Bibliya/Lukanın Nəql Etdiyi Müjdə

Markın Nəql Etdiyi Müjdə Bibliya. Lukanın Nəql Etdiyi Müjdə

Yəhyanın Nəql Etdiyi Müjdə


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 Qeydlər

«Lukanın nəql etdiyi Müjdə» İsa Məsihi həm İsrailin, həm də bütün bəşəriyyətin vəd olunmuş Xilaskarı olaraq təqdim edir. Luka yazır ki, İsa «fəqirlərə müjdəni bildirmək üçün» göndərilmişdi. Bu Müjdə insan ehtiyaclarını aradan qaldırma yollarını göstərən və insanların qayğısına qalan fikirlərlə doludur. Lukanın nəql etdiyi Müjdənin xüsusi keyfiyyətlərindən biri də burada olan sevinc əhval-ruhiyyəsidir. Bu, xüsusilə, Müjdənin başlanğıcında İsanın gəlişini və sonda İsanın göyə qaldırılmasını bəyan edən fəsillərdə təsvir olunur. İsanın göyə qaldırılmasından sonra məsihçi imanının artıb-yayılması həmin müəllif tərəfindən «Həvarilərin İşləri» kitabında yazılmışdır.

Buraya daxil olan iki hissə (1-2 və 9-19-cu fəsillər) yalnız bu kitabda təsvir olunur. Onlardan biri mələklərin nəğməsi və İsa anadan olanda çobanların Onun yanına gəlməsidir. Bu hissələrə həmçinin yeniyetmə İsanın məbəddə olması, xeyirxah Samariyalı və itmiş oğul məsəlləri də daxildir. Bu Müjdədə dua, Müqəddəs Ruhun fəaliyyəti, İsanın xidmətində qadınların rolu və Allahın günahları bağışlaması xüsusilə vurğulanır.

Kitabın məzmunu:

  • 1:1-4 Kitabın Teofilə həsr olunması
  • 1:5-2:52 Vəftizçi Yəhyanın və İsa Məsihin doğulması
  • 3:1-20 Vəftizçi Yəhyanın xidməti
  • 3:21-4:13 İsanın vəftizi və sınağa çəkilməsi
  • 4:14-9:50 İsanın Qalileyada ictimai xidməti
  • 9:51-19:27 Qalileyadan Yerusəlimə
  • 19:28-23:56 Yerusəlimdəki son günlər
  • 24:1-53 Rəbbin dirilməsi, görünməsi və göyə qaldırılması

1 redaktə

Kitabın Teofilə həsr olunması

1 Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib. 2 Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi 3 mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim. 4 Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən.

Vəftizçi Yəhyanın doğulması əvvəlcədən bildirilir

5 Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündə[1] olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi. 6 Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər. 7 Amma Elizavet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi.

8 Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi. 9 Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü. 10 Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi. 11 Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. 12 Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu. 13 Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya[2] qoy. 14 Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. 15[3] Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq. 16 O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək. 17[4] Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüvvəti ilə Rəbbin önündə gedəcək». 18 Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb». 19[5] Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. 20 Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».

21 Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi. 22 O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı.

23 Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı. 24 Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı. 25 O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı».

İsanın doğulması əvvəlcədən bildirilir

26[6] Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, 27 Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. 28 Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir».[7] 29 Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. 30 Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. 31[8] Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 32[9] O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. 33 O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». 34 Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». 35 Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. 36 Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. 37[10] Çünki Allah üçün mümkün olmayan şey yoxdur». 38 Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.

Məryəmlə Elizavetin görüşü

39 O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. 40 O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. 41 Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub 42 uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! 43 Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? 44 Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi. 45 Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!».

Məryəmin həmd ilahisi

46[11] Məryəm isə dedi:
47 «Qəlbim Rəbbi ucaldır,
Ruhum Xilaskarım Allaha görə şadlanır,
48 Çünki O Öz qulunun yazıq halını gördü.
Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,
49 Çünki Qadir Olan mənim üçün böyük işlər etdi,
Onun adı müqəddəsdir!
50 Onun mərhəməti də nəsildən-nəslə
Ondan qorxanlara göstərilər.
51 O, qolu ilə qüdrətli işlər gördü,
Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.
52 Hökmdarları taxtlarından endirdi,
Məzlumları yüksəltdi.
53 Acları nemətlərlə doydurdu,
Varlıları isə əliboş yola saldı.
54-55[12] Rəbb gulu İsrailin imdadına çatdı,
Ata-babalarımıza vəd etdiyi kimi
İbrahimə və onun nəslinə əbədilik
Mərhəmət göstərməyi yada saldı».
56 Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.

Vəftizçi Yəhyanın doğulması

57 Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. 58 Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. 59[13] Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. 60 Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». 61 Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». 62 Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. 63 O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. 64 Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. 65 Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. 66 Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.

Zəkəriyyənin peyğəmbərliyi

<poem>67 Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:
68 «Alqış olsun İsrailin Allahı Rəbbə!
Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
69 O, qulu Davudun nəslindən
Bizə qüdrətli Xilaskar yetirdi.[14]
70 Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi
71 Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.
72 Beləcə ata-babalarımıza mərhəmət göstərib
Öz müqəddəs Əhdini xatırladı.
73 Atamız İbrahimə and içdiyi kimi
Bizə elə güc verdi ki,
74-75 Düşmənlərimizin əlindən qurtulub
Həyatımız boyu qorxmadan Rəbbin önündə
Müqəddəslik və salehliklə Ona ibadət edək.
76 *Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan,
Çünki Rəbbin önündə gedəcəksən,
Onun yolunu hazırlayacaqsan.
77 Onun xalqına günahlarının bağışlanması ilə
Xilas olunmaları barədə bildirəcəksən.
78[15] Axı Allahımızın ürəyi mərhəmətlidir,
Onun bu mərhəmətinə görə
Ucalarda bizim üçün Günəş[16] doğacaq ki,
79 Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın,
Ayaqlarımızı sülh yoluna yönəltsin».

