Bibliya/Yaqubun Məktubu

İbranilərə Məktub Bibliya. Yaqubun Məktubu

Peterin Birinci Məktubu


1 2 3 4 5 Qeydlər

«Yaqubun Məktubu» «millətlər arasına səpələnmiş on iki qəbiləyə» ünvanlanıb. Bu məktubda təcrübi təlimatlar və öyüd-nəsihətlər var. Müəllif məsihçi münasibətlərini və davranışını öyrətmək üçün məcazi mənada bir çox ifadələr işlədir. Yaqub məsihçi nöqteyi-nəzərindən bir çox mövzulara toxunur. O öz məktubunda var-dövlət, yoxsulluq, sınaqlar, yaxşı davranış, iman və əməllər, dilimizdəki sözlər, müdriklik, münaqişələr, qürur və itaətkarlıq, başqalarını mühakimə etmək, öyünmək, səbir və digər vacib mövzulardan yazır. Yaqubun məktubu məsihçilərə imanla bərabər əməlləri də tətbiq etməyi vurğulayır.

Kitabın məzmunu:

  • 1:1-18 Sınaqlara dözmək
  • 1:19-27 Eşitmək və icra etmək haqqında
  • 2:1-13 Var-dövlət və yoxsulluq
  • 2:14-26 İman və əməllər
  • 3:1-12 Dil haqqında
  • 3:13-18 Həqiqi müdriklik
  • 4:1-17 Allaha tabe olmaq haqqında
  • 5:1-6 Varlılara xəbərdarlıq
  • 5:7-20 Səbir haqqında

1[1] Allahın və Rəbb İsa Məsihin qulu mən Yaqubdan millətlər arasına səpələnmiş on iki qəbiləyə[2] salam!

Sınaqlara dözmək

2 Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. 3 Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. 4 Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.

5 Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək. 6 Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir. 7 Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq. 8 O qərarsızdır, heç bir yolunda sabit deyil.

9[3] Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin, 10 varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək. 11 Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.

12 Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq. 13 Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir. 14 Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir. 15 Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm törədir.

16 Ey sevimli qardaşlarım, aldanmayın: 17 hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından[4] gəlir. 18 O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.

Eşitmək və icra etmək

19 Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun. 20 Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir. 21 Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin.

22 Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. 23 Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir: 24 O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur. 25 Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır!

26 Əgər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur. 27 Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.

1 Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin. 2 Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə, 3 gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə, 4 öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı? 5 Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi? 6 Sizsə kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi məhkəmələrə çəkən onlar deyilmi? 7 Sizin məxsus olduğunuz Şəxsin şərəfli adına küfr edən onlar deyilmi?

8[5] Əgər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz. 9 Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz. 10 Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur. 11[6] Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan. 12 Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın. 13 Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir.

İman və əməllər

14 Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi? 15 Əgər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa 16 və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı üçün lazım olanları vermirsə, nə faydası var? 17 İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür.

18 Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə göstərəcəyəm. 19 Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər! 20 Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi? 21[7] Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı? 22 Görürsən, iman onun əməlləri ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır. 23[8] Beləliklə, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı belə yerinə yetdi və İbrahim Allahın dostu adlandırıldı. 24 Görürsünüz ki, insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır. 25[9] Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı? 26 Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür.

Dil haqqında

1 Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın. 2 Çünki hamımız çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır. 3 Bizə itaət etsinlər deyə atların ağzına yüyən taxırıq, beləcə bütün bədənlərini döndəririk. 4 Bax gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür. 5 Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür.

Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır! 6 Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. 7 Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir. 8 Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur. 9[10] Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik. 10 Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır. 11 Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı? 12 Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su[11] gələ bilməz.

Həqiqi müdriklik

13 Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin. 14 Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin. 15 Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir. 16 Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır. 17 Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır. 18 Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.

Allaha tabe olun

1 Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi? 2 Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz. 3 Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz. 4 Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər. 5 Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə

«Allahın daxilimizə verdiyi[12] ruh qısqanclıqla həsrət çəkər»
deyir? 6[13] Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir:
«Allah məğrurlara qarşıdır,
İtaətkarlara isə lütf göstərər».

7 Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq. 8 Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın! 9 Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün! 10 Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq.

11 Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən. 12 Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən?

13[14] İndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq». 14 Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır. 15 Bunun əvəzinə «əgər Rəbb istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz. 16 İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir. 17 Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.

Varlılara xəbərdarlıq

1 İndi isə, ey varlılar, başınıza gələcək kədərli hadisələrə görə fəryad edib ağlayın! 2[15] Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib. 3 Qızıl-gümüşünüz paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizi od kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlət yığmısınız. 4[16] Bax zəmilərinizi biçən işçilərdən hiyləgərcəsinə gizlətdiyiniz əmək haqqı sizə qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb! 5 Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Boğazlanma günündə də özünüzü kökəldirsiniz! 6 Sizə müqavimət göstərməyən salehi məhkum edib öldürdünüz.

Səbirli olun

7 Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir. 8 Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır. 9 Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında durur! 10 Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün. 11[17] Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb çox rəhmli və mərhəmətlidir.

12[18] Lakin hər şeydən əvvəl, qardaşlarım, nə göyə, nə yerə, nə də başqa bir şeyə and için. Qoy sizdə «bəli»niz bəli, «xeyr»iniz xeyr olsun ki, mühakiməyə düşməyəsiniz.

13 Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun. 14[19] Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. 15 İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq. 16 Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir. 17[20] İlyas təbiətcə bizim kimi bir adam idi və o səylə dua etdi ki, yağış olmasın. Üç il altı ay torpağa yağış yağmadı. 18[21] O yenə də dua etdi və göy yağış yağdırdı, torpaq da barını verdi.

19[22] Qardaşlarım, əgər aranızdan biri haqq yolundan azar və kimsə onu doğru yola qaytararsa, 20 qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdən xilas edər və bir çox günahın üstünü örtər.

Qeydlər

redaktə
  1. Mat. 13:55; Mark 6:3; Həv. 15:13; Qal. 1:19
  2. On iki qəbiləyə – yəni imanlılara.
  3. Yeş. 40:6-7
  4. Nurlar Atasından – yəni nur Olan və səma cisimlərini yaradan Ata Allahdan. Bax: Yar. 1:14-19; 1Yəh. 1:5.
  5. Lev. 19:18
  6. Çıx. 20:13-14; Qanun. 5:17-18
  7. Yar. 22:1-14
  8. Yar. 15:6; 2Saln. 20:7; Yeş. 41:8; Rom. 4:3,9; Qal. 3:6
  9. Yeşua 2:1-21
  10. Yar. 1:26
  11. Şor bulaqdan şirin su – bəzi əlyazmalarda heç bir bulaqdan həm şor, həm də şirin su.
  12. Allahın daxilimizə verdiyi – bəzi əlyazmalarda Daxilimizdə qalan.
  13. Sül. 3:34
  14. Sül. 27:1
  15. Mat. 6:19
  16. Qanun. 24:14-15
  17. Əyy. 1:20-22; 2:10; Zəb. 103:8
  18. Mat. 5:34-37
  19. ]Mark 6:13
  20. 1Pad. 17:1; 18:1
  21. 1Pad. 18:41-45
  22. Sül. 10:12; 1Pet. 4:8

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy