Bibliya/Paulun Qalatiyalılara Məktubu
←Paulun Korinflilərə İkinci Məktubu | Bibliya. Paulun Qalatiyalılara Məktubu |
Paulun Efeslilərə Məktubu→ |
1 | 2 | 3 | 4 | 5 | 6 | Qeydlər |
Paulun bu məktubu Asiyadakı Roma vilayətlərindən biri olan Qalatiya imanlılarına ünvanlanıb. Məktubun əsas mövzusu Yəhudi olmayan millətlərin İsa Məsihi öz Rəbbi və Xilaskarı olaraq qəbul etdikdə Tövratın qanunlarına əməl edib-etməmək məsələsidir. Paul qanuna əməl etmənin vacib olmadığını sübut edirdi. O yazır ki, Məsihlə birgə həyat yalnız imana əsaslanmalıdır. Lakin Qalatiyadakı cəmiyyətlərin bir neçəsi Paula qarşı çıxmış və Allahla düzgün münasibətlər qurmaq üçün Tövratın qanunlarına əməl etməyi tələb etmişdi.
Paulun Qalatiyalılara məktub yazmağının məqsədi bu yanlış təlimlə aldanmış adamları həqiqi iman yoluna və əsl məsihçi dəyərlərinə qaytarmaq idi. Paul həm də İsa Məsihin həqiqi həvarisi kimi öz hüquqlarını müdafiə edirdi. O yazır ki, Allah onu Yəhudi olmayan xalqlar üçün həvari olmağa çağırmışdı. Sonra Paul Allahla insanlar arasındakı düzgün münasibətlərin yalnız iman vasitəsilə qurulmasını vurğulayır. Sonuncu fəsillərdə Paul göstərir ki, məsihçi davranışı Məsihə iman etməkdən qaynaqlanan məhəbbətə əsaslanmalıdır.
Kitabın məzmunu:
- 1:1-10 Giriş
- 1:11-2:21 Paulun həvari kimi səlahiyyəti
- 3:1-4:31 Allahın lütf müjdəsi
- 5:1-6:10 Məsihdə azadlıq və məsuliyyət
- 6:11-18 Son öyüdlər və salamlar
1
redaktə1 Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan 2 və mənimlə olan bütün qardaşlardan Qalatiyada[1] olan imanlı cəmiyyətlərə salam! 3 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! 4 Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. 5 Allaha əbədi izzət olsun! Amin.
Tək Müjdə
6 Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz. 7 Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır. 8 Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun! 9 Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir şey yayırsa, ona lənət olsun! 10 İndi mən insanları, yoxsa Allahı məmnun etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım. Paul Məsihin həvarisi olur 11 Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi insan deyil. 12 Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə İsa Məsih vəhy vasitəsilə açdı.
13[2] Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım. 14 Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq çəkirdim. 15[3] Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah 16 Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim. 17 Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım.
18[4] Üç il keçəndən sonra isə Kefa[5] ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım. 19 O biri həvarilərin heç birini görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm. 20 Allahın önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm. 21 Sonra Suriya və Kilikiya diyarlarına getdim. 22 Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən tanımırdılar. 23 Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən şəxs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir». 24 Beləliklə, mənə görə Allahı izzətləndirirdilər.
2
redaktəDigər həvarilər Paulu qəbul edir
1 On dörd il keçəndən sonra isə Barnaba ilə birlikdə Titi də özümlə götürüb yenə Yerusəlimə getdim. 2 Vəhy vasitəsilə getdim. Başqa millətlər arasında vəz etdiyim Müjdəni onlara, etibarlı olanlara şəxsən təqdim etdim ki, boş yerə cəhd etməyim yaxud da cəhd etmiş olmayım. 3 Yanımda olan Tit də Yunan olduğu halda sünnət olunmağa məcbur edilmədi. 4 Bu iş aramıza gizlicə soxulan yalançı qardaşlar üzündən oldu. Onlar Məsih İsada malik olduğumuz azadlığı əl altından öyrənib bizi kölə etmək üçün gizlicə aramıza girdilər. 5 Onlara bir anlıq da olsa, baş əyib təslim olmadıq ki, Müjdənin həqiqəti sizinlə qalsın.