80 Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.

2 redaktə

İsanın doğulması (Mat. 1:18-25)

1 O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi. 2 Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi. 3 Hamı siyahıya alınmaq üçün öz şəhərinə yollandı.

4 Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı. 5 O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. 6 Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. 7 O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.

Mələklər çobanlara xoş xəbər verir 8 O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. 9 Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü. 10 Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm. 11 Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. 12 Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız». 13 Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi:

14 «Ən ucalarda Allaha izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»

15 Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: «Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək». 16 Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar. 17 Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər. 18 Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi. 19 Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı. 20 Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi.

İsanın sünnəti və Allaha həsr edilməsi

21[17] Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi.

22[18] Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər, 23 [19]necə ki Rəbbin Qanununda yazılıb: «Bətndən ilk doğulan bütün oğlanlar Rəbb üçün müqəddəs sayılsın». 24 Həmçinin onlar qurban təqdim etdilər, necə ki Rəbbin Qanununda əmr olunub: «İki qumru quşu yaxud iki göyərçin balası».

Şimeonun Allaha alqış duası

25 O vaxt Yerusəlimdə Şimeon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi. 26 Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək. 27 Beləliklə, Şimeon Ruhdan ilham alıb məbədə gəldi. Körpənin ata-anası Qanunda qoyulan adətə əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə 28 Şimeon Körpəni qucağına götürdü və Allaha alqış edərək belə dedi:

29 «Ey Pərvərdigar, indi Sənin sözünə görə
Mən – Sənin qulun arxayın ölə bilərəm.
30-32 [20]Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası,
Millətlərə aşkar edən nuru,
Xalqın İsrail üçün də izzəti
Öz gözlərimlə gördüm».

33 Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi. 34 Şimeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub. 35 Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq».

Xannanın peyğəmbərliyi

36 Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı. 37 Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi. 38 Xanna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı.

Nazaretə qayıtma

39[21] Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı. 40 Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi.

Yeniyetmə İsa məbəddə

41[22] Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi. 42 İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər. 43 Bayram qurtarandan sonra onlar evə yollandılar. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi. 44 Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar. 45 Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar. 46 Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi. 47 Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı. 48 Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq». 49 İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» 50 Amma onlar Onun nə demək istədiyini başa düşmədilər. 51 Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı. 52[23] İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.

3 redaktə

Vəftizçi Yəhyanın gəlişi (Mat. 3:1-12; Mark 1:1-8; Yəh. 1:19-28)

1 Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hirod[24] Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. 2 Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu. 3 O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi. 4[25] Necə ki Yeşaya peyğəmbərin kitabında yazılıb:

«Səhrada nida edənin səsi gəlir:
“Rəbbin yolunu hazırlayın,
Onun keçəcəyi yerləri düz edin.
5 Hər dərə yüksəldiləcək,
Hər dağ və təpə aşağı endiriləcək,
Yoldakı əyriliklər düzələcək,
Kələ-kötür yerlər hamar ediləcək.
6 Bütün bəşər Allahın xilasını görəcək”».

7[26] Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr nəsli! Üzərinizə gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8[27] İndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız İbrahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 9[28] Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır».

10 Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» 11 Yəhya onlara belə cavab verdi: «İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün». 12[29] Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?» 13 Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın». 14 Bəzi əsgərlər də gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin».

15 Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu, Məsihdirmi?» 16 Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 17 Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq».

18 Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi. 19[30] Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə 20 Hirod etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı.

İsanın vəftiz olunması (Mat. 3:13-17; Mark 1:9-11)

21[31] Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı, 22 Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».

İsanın nəsil şəcərəsi (Mat. 1:1-17)

23 İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu 24 Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu 25 Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu 26 Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu 27 Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu 28 Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu 29 Yeşua oğlu Eliezer oğlu Yorim oğlu Mattat oğlu Levi oğlu 30 Şimeon oğlu Yəhuda oğlu Yusif oğlu Yonam oğlu Elyaqim oğlu 31 Melea oğlu Menna oğlu Mattata oğlu Natan oğlu Davud oğlu 32 Yessey oğlu Oved oğlu Boaz oğlu Salmon oğlu Naxşon oğlu 33 Amminadav oğlu Admin oğlu Arni oğlu[32] Xesron oğlu Peres oğlu Yəhuda oğlu 34 Yaqub oğlu İshaq oğlu İbrahim oğlu Terah oğlu Naxor oğlu 35 Seruq oğlu Reu oğlu Peleq oğlu Ever oğlu Şelah oğlu 36 Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu 37 Metuşelah oğlu Xanok oğlu Yered oğlu Mahalalel oğlu Qenan oğlu 38 Enoş oğlu Şet oğlu Adəm oğlu Allah oğlu.

4 redaktə

İsanın sınağa çəkilməsi (Mat. 4:1-11; Mark 1:12-13)

1 İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı. 2 Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı. 3 İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşa əmr et ki, çörəyə dönsün». 4[33] Lakin İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə yaşamaz”[34] deyə yazılmışdır».

5 Sonra iblis İsanı yuxarıya[35] çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. 6 İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. 7 Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq». 8[36] İsa ona belə cavab verdi: «“Allahın[37] Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».

9 Sonra iblis Onu Yerusəlimə apardı və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, özünü buradan aşağı at. 10[38] Axı

“Allah Sənə görə mələklərinə əmr edər ki,
Səni qorusunlar,
11[39] Səni əlləri üstündə aparsınlar,
Ayağın bir daşa dəyməsin”

deyə yazılmışdır». 12[40] Amma İsa cavabında ona belə dedi: «“Allahın Rəbbi sınama” deyilmişdir».

13 İblis sınaqların hamısını qurtarandan sonra bir müddət Onu tərk etdi.

İsa xidmətinə başlayır (Mat. 4:12-17; Mark 1:14-15)

14 İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı. 15 İsa oranın sinaqoqlarında təlim öyrətməyə başladı. Hamı Onu izzətləndirirdi.

İsa Nazaretdə rədd edilir (Mat. 13:53-58; Mark 6:1-6)

16 İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı. 17 Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı:

18[41] «Rəbbin Ruhu üzərimdədir,
Çünki fəqirlərə Müjdəni bildirmək üçün
O Məni məsh etdi.
Əsirlərə azadlıq,[42]
Korlara gözlərinin açılmasını elan etmək üçün,
Məzlumları sərbəstliyə buraxmaq üçün,
19 Rəbbin lütf ilini bəyan etmək üçün
Məni göndərdi».

20 Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. 21 İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı.

22 Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdilər. 23 İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz». 24[43] Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. 25[44] Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi. 26[45] Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi. 27[46] Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu».

28 Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi. 29 Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər. 30 Amma İsa onların arasından keçərək oradan çıxıb getdi.

İsa Kefernahum sinaqoqunda cini qovur (Mark 1:21-28)

31 İsa Qalileyanın Kefernahum şəhərinə gəldi və Şənbə günü onlara təlim öyrətməyə başladı. 32[47] Onun təliminə təəccüblənirdilər, çünki O, səlahiyyətlə danışırdı. 33 Həmin vaxt sinaqoqda cinə – natəmiz ruha tutulmuş bir nəfər var idi. O ucadan çığırdı: 34 «Nə olub? Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən!» 35 Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» Cin bu adamı hamının qabağında yerə yıxıb heç bir zərər vermədən ondan çıxdı. 36 Hamı heyrətə düşdü və bir-birinə dedi: «Bu söz nədir? O, natəmiz ruhlara səlahiyyət və qüdrətlə əmr edir, onlar da çıxır!» 37 İsa haqqında xəbər bu bölgənin hər yerinə yayıldı.

İsa çox adama şəfa verir (Mat. 8:14-17; Mark 1:29-34)

38 İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası isə yüksək qızdırma içində yatırdı. Bu qadından ötrü İsadan kömək istədilər. 39 İsa ona yaxınlaşıb qızdırma xəstəliyinə qadağan etdi və qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmət etməyə başladı.

40 Gün batanda hamı müxtəlif xəstəliyə tutulanları İsanın yanına gətirdi. O hər birinin üzərinə əllərini qoyub onlara şəfa verdi. 41 Bir çoxlarındansa cinlər «Sən Allahın Oğlusan!» deyə bağıraraq çıxırdı. O isə onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Məsih olduğunu bilirdilər.

İsa vəzini davam etdirir (Mark 1:35-39)

42 Səhər açılanda İsa çıxıb kimsəsiz bir yerə getdi. Camaat isə Onu axtarırdı və İsanın yanına gəlib onları tərk etməsin deyə Onu yanlarında saxlamaq istədilər. 43 Lakin İsa onlara dedi: «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm». 44 Beləliklə, İsa Yəhudeyanın[48] sinaqoqlarında vəz etməyə davam etdi.

5 redaktə

İlk şagirdlər (Mat. 4:18-22; Mark 1:16-20)

1[49] Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsanı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı. 2 İsa göl kənarında duran iki qayıq gördü. Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular. 3 İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı.

4 O, sözünü qurtaranda Şimona dedi: «Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın». 5[50] Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram». 6[51] Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. 7 O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı. 8 Şimon Peter bunu gördükdə İsanın ayaqlarına düşdü və belə dedi: «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam». 9 Çünki özü də, yanındakılar da tutduqları balıqların çoxluğuna görə heyrətə düşmüşdülər. 10 Şimonla ortaq olan Yaqub və Yəhya adlı Zavday oğulları da eyni hisslər keçirirdi. Amma İsa Şimona belə dedi: «Qorxma, bundan belə, balıq əvəzinə adam tutacaqsan». 11 Onlar qayıqları göl kənarına çıxarıb hər şeyi atdılar və İsanın ardınca getdilər.

İsa cüzamlıya şəfa verir (Mat. 8:1-4; Mark 1:40-45)

12 Bir gün İsa şəhərlərin birində olarkən bütün bədəni cüzama tutulmuş bir kişi ilə rastlaşdı. Bu adam İsanı görüb üzüstə yerə qapanaraq yalvardı: «Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən». 13 İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan sağaldı. 14[52] İsa ona tapşırdı ki, heç kəsə bir söz söyləməsin və dedi: «Amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə sənin cüzamdan paklandığın üçün Musanın buyurduğuna əsasən təqdimlər apar». 15 Amma indi İsa barəsində xəbər daha çox yayılırdı. Çoxlu camaat axışıb İsanın yanına gəlirdi ki, Ona qulaq assın və xəstəliklərdən şəfa tapsın. 16 Amma İsa kimsəsiz yerlərə çəkilib dua edirdi.

