Bibliya/Nahum Peyğəmbərin Kitabı

Mikeya Peyğəmbərin Kitabı Bibliya. Nahum Peyğəmbərin Kitabı

Habaqquq Peyğəmbərin Kitabı


1 2 3 Qeydlər


«Nahum» Kitabı İsraillilərin qüdrətli düşməni olan Aşşurun paytaxtı Ninevanın süqutunu əvvəlcədən bildirən kitabdır. Miladdan əvvəl 614-cü ildə baş vermiş Ninevanın süqutu qəddar və təkəbbürlü millətin üzərində Allahın məhkəməsi kimi qiymətləndirilir.

Kitabın məzmunu:

  • 1:1-15 Rəbbin Ninevadan aldığı qisas
  • 2:1-3:19 Ninevanın dağılması

1[1] Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır.

Rəbbin Ninevadan aldığı qisas

2 Rəbb qısqancdır, qisas alan Allahdır,
İntiqam alır, qəzəblə doludur,
Düşmənlərindən qisas alır,
Yağılarına qarşı qəzəblidir.
3 Rəbb hədsiz səbirlidir, qüdrətlidir,
Təqsirkarı əsla cəzasız qoymaz,
Onun yolu qasırğadadır, fırtınadadır,
Buludlar ayaqlarının tozudur,
4 Dənizə əmr edib onu qurudar,
Bütün çayların sularını da qurudar,
Başan və Karmel meşələri saralır,
Livanın gül-çiçəyi solur.
5 Rəbbin hüzurundan dağlar titrəyir,
Təpələr əriyir,
Yer üzü Rəbbin önündə sarsılır,
Dünya və onun sakinləri lərzəyə gəlir.
6 Onun qəzəbinə qarşı kim dura bilər?
Qızğın hiddətinə kim tab gətirər?
Rəbbin qeyzi od kimi tökülər,
Qarşısında qayalar dağılar.
7 Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır,
Ona güvənənləri tanıyır.
8 Lakin O, Ninevanın olduğu yeri
Azğın sellərlə məhv edəcək.
Düşmənlərini zülmətə salacaq.

9 Rəbbə qarşı nə qəsd etsələr,
O hər şeyə son qoyacaq,
Onlardan bir daha bəla çıxmaz.
10 Tikanlar kimi bir-birinə dolaşmışlar,
Əyyaşlar kimi sərxoş olmuşlar,
Quru küləş tək tamamilə yanacaqlar.
11 Ey Nineva, Rəbbə qarşı pislik düşünən
Şər məsləhətçini sən yetirdin!
12 Rəbb belə deyir:
«Aşşurlular çox və güclü olsa da,
Yenə məhv olub gedəcək.
Ey xalqım İsrail, sənə çox əzab vermişəm,
Səni bir daha incitmərəm.
13 İndi boyunduruğunu parçalayıb,
Qandallarını qıracağam».

14 Ey Nineva, Rəbb sənin haqqında
Belə əmr verib:
«Artıq övladların olmayacaq, adını daşımayacaq,
Allahlarının məbədindən
Oyma bütləri, tökmə bütləri məhv edəcəyəm.
Qəbir qazacağam sənə, çünki alçaqsan!
15[2] Budur, müjdə gətirənin
Ayaqları dağlar aşır, gəlir,
Sülh xəbəri gətirir.
Ey Yəhuda, bayramlarını keçir,
Əhdlərini yerinə yetir!
O pis millətin ayağı ölkəndən artıq keçməyəcək,
Çünki tamamilə məhv oldu».

Ninevanın dağılması

1 Ey Nineva, həlak edən qüvvə qarşına çıxdı,
İstehkamını qoru, yolunu qoru,
Belini möhkəm qurşa,
Bütün gücünü topla!

2 Rəbb Yaqub nəslini
İsrailin əvvəlki əzəmətinə qaytaracaq.
Hərçənd quldurlar onu viran etdi,
Tənəklərini dağıtdı.

3 İgidlərin qalxanları qıpqırmızıdır,
Cəngavərlərin libasları al rəngdədir.
Onlar hazır olan gün
Döyüş arabalarının dəmirləri necə də parıldayır,
Şam ağacından nizələr havada oynayır!
4 Döyüş arabaları küçələrdən dəlicəsinə qaçır,
Meydanlarda ora-bura yüyürür,
Məşəllər kimi parıldayır,
Şimşək kimi cəld qaçır.
5 Nineva padşahı seçmə əsgərlərini toplayır,
Amma onlar yolda büdrəyir.
Düşmən orduları şəhər divarına tərəf qaçır,
Qalxanlarını qaldırıb sipər qurur.
6 Çayların suyunu saxlayan bəndlər açıldı,
Sarayı dəhşət bürüdü.
7 Mələkəni lüt-üryan aparırlar,
Kənizləri qumru kimi inləyib
Sinələrinə vurur.
8 Qədimdən bəri Nineva
Sulu hovuz kimi idi,
İndi isə sular axıb gedir,
Onlara «Dayanın, dayanın!» deyirlər,
Amma geri dönən yoxdur.
9 Gümüşü talan edin, qızılı oğurlayın,
Sərvətlərin sonu yoxdur,
Bol miqdarda qiymətli əşyalar var.