6[6] Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil, Allah insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim dediklərimə heç nə artırmadılar. 7 Əksinə, sünnətlilərə[7] Müjdə yaymaq işi Peterə tapşırıldığı kimi sünnətsizlər[8] arasında Müjdə yaymaq işinin mənə tapşırıldığını gördülər. 8 Çünki sünnətlilərə həvari olması üçün Peterdə fəal olan Allah başqa millətlər üçün məndə də fəal oldu. 9 Cəmiyyətin sütunları sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda mənə və Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa millətlərin, onlarsa sünnətlilərin yanına getsin. 10 Yalnız yoxsulları yad etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim.
Paul Antakyada Peteri məzəmmətləyir
11 Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki tənqidə layiq idi. 12 Çünki Yaqubun yanından bəzi adamlar gəlməmişdən əvvəl Peter başqa millətlərdən olanlarla yemək yeyirdi. Həmin adamlar gəldikdə isə sünnət tərəfdarlarından qorxaraq başqa millətlərin yanından çəkilib ayrı durdu. 13 Onunla birlikdə o biri Yəhudilər də ikiüzlülük etdilər. Hətta Barnaba belə, onların ikiüzlülüyünə qapıldı. 14 Amma mən Müjdənin həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında Kefaya dedim: «Əgər sən Yəhudi olduğun halda Yəhudi kimi deyil, başqa millətlərdən biri kimi yaşayırsansa, necə başqa millətləri Yəhudi kimi yaşamağa məcbur edirsən?»
15 Biz anadangəlmə Yəhudilərik, başqa millətdən olan «günahkarlar» deyilik. 16[9] Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz. 17 Əgər biz Məsihdə saleh sayılmaq istərkən özümüz günahkar çıxsaq, belə çıxır ki, Məsih günah xidmətçisidir? Əsla! 18 Əgər mən əvvəlcə yıxdığımı yenidən tikirəmsə, özümü Qanunu pozan olaraq göstərirəm. 19 Çünki mən Qanun vasitəsilə Qanuna münasibətdə öldüm[10] ki, Allah üçün yaşayım. 20 Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram. 21 Allahın lütfünü rədd etmirəm. Çünki əgər salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.
3
redaktəQanun və iman
1 Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi?[11] İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu! 2 Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız? 3 Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz? 4 Boş yerəmi o qədər əzab çəkdiniz? Həqiqətən, bunlar boş yerə idi? 5 Bəs sizi Ruhla təmin edən və aranızda möcüzələr yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman etməyinizlə icra edir?
6[12] Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». 7[13] İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur. 8[14] Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi. 9 Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar.
10[15] Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!» 11[16] Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq». 12[17] Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». 13[18] Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!» 14 Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq.
Qanun və Allahın vədi
15 Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq etdiyi əhdi heç kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə bilməz. 16[19] Vədlər yalnız İbrahimə və onun nəslinə verildi. Allah çox adam barədə danışırmış kimi «və nəslindən olanlara» yox, tək bir adam barədə danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» Məsihdir. 17[20] Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi[21] Əhdi bundan dörd yüz otuz il sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin. 18[22] Çünki əgər irs Qanuna əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah İbrahimə irsi vəd vasitəsilə lütfə görə verdi.
19 Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi. 20 Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.
Qanunun məqsədi
21 Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat verməyə qadir olan bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla gələrdi. 22 Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin.
23 Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək iman zühur edənə qədər əsir tutulmuşduq. 24 Yəni Qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq. 25 Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik.
26 Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız. 27 Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. 28 Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz. 29[23] Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz.
4
redaktə1 Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir. 2 O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır. 3 Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik. 4[24] Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, 5 Qanun altında olanları satın alsın və biz övladlığa götürülək. 6 Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. 7 Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
Paulun Qalatiyalılar üçün qayğıları
8 Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz. 9 İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz? 10 Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz! 11 Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.
12 Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz. 13 Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim. 14 Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz. 15 İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz. 16 Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum? 17 Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər. 18 Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun. 19 Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm. 20 İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.