İsa iflicə şəfa verir (Mat. 9:1-8; Mark 2:1-12)

17 Bir gün İsa təlim öyrədirdi. Qalileyanın və Yəhudeyanın bütün kəndlərindən və Yerusəlimdən gələn fariseylər və Qanun müəllimləri Onun yanında oturmuşdu. Onda şəfa vermək üçün Rəbbin qüdrəti var idi. 18 Bu vaxt bir neçə nəfər yataqda yatan bir iflic adamı gətirdi. Onlar bu adamı içəri gətirib İsanın önünə qoymağa çalışırdılar. 19 Amma böyük izdihama görə iflici İsanın yanına gətirə bilmirdilər. Ona görə də evin damına çıxıb kirəmitləri söküb açdıqları yerdən xəstəni yatağı ilə birgə aşağı endirdilər və ortalığa, İsanın qarşısına qoydular. 20 İsa onların imanını görüb dedi: «Dostum, günahların bağışlandı». 21 İlahiyyatçılar və fariseylər belə düşünməyə başladılar: «Küfr danışan bu Adam kimdir ki? Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» 22 İsa onların nə fikirləşdiyini dərk edib cavab verdi: «Niyə ürəyinizdə belə düşünürsünüz? 23 Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 24 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: «Sənə deyirəm, qalx, yatağını götür, evinə get!» 25 Xəstə dərhal hamının qarşısında ayağa qalxdı, yatağını götürdü və Allahı izzətləndirərək evinə getdi. 26 Hamı mat qaldı və Allahı izzətləndirib böyük qorxu içində dedi: «Bu gün möcüzəli işlər gördük!»

Levi şagirdlərə qoşulur (Mat. 9:9-13; Mark 2:13-17)

27 Bundan sonra İsa bayıra çıxdı və vergi yığılan yerdə oturan Levi adlı vergiyığanı görüb ona dedi: «Ardımca gəl». 28 O da durub hər şeyi atdı və İsanın ardınca getdi.

29 Sonra Levi evində İsaya böyük bir qonaqlıq verdi. Onlarla birgə bir çox vergiyığan və başqa adamlar süfrəyə oturmuşdu. 30[53] Fariseylərlə onların ilahiyyatçıları[54] şikayət etməyə başladı. Onlar İsanın şagirdlərinə dedi: «Niyə vergiyığanlar və günahkarlarla birgə yeyib-içirsiniz?» 31 Amma İsa onlara belə cavab verdi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 32 Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm».

Oruc barəsindəki sual (Mat. 9:14-17; Mark 2:18-22)

33 Onlarsa İsaya dedilər: «Yəhyanın şagirdləri tez-tez oruc tutub dua edir, fariseylərin şagirdləri də belə edirlər. Amma Səninkilər yeyib-içirlər». 34 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutmağa məcbur edə bilərsinizmi? 35 Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar».

36 İsa onlara bir məsəl də çəkdi: «Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz. 37 Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. 38 Təzə şərab təzə tuluqlara doldurulmalıdır. 39 Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: “Köhnəsi daha yaxşıdır”».

6 redaktə

Şənbə günü haqqında təlim (Mat. 12:1-8; Mark 2:23-28)

1[55] Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri sünbülləri qırır və ovuclarında ovub yeyirdilər. 2 Fariseylərdən bəzisi dedi: «Siz nə üçün Şənbə günü qadağan olunan işləri görürsünüz?» 3[56] İsa onlara cavab verdi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? 4[57] O, Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi, yanındakılara da verdi». 5 Sonra İsa onlara dedi: «Bəşər Oğlu Şənbə gününün Sahibidir».

Əli qurumuş adamın şəfası (Mat. 12:9-14; Mark 3:1-6)

6 Başqa bir Şənbə günü İsa yenə də sinaqoqa girib təlim öyrədirdi. Orada sağ əli qurumuş bir adam var idi. 7 İlahiyyatçılar və fariseylər İsanı ittiham etməyə bəhanə tapmaq üçün Ona göz qoyurdular ki, görsünlər, Şənbə günü şəfa verəcək ya yox. 8 Amma İsa onların nə düşündüklərini bilib əli qurumuş kişiyə dedi: «Ayağa qalx və qabağa çıx!» O adam da ayağa qalxıb ortaya çıxdı. 9 Sonra İsa onlara dedi: «Sizdən soruşuram, hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas, yoxsa məhv etməyə?» 10 İsa ətrafındakıların hamısına baxdı və o adama dedi: «Əlini uzat!» O da elə etdi və əli əvvəlki halına qayıtdı.[58] 11 Onlarsa qəzəbdən coşub İsaya nə edə biləcəkləri barədə bir-biri ilə müzakirə etməyə başladılar.

On İki şagird (Mat. 10:1-4; Mark 3:13-19)

12 O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi. 13 Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı: 14 Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, 15 Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon, 16 Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot.

İsa xəstələrə şəfa verir (Mat. 4:24-25; Mark 3:7-12)

17 İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam 18 Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar. 19 Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı.

İsanın Dağüstü vəzi (Mat. 5:1-12)

20 İsa Öz şagirdlərinə nəzər salıb dedi:
«Nə bəxtiyarsınız, ey yoxsullar!
Çünki Allahın Padşahlığı sizindir.
21 Nə bəxtiyarsınız, ey indi aclıq çəkənlər!
Çünki doyacaqsınız.
Nə bəxtiyarsınız, ey indi ağlayanlar!
Çünki güləcəksiniz.