10[3] Nineva viran oldu, dağıldı, xaraba qaldı!
Sakinlərinin ürəyi əsir, dizləri taqətdən düşür.
Hamının bədənləri titrəyir, üzləri solur!
11 Nə oldu aslanlar yuvasına?
Gənc aslanların bəsləndiyi,
Şirlə dişisinin və balalarının qorxusuz gəzdiyi yerə nə oldu?
12 Aslan öz balalarına kifayət qədər şikar ovladı,
Dişisi üçün ovunu boğazladı,
Mağarasını ovladığı heyvanlarla,
Yuvasını şikarla doldurdu.

13 Ordular Rəbbi bəyan edir:
«Mən sizin əleyhinizəyəm,
Döyüş arabalarınızı tüstüdə yandıracağam,
Gənc aslanlarını qılınc yeyəcək,
Yer üzündən şikarını kəsəcəyəm,
Qasidlərinin səsi daha eşidilməyəcək».

1 Qanlı şəhərin vay halına!
O yalan və soyğunçuluqla doludur,
Orada quldurluğun ardı kəsilmir!
2 Qamçı səsi, təkərlər gurultusu,
Çapan atların, yırğalanan döyüş arabalarının sədası!
3 Süvarilər hücum edir, qılınclar parıldayır,
Nizələr bərq vurur, ölənlər yığın-yığın,
Cəsədlərin sayı yox,
İnsanların ayağı meyitlərə dolaşır!
4 Millətləri fahişəliyi ilə,
Xalqları cadugərliyi ilə satan, cazibəli,
Cadugərlikdə mahir fahişə – Ninevanın
Hədsiz əxlaqsızlığına görə
Bunlar baş verdi.

5 Ordular Rəbbi bəyan edir:
«Ey Nineva, Mən sənin əleyhinəyəm!
Paltarının ətəyini üzünə qaldıracağam,
Çılpaqlığını millətlərə göstərəcəyəm,
Ayıbını ölkələrə açacağam.
6 Üstünə iyrənc şeyləri atacağam,
Səni rüsvay edəcəyəm,
Tamaşaya qoyacağam!
7 Səni görənlərin hamısı səndən qaçıb
Belə deyəcək:
“Nineva viran qaldı!
Onun üçün kim ağlayacaq?”
Haradan sənə təsəlli verənləri tapım?»

8 Axı sənin No-Ammondan[4] nəyin artıqdır?
O şəhər çaylar arasında yerləşib
Sularla əhatə olunmuşdu,
Sipəri dəniz,
Qala divarı isə Nil çayı idi.
9 Kuş və Misir onun sonsuz qüvvəti idi,
Put və Liviya da köməkçiləri idi.

10 Lakin əsir aparıldı, sürgün oldu,
Övladları parça-parça doğrandı,
Hər küçə başına atıldı,
Adlı-sanlı adamları üçün püşk atdılar,
Əyanlarını qandallara saldılar.
11 Sən də, ey Nineva, sərxoş olacaqsan,
Mat-məəttəl qalacaqsan,
Düşmənlərin əlindən pənahgah axtaracaqsan.

12 Bütün istehkamların
Əncir ağacının ilk yetişən meyvələri kimidir,
Silkələnəndə yeyənin ağzına düşür.
13 Budur, əsgərlərin qadın kimidir,
Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb.
Qapı rəzələrini od yeyib.

14 Mühasirə vaxtı üçün özünə su çək,
Qalalarını möhkəmləndir,
Çamıra gir, palçığı tapda,
Kərpic kəsmək üçün qəlib götür!
15 Orada od səni yeyib-qurtaracaq,
Qılınc səni kəsib-qıracaq,
Çəyirtkələrin yedikləri əkin kimi yox olacaqsan.
Sayını çəyirtkə kimi artır,
Özünü qaynaşan çəyirtkə kimi çoxalt!
16 Tacirlərinin sayı
Göylərdəki ulduzlardan çoxdur,
Amma düşmənlərin
Çəyirtkə kimi ölkəni talan edib uçacaq.
17 Gözətçilərin çəyirtkə kimi,
Məmurların çəyirtkə sürüsü kimidir –
Soyuq gündə çəpərlərə yerləşir,
Gün doğanda uçub gedir,
Getdikləri yer bilinmir.

18 Ey Aşşur padşahı,
Əyanların ölüm yuxusuna gedib,
Adlı-sanlı adamların yatıb.
Xalqın dağlara səpələnib,
Onları bir yerə yığan yoxdur.
19 Dərdinə dərman yoxdur, yaraların sağalmaz.
Barəndə xəbər eşidənlər sevinib əl çalır.
Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?

Qeydlər

redaktə
  1. Yeş. 10:5-34; 14:24-27; Sef. 2:13-15
  2. Yeş. 52:7
  3. Yoel 2:6
  4. No-Ammon – qədim Misirin paytaxt şəhərlərindən biri.

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy