyə görə döyüş meydanındakı İsraillilər dönüb Binyaminlilərin üzərinə getməli idi. Binyaminlilər İsrailliləri qırmağa başladılar və otuz nəfərə qədər adamı öldürdülər. Ona görə də belə dedilər: «Yəqin əvvəlki döyüşdə olduğu kimi önümüzdə məğlub olurlar». 40 Lakin şəhərdən sütun kimi tüstü qalxmağa başlayanda Binyaminlilər arxaya baxıb bütün şəhərdən yanğının göyə yüksəldiyini gördülər. 41 İsraillilər dönüb onların üstünə gələndə Binyaminliləri dəhşət bürüdü, çünki fəlakətlə qarşılaşdıqlarını gördülər. 42 Onlar İsraillilərin önündən geri çəkilib çölə tərəf qaçdılar, lakin döyüş oranı da bürüdü. Onları şəhərdən çıxanlar mühasirəyə alıb qırdılar. 43 Binyaminliləri mühasirəyə alıb dayanmadan təqib edərək gündoğana tərəf Giveanın qarşısında onları əzdilər. 44 Binyaminlilərdən on səkkiz min nəfər yerə sərildi. Bunları hamısı igid cəngavər idi. 45 Qalanları dönüb çölə tərəf, Rimmon qayasına qaçdılar. İsraillilər əsas yollar boyunca onlardan beş min kişini qırdılar. Sonra Gidoma qədər Binyaminlilərin ardınca düşüb daha iki minini qırdılar. 46 Həmin gün qılınc gəzdirən iyirmi beş min Binyaminli qırıldı. Bunların hamısı igid cəngavər idi. 47 Altı yüz kişi isə dönüb çölə tərəf, Rimmon qayasına qaçdı və dörd ay orada qaldı. 48 İsraillilər Binyamin övladlarının torpaqlarına qayıdıb bütün şəhər sakinlərini və heyvanlarını, əllərinə nə keçdisə, hamısını qılıncdan keçirdilər. Sonra qarşılarına çıxan bütün şəhərlərə od vurdular.
21
redaktəBinyamin qəbiləsinin sonrakı aqibəti
1 İsraillilər «bizdən heç kim qızını Binyaminliyə ərə verməyəcək» deyə Mispada and içmişdilər. 2 Xalq Bet-Elə gedib orada axşama qədər Allahın hüzurunda oturaraq və fəryad edərək bərkdən ağladı. 3 Onlar dedilər: «Ey İsrailin Allahı Rəbb, niyə İsraildə belə hadisə baş verdi? Nə üçün bu gün İsraildən bir qəbilə əskildi?» 4 Ertəsi gün xalq tezdən qalxıb orada Rəbbə bir qurbangah tikərək yandırma və ünsiyyət qurbanları təqdim etdi.
5 İsrail övladları dedi: «Bütün İsrail qəbilələrindən Rəbbin önündəki toplantımıza gəlməyən varmı?» Çünki Mispada olan Rəbbin önündəki toplantıya gəlməyənlər haqqında möhkəm and içmişdilər ki, onlar öldürülməlidirlər. 6 İsrail övladları öz soydaşları Binyaminlilərdən ötrü kədərlənib dedilər: «Bu gün İsraildən bir qəbilə kəsildi. 7 Onlardan sağ qalanlara arvad tapmaq üçün nə edək? Axı onlara qızlarımızı ərə verməmək üçün Rəbbin haqqına and içmişik».
8 Sonra İsrail övladları soruşdu: «İsrail qəbilələrindən Mispaya, Rəbbin hüzuruna kim gəlməyib?» Toplantı üçün ordugaha Yaveş-Gileaddan heç kimin gəlmədiyini öyrəndilər, 9 çünki xalq siyahıya alınanda orada Yaveş-Gilead əhalisindən heç kimin olmadığı məlum oldu. 10 İcma oraya on iki min igid cəngavər göndərərək onlara əmr edib dedi: «Gedin, qadınlar və uşaqlar da daxil olmaqla Yaveş-Gilead əhalisinin hamısını qılıncdan keçirin. 11 Edəcəyiniz iş belə olacaq: hər kişini və kişi ilə yatan qadınların hamısını tamamilə məhv edin». 12 Yaveş-Gilead əhalisi arasında ərə getməmiş dörd yüz qız tapdılar və onları Kənan torpağında olan Şilodakı ordugaha gətirdilər.