22[59] Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız! 23[60] O gün sevinin və sevincdən atılıb-düşün! Çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıb.

24 Amma vay halınıza, ey varlılar!
Çünki artıq təsəllinizi almısınız.
25 Vay halınıza, ey indi tox olan sizlər!
Çünki aclıq çəkəcəksiniz.
Vay halınıza, ey indi gülənlər!
Çünki yas tutub ağlayacaqsınız.

26 Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb.

Düşmənlərinizi sevin (Mat. 5:38-48)

27 Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, 28 sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin.

29 Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. 30 Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. 31[61] İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.

32 Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. 33 Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. 34 Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. 35 Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. 36 Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.

Mühakimə etməyin (Mat. 7:1-5)

37 Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. 38 Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».

39[62] İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi? 40[63] Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. 41 Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 42 Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.

Ağac və bəhrə (Mat. 7:15-20; 12:33-35)

43 Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. 44 Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. 45 Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.

Ağıllı bənna və ağılsız bənna (Mat. 7:21; 24-27)

46 Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? 47 Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: 48 o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib.[64] 49 Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar».

7 redaktə

Yüzbaşının imanı (Mat. 8:5-13)

1 İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu. 2 Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü. 3 Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını Onun yanına göndərdi. 4 Onlar İsanın yanına gəlib Ona ürəkdən yalvardılar və belə dedilər: «Bu adam Sənin köməyinə layiqdir. 5 Çünki o bizim millətimizi sevir və bizim üçün sinaqoq tikdirib». 6 İsa onlarla birlikdə yola düşdü. O, evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb Ona belə xəbər göndərdi: «Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. 7 Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın. 8 Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 9 Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim». 10 Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər.

Dul qadının oğlu dirilir

11 Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi. 12 O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi. 13 Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!» 14 Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!» 15 Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. 16 Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər. 17 İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı.

İsa Məsih və Vəftizçi Yəhya (Mat. 11:2-19)

18 Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb 19 göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» 20 Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”» 21 Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı. 22[65] İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. 23 Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»

24 Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? 25 Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar. 26 Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. 27[66] Bu o adamdır ki, onun haqqında yazılıb:

“Budur, Sənin önündə Öz elçimi göndərirəm.
O Sənin qabağında yolunu hazırlayacaq”.

28 Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan[67] yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür».

29[68] Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər. 30 Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər.

31 İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir? 32 Bazar meydanında oturan və

“Biz sizə tütək çaldıq, sizsə oynamadınız,
Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız”

deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər. 33 Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”. 34 Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” 35 Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur».

İsa günahkar qadını bağışlayır

36 Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu. 37[69] Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi. 38 Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi.

39 İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır». 40 İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur». 41 «Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. 42 Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?» 43 Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi. 44 Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi. 45 Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür. 46 Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi. 47 Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər».

48 Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı». 49 Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?» 50 Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».

8 redaktə

İsanın ardınca gedən qadınlar

1 Bu hadisədən sonra İsa şəhərləri və kəndləri gəzməyə başladı. O, Allahın Padşahlığını vəz edərək Müjdəni yayırdı. On İki şagird Onunla birgə idi. 2[70] Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, daxilindən yeddi cin çıxmış Məcdəlli adlanan Məryəm, 3 Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə onlara[71] xidmət edirdilər.

Səpilən toxum məsəli (Mat. 13:1-23; Mark 4:1-20)

4 Böyük izdiham toplaşanda, insanlar hər şəhərdən İsanın yanına gələndə İsa onlara bir məsəl danışdı: 5 «Bir əkinçi toxumunu səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü, ayaq altında tapdalandı və göydə uçan quşlar onları dənlədi. 6 Bəzisi daşlığa düşdü və cücərincə susuzluqdan qurudu. 7 Bəzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgə boy atıb onu boğdu. 8 Başqaları isə münbit torpağa düşdü və böyüyüncə yüz qat artıq səmərə verdi». İsa bunları deyərək nida etdi: «Eşitməyə qulağı olan eşitsin!»

9[72] Şagirdləri isə Ondan soruşdular: «Bu məsəlin mənası nədir?» 10 O dedi: «Allahın Padşahlığının sirlərini bilmə qabiliyyəti sizə verilmişdir. Başqalarına isə hər şeyi məsəllərlə danışıram ki,

“Gördükləri halda görməsinlər,
Eşitdikləri halda anlamasınlar”.

11 Məsəlin mənası budur: toxum Allahın kəlamıdır. 12 Yol kənarına düşənlərsə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır. 13 Daşlığa düşənlərsə kəlamı eşidəndə sevinclə qəbul edənlərdir. Lakin onlarda kök olmadığına görə bir müddət iman edir və sınaq vaxtı gələndə imandan dönürlər. 14 Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın qayğılarından, var-dövlətindən, zövqlərindən boğulur və yaxşı bəhrə vermirlər. 15 Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir.

Çıraq məsəli (Mark 4:21-25)

16[73] Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər. 17[74] Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. 18[75] Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq».

İsanın anası və qardaşları kimdir? (Mat. 12:46-50; Mark 3:31-35)

19 İsanın anası və qardaşları Onun yanına gəldi. Amma izdihama görə Ona yaxınlaşa bilmədilər. 20 İsaya xəbər verdilər: «Anan və qardaşların bayırda dayanıb Səni görmək istəyirlər». 21 İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib ona əməl edənlərdir».