Sara ilə Həcərin məsəli
21 Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi? 22[25] İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından[26] doğulmuşdu. 23 Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu. 24 Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir. 25 Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir. 26 Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır. 27[27] Çünki yazılıb:
«Şənlən, ey sonsuz, qısır qadın!
Sevinclə mahnı oxu, qışqır,
Ey doğuş ağrısı çəkməyən qadın!
Çünki atılmış qadının övladları
Ərli qadının övladlarından çoxdur».
28 Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız. 29[28] Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir. 30[29] Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq». 31 Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq.
5
redaktəMəsihin verdiyi azadlıq
1 Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durum[30] və yenidən köləlik boyunduruğuna tabe olmayın.
2 Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç bir fayda verməz. 3 Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur. 4 Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz. 5 Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik. 6 Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
7 Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi? 8 Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil. 9[31] Azacıq maya bütün xəmiri acıdır. 10 Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək. 11 Amma, qardaşlar, əgər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı. 12 Ah, kaş sizi çaşdıranlar özlərini axtalayaydılar!
Cismani təbiət və Müqəddəs Ruh
13 Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin. 14[32] Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev». 15 Əgər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz.
16 Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz. 17 Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz. 18 Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz.
19 Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq,[33] murdarlıq, pozğunluq, 20 bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr, 21 paxıllıq,[34] sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.
22 Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, 23 həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. 24 Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər. 25 Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək. 26 Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.
6
redaktəBir-birinizin yüklərini daşıyın
1 Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver. 2 Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin. 3 Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır. 4 Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək. 5 Çünki hər kəs öz üzərinə düşən yükü daşımalıdır.
6 Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün.
7 Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək. 8 Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. 9 Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik. 10 Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.
Son öyüdlər və salamlar
11 Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım! 12 Zahirən və cismən yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət olunmağa məcbur edirlər. 13 Axı sünnət olunanların özləri də Qanuna riayət etmirlər. Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər. 14 Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim. 15 Çünkil əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır. 16 Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin.
17 Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram.
18 Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! Amin.
Qeydlər
redaktə- ↑ Qalatiya – indiki Türkiyə ərazisində olmuş bir vilayət.
- ↑ Həv. 8:3; 22:2-5; 26:9-11
- ↑ Həv. 9:3-6; 22:6-10; 26:13-18
- ↑ Həv. 9:26-30
- ↑ Kefa – yəni Peter. Bax: Yəhya 1:42.
- ↑ Qanun. 10:17
- ↑ Sünnətlilər – yəni Yəhudilər.
- ↑ Sünnətsizlər – yəni başqa millətlər.
- ↑ Zəb. 143:2; Rom. 3:20,22
- ↑ Qanuna münasibətdə öldüm – yəni Qanunun mənim üzərimdəki hakimiyyətindən qurtuldum.
- ↑ Tilsimlədi? – bəzi əlyazmalarda tilsimlədi ki, həqiqətə itaət etməyəsiniz? (Qal. 5:7).
- ↑ Yar. 15:6; Rom. 4:3; Yaq. 2:23
- ↑ Rom. 4:16
- ↑ Yar. 12:3
- ↑ Qanun. 27:26
- ↑ Hab. 2:4
- ↑ Lev. 18:5
- ↑ Qanun. 21:22-23
- ↑ Yar. 12:7; 13:14-15
- ↑ Çıx. 12:40
- ↑ Təsdiq etdiyi – bəzi əlyazmalarda Məsih barəsində təsdiq etdiyi.
- ↑ Rom. 4:14
- ↑ Rom. 4:13
- ↑ Rom. 8:15-17
- ↑ Yar. 16:15; 21:2-3
- ↑ Cariyədən … azad qadından – yəni Həcərdən … Saradan.
- ↑ Yeş. 54:1
- ↑ Yar. 21:9-10
- ↑ Yar. 21:10,12
- ↑ Məsih … durun – bəzi əlyazmalarda Ona görə də Məsihin bizə verdiyi azadliqda möhkəm durun.
- ↑ 1Kor. 5:6
- ↑ Lev. 19:18
- ↑ Cinsi əxlaqsızlıq – bəzi əlyazmalarda zinakarlıq, cinsi əxlaqsızlıq.
- ↑ Paxıllıq – bəzi əlyazmalarda paxıllıq, qatillik.