13 Bütün icma Rimmon qayasında olan Binyamin övladlarının yanına adam göndərib danışdı və onları barışığa çağırdı. 14 O vaxt Binyaminlilər qayıtdılar və Yaveş-Gilead qadınlarından sağ qalan qadınlar onlara verildi, lakin gətirilənlər onların hamısına çatmadı. 15 Xalq Binyaminlilərdən ötrü kədərləndi, çünki Rəbb İsrail qəbilələri arasında bir yarıq açmışdı.
16 İcmanın ağsaqqalları dedi: «Qalanlar üçün necə arvad tapaq? Çünki Binyamindəki qadınlar həlak olmuşdu». 17 Ağsaqqallar sözlərinə davam etdi: «İsraildən bir qəbilə silinməsin deyə Binyamində sağ qalan oğulların varisi olmalıdır. 18 Biz qızlarımızı onlara ərə verə bilmərik, çünki İsrail övladları “Binyaminliyə qız verən lənətə gəlsin” deyə and içmişdilər».
19 Onlar sonra dedilər: «Baxın Bet-Elin şimalında, Bet-Eldən Şekemə çıxan əsas yolun şərqində və Levonanın cənubunda olan Şiloda ilbəil Rəbbin bayramı olur». 20 Beləliklə, Binyamin övladlarına belə əmr etdilər: «Gedib üzüm bağlarında pusquda durun, 21 baxın, güdün, Şilo qızları rəqsə çıxanda cəld bağlardan çıxın, hər kəs özünə arvad etmək üçün bir Şilo qızı götürüb Binyamin torpağına qaçsın. 22 Əgər onların ataları ya da qardaşları bizim yanımıza şikayətə gəlsələr, onlara belə deyərik: “Bizim xatirimizə Binyaminliləri bağışlayın, çünki əsir aldığımız qızlar hamısına çatmadı. Siz də onlara qız vermədiyinizə görə təqsirkar deyilsiniz”».
23 Binyamin övladları belə də etdilər və öz saylarına görə rəqs edən qızlardan götürüb qaçdılar. Sonra öz irs olan torpaqlarına qayıtdılar və şəhərləri bərpa edib o yerlərdə yaşadılar. 24 O vaxt İsrail övladları oranı tərk etdilər. Hər biri öz qəbiləsinə və öz nəslinin yanına qayıtdı, hər biri öz irs olan torpağına getdi.
25[29] O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi.
Qeydlər
redaktə- ↑ Yeşua 15:14-19
- ↑ Xurma şəhəri – Yerixo şəhəri.
- ↑ Xorma – ibrani dilində tamamilə yox etmək.
- ↑ Yeşua 15:63; 2Şam. 5:6; 1Saln. 11:4
- ↑ Yeşua 17:11-13
- ↑ Yeşua 16:10
- ↑ Çıx. 34:12-13; Qanun. 7:2-5
- ↑ Bokim – ibrani dilində ağlayanlar.
- ↑ Yeşua 19:49-50
- ↑ Çıx. 19:18; Zəb. 68:7-8
- ↑ Yahve-Şalom – ibrani dilində Rəbbin sülhü.
- ↑ Yerub-Baal – ibrani dilində Baal mübarizə aparsın.
- ↑ Qanun. 20:8
- ↑ Orta növbəsinin başlanğıcı – yəni axşam saat 10-a yaxın.
- ↑ Xavvot-Yair – ibrani dilində Yairin qəsəbələri.
- ↑ 1Şam. 12:10
- ↑ Say. 20:14-21
- ↑ Say. 21:4
- ↑ Say. 21:21-24
- ↑ Say. 22:1-6
- ↑ Say. 30:2
- ↑ Nəziri – yəni Allaha həsr olunan adam. Bax: Say. 6:2.
- ↑ Dördüncü gün – qədim yunan və süryani tərcümələrində belədir, ibrani mətnində isə yeddinci gün.
- ↑ Ramat-Lexi – ibrani dilində çənə sümüyü təpəsi.
- ↑ En-Haqqore – ibrani dilində fəryad edənin çeşməsi.
- ↑ Hak. 21:25
- ↑ Maxane-Dan – ibrani dilində Dan ordugahı.
- ↑ Musa oğlu – ibrani dilində Menaşşe oğlu kimi də oxunur.
- ↑ Hak. 17:6