İsa tufanı yatırır (Mat. 8:23-27; Mark 4:35-41)

22 Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: «Gəlin gölün o biri sahilinə keçək». Onlar yola düşdülər. 23 Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə~tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər. 24 Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ustad, Ustad, biz həlak oluruq!» İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü. 25 Onda O, şagirdlərinə dedi: «Sizin imanınız haradadır?» Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşurdular: «Bu Adam kimdir ki, həm küləklərə, həm suya əmr verir, onlar da itaət edir?»

Cinə tutulmuş adam sağaldılır (Mat. 8:28-34; Mark 5:1-20)

26 Sonra onlar Qalileyanın qarşısında yerləşən Gerasalıların[76] diyarına gəldilər. 27 İsa qayıqdan sahilə düşəndə şəhərdən olan bir nəfər Onunla qarşılaşdı. Cinlərə tutulmuş və xeyli vaxtdır ki, paltar geyməyən bu adam evdə yox, qəbir mağaralarında yaşayırdı. 28 O, İsanı görən kimi bağırıb Onun qarşısında diz çökdü və bərkdən çığıra-çığıra dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Yalvarıram Sənə, mənə əzab vermə!» 29 Çünki İsa natəmiz ruha əmr etmişdi ki, həmin adamdan çıxsın. Bu ruh o adamı çoxdan tutmuşdu. Buna görə də o adamı qorumaq üçün onu zəncir və buxovlarla bağlamışdılar. O isə zəncirləri qıraraq cin tərəfindən çölə qovulurdu. 30 İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Adım Qoşundur». Çünki onun daxilinə çox cin girmişdi. 31 Onlar dibsiz dərinliyə düşmələrini əmr etməsin deyə İsaya yalvarırdılar.

32 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Cinlər İsaya yalvardılar ki, donuzların içinə girməyə izin versin. İsa da onlara izin verdi. 33 Cinlər adamdan çıxıb donuzların içinə girdi. Sürü də uçurumdan aşağı, gölə atılıb boğuldu.

34 Donuz otaranlar bunları görüb qaçdılar, bu xəbəri şəhər və kəndlərdə yaydılar. 35 Camaat nə baş verdiyinə tamaşa etməyə çıxdı. Onlar İsanın yanına gəldilər, daxilindən cinlər çıxmış adamın İsanın ayaqları yanında geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər. 36 Hadisəni görənlərsə cinə tutulmuş adamın necə sağaldığını camaata danışdılar. 37 Gerasalıların ətraf diyarındakı bütün xalq İsadan xahiş etdi ki, oranı tərk etsin, çünki onları böyük qorxu bürümüşdü. İsa da qayığa minib geri qayıtdı. 38 Daxilindən cinlər çıxmış kişi İsanın yanında qalmaq üçün Ona yalvardı. 39 Amma İsa ona «qayıt evinə və Allahın sənə etdiyi hər şeyi danış» deyərək onu buraxdı. Bu adam da gedib İsanın ona etdiyi hər şeyi bütün şəhərə yaydı.

Qızın dirilməsi və qadının şəfa tapması (Mat. 9:18-26; Mark 5:21-43)

40 İsa geri qayıtdıqda xalq Onu qəbul etdi, çünki hamı Onu gözləyirdi. 41 Bu vaxt Yair adlı sinaqoq rəisi olan bir kişi gəlib İsanın ayaqlarına düşdü və Ona yalvardı ki, evinə gəlsin. 42 Çünki onun on iki yaşın içində olan bircə qızı var idi və o, can üstə idi. İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı.

43 Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri[77] ona şəfa verə bilməmişdi. 44 Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı. 45 İsa dedi: «Mənə toxunan kim idi?» Lakin hamı bunu inkar edəndə Peter[78] dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır».[79] 46 Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim». 47 Qadınsa gizlənə bilmədiyini gördükdə titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsaya nəql etdi. 48 İsa da ona dedi: «Qızım,[80] imanın səni xilas etdi. Arxayın get».

49 İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən bir nəfər gəlib dedi: «Qızın öldü. Müəllimi daha narahat etmə». 50 Amma İsa bunu eşidəndə sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et! Qızın xilas olacaq». 51 İsa onun evinə gələndə Peter, Yəhya, Yaqub və qızın ata-anasından başqa heç kimi Özü ilə evə girməyə qoymadı. 52 Hamı qız üçün ağlayıb nalə çəkirdi. Amma İsa dedi: «Ağlamayın, o ölməyib, sadəcə olaraq yatıb». 53 Onlarsa qızın öldüyünü bildiklərinə görə İsaya güldülər. 54 Amma İsa[81] qızın əlindən tutub səslədi: «Qızcığaz, qalx!» 55 Qızın ruhu bədəninə qayıtdı və o dərhal ayağa qalxdı. İsa dedi ki, qıza yemək versinlər. 56 Qızın ata-anası mat qaldı. Amma İsa onlara tapşırdı ki, bu hadisə barədə heç kəsə danışmasınlar.

9 redaktə

On İki şagirdə verilən vəzifə (Mat. 10:1-15; Mark 6:7-13)

1 İsa On İki şagirdi yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi. 2 Onları göndərdi ki, Allahın Padşahlığını vəz edib xəstələri sağaltsınlar. 3[82] İsa onlara dedi: «Yol üçün heç nə – nə əsa, nə torba, nə çörək, nə pul, nə də iki köynək götürün. 4 Hansı evə girsəniz, orada qalın və oradan da yola çıxın. 5[83] Harada sizi qəbul etməzlərsə, o şəhərdən çıxarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın». 6 Onlar da yola düşüb hər yerdə Müjdəni yayaraq və şəfa verərək kənd-kənd dolaşdılar.

Yəhyanın edamı (Mat. 14:1-2; Mark 6:14-16)

7[84] Hökmdar Hirod baş verən bütün hadisələr barədə eşitdi və çaşıb-qaldı. Çünki bəziləri «Yəhya ölülər arasından dirilib», 8 digərləri «İlyas zühur edib», başqaları da «qədim peyğəmbərlərdən biri dirilib» deyirdi. 9 Hirod isə dedi: «Yəhyanın boynunu mən vurdurdum, bəs haqqında bu xəbərləri eşitdiyim Adam kimdir?» Hirod Onu görməyə can atırdı.

İsa beş min nəfəri doydurur (Mat. 14:13-21; Mark 6:30-44; Yəh. 6:1-14)

10 Həvarilər İsanın yanına qayıdıb gördükləri işlər haqqında Ona danışdılar. Sonra İsa yalnız onları Özü ilə götürüb Bet-Sayda adlanan bir şəhərə apardı. 11 Amma camaat bu barədə xəbər tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı və şəfaya möhtac olanları sağaltdı.

12 Artıq gün batırdı. On İki şagird İsanın yanına gəlib Ona dedi: «Camaatı burax, qoy ətrafdakı oba və kəndlərə gedib gecələsinlər və bir şey alıb yesinlər. Axı biz burada çöllük yerdəyik». 13 Amma İsa onlara dedi: «Onlara yeməyi siz verin». Şagirdlər Ona cavab verdilər: «Beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur. Bəlkə biz gedib bütün bu camaat üçün bir şey alaq?» 14 Orada beş minə yaxın kişi var idi. İsa şagirdlərinə dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun». 15 Şagirdlər də eləcə edib hamını oturtdular. 16 İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlərə verdi ki, camaata paylasınlar. 17 Hamı yeyib-doydu. Artıq qalan hissələr on iki zənbilə yığıldı.

Peterin Məsihi tanıması (Mat. 16:13-20; Mark 8:27-30)

18 Bir gün İsa tək dua edirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə Mən kiməm?» 19[85] Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib». 20[86] İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən». 21 İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar. İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir (Mat. 16:21-28; Mark 8:31-9:1)

22 O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir».

23[87] Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün[88] çarmıxını götürüb ardımca gəlsin. 24[89] Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək. 25 İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var? 26 Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq. 27 Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək».

İsanın görünüşü dəyişir (Mat. 17:1-8; Mark 9:2-8)

28[90] Bu sözləri söyləyəndən təxminən səkkiz gün keçmişdi. İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı. 29 İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı. 30 O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi. 31 Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar. 32 Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər. 33 Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi. 34 Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü. 35[91] Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir,[92] Ona qulaq asın!» 36 Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar.

Oğlandan cin çıxarılır (Mat. 17:14-21; Mark 9:14-29)

37 Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı. 38 Camaat arasından bir kişi çığırdı: «Müəllim, yalvarıram, oğluma nəzər sal, o mənim yeganə balamdır. 39 Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc-bəla ilə onu tərk edir. 40 Mən şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar». 41 İsa da ona cavab verdi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər Mən sizinlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir». 42 Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı. 43 Hamı Allahın əzəmətinə təəccüblənirdi.

İsa öləcəyi barədə yenə xəbər verir (Mat. 17:22-23; Mark 9:30-32)

Onlar hamısı İsanın etdiyi işlərə heyrət edərkən O, şagirdlərinə dedi: 44 «Bu sözlərə qulaq asın: Bəşər Oğlu insan əllərinə təslim edilmək üzrədir». 45 Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular.

Ən böyük kimdir? (Mat. 18:1-5; Mark 9:33-40)

46 Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar. 47 Amma İsa onların ürəklərindən keçəni bilib bir balaca uşağı götürüb yanına qoydu. 48 Sonra onlara dedi: «Kim Mənim adımla bu uşağı qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni Göndərəni qəbul edər. Sizin aranızda hamıdan kiçik olan ən böyükdür».

49 Yəhya cavabında dedi: «Ustad, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizimlə birgə getmədiyinə görə ona mane olduq». 50 Amma İsa ona dedi: «Ona mane olmayın! Əleyhinizə olmayan sizin tərəfinizdədir».

Samariyalılar İsanı qəbul etmirlər

51 Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi. 52 İsa qabağınca elçilər göndərdi. Onlar İsanın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər. 53 Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi. 54 Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər: «Rəbb,[93] bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?» 55 Amma İsa dönüb onlara qadağan etdi.[94] 56 Sonra onlar başqa bir kəndə yollandılar.

İsanın şagirdi olmaq nə deməkdir (Mat. 8:19-22)

57 Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 58 İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».

59 Bir başqasına İsa dedi: «Ardımca gəl». O isə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 60 İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın Padşahlığını bəyan et».

61 Yenə başqa bir adam dedi: «Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım». 62 Lakin İsa ona dedi: «Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil».

10 redaktə

İsa yetmiş nəfəri vəz etməyə yollayır (Mat. 10:5-16; 11:21-24; Mark 6:7-13; Luka 9:1-6)

1 Bu hadisələrdən sonra Rəbb başqa yetmiş[95] nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. 2[96] Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. 3[97] Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. 4 Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. 5 Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. 6 Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. 7 Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. 8 Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. 9 Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”. 10 Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: 11 “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”. 12 Sizə bunu deyirəm: qiyamət günü[98] Sodomun halı o şəhərin halından daha asan olacaq.

13 Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi. 14 Amma qiyamət günü[99] Sur və Sidonun halı sizinkindən daha asan olacaq. 15 Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən.

16[100] Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir».

Yetmiş şagird qayıdır

17 Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe olur!» 18 İsa onlara belə cavab verdi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm. 19[101] Baxın Mən sizə səlahiyyət vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq. 20 Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb».

İsanın sevinci (Mat. 11:25-27; 13:16-17)

21 İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. 22[102] Atam[103] tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz».

23 Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür! 24 Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər».

Xeyirxah Samariyalı

25[104] Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» 26 İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?» 27[105] Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”». 28[106] İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan». 29 Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?»

30 İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. 31 Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. 32 Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. 33 O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. 34 Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. 35 Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”. 36 Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?» 37 Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et».

İsa Marta və Məryəmin evində

38[107] İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. 39 Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. 40 Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin». 41 Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. 42 Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».

11 redaktə

Dua haqqında təlim (Mat. 6:9-13; 7:7-11)

1 İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət». 2 İsa onlara dedi: «Dua edəndə belə deyin:

Göylərdə olan Atamız,
Adın müqəddəs tutulsun,
Padşahlığın gəlsin.
Göydə olduğu kimi yerdə də Sənin iradən olsun.[108]
3 Gündəlik çörəyimizi bizə hər gün ver.
4 Bizə borclu olan hər adamı bağışladığımıza görə
Bizim günahlarımızı da bağışla.
Bizi sınağa çəkmə».[109]

5 Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver, 6 çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”. 7 Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”. 8 Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.

9 Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 10 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 11 Aranızdan hansı ata oğlu ondan balıq diləsə,[110] ona balıq yerinə ilan verər? 12 Yaxud yumurta diləsə, ona əqrəb verər? 13 Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»

İsa və Baal-Zevul (Mat. 12:22-30; Mark 3:20-27)

14 İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı və camaat heyrətləndi. 15[111] Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur». 16[112] Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.

17 Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar. 18 Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram. 19 Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. 20 Lakin Mən cinləri Allahın qüdrəti[113] ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. 21 Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır. 22 Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər. 23[114] Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.

24 Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: “Çıxdığım evə dönüm”. 25 Evə qayıdanda onu süpürülmüş və səliqə-sahman içində görər. 26 Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar».

27 İsa bunu deyərkən bir qadın camaatın arasından uca səslə Ona dedi: «Səni bətnində daşıyan və Səni əmizdirən nə bəxtiyardır!» 28 Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»

Yunus peyğəmbərin əlaməti (Mat. 12:38-42)

29[115] Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. 30[116] Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq. 31[117] Cənub mələkəsi[118] qiyamət günündə[119] bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. 32[120] Nineva xalqı qiyamət günündə[121] bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.

Bədənin çırağı (Mat. 6:22-23)

33[122] Heç kim çırağı yandırıb onu gizli yerə yaxud da qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər.

34 Bədəninin çırağı gözündür. Gözün sağlam olanda bütün bədənin də nurlu olur. Gözün zəif görəndə isə bütün bədənin də qaranlıq olur. 35 Beləliklə, diqqət et ki, səndəki “nur” qaranlıq olmasın. 36 Əgər sənin bütün bədənin nurlu olub heç bir yerdə qaranlıq qalmırsa, çıraq sənə öz nuru ilə işıq saçdığı kimi bədənin də tamamilə nurlu olacaq».

Vay halınıza! (Mat. 23:1-36)

37 İsa bunları deyib qurtaranda fariseylərdən biri Onu evinə yeməyə dəvət etdi. O da içəri girib süfrəyə oturdu. 38 İsanın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi. 39 Lakin Rəbb ona dedi: «İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub. 40 Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi? 41 Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar.

42[123] Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.

43 Vay halınıza, ey fariseylər! Sinaqoqlarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz.

44 Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız».

45 Qanunşünaslardan biri İsaya cavab verdi: «Müəllim, sən bunları deməklə bizi də təhqir edirsən». 46 İsa da belə dedi: «Elə sizin də vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz.

47 Vay halınıza! Çünki peyğəmbərlərə məqbərələr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülər! 48 Beləliklə, siz ata-babalarınızın etdiklərinə şahidlik edib bəyənirsiniz. Çünki onlar peyğəmbərləri öldürüb, sizsə onlara məqbərələr tikirsiniz. 49 Buna görə də Allahın hikməti belə demişdi: “Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər”. 50-51[124] Beləcə bu nəsil dünya yaranandan bəri Habilin qanından tutmuş qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, Mən sizə deyirəm: onun üçün bu nəsil məsuliyyət daşıyacaq.

52 Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz».

53 İsa oradan çıxanda ilahiyyatçılarla fariseylər ona çox təzyiq göstərərək bir çox məsələlər barədə Onu sorğu-suala tutmağa başladılar. 54 Onlar fürsət axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlə Onu tələyə salsınlar.

12 redaktə

İsa ikiüzlülüyə qarşı xəbərdarlıq edir (Mat. 10:26-33)

1 Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa əvvəl şagirdlərinə danışmağa başladı: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən özünüzü gözləyin. 2[125] Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 3 Buna görə də qaranlıqda dediyiniz gün işığında eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq.

4 Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. 5 Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun! 6 Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır. 7 Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.

8 Mən sizə deyirəm: insanlar qarşısında Məni iqrar edən hər kəsi Bəşər Oğlu da Allahın mələkləri qarşısında iqrar edəcək. 9 Amma insanlar önündə Məni inkar edən özü də Allahın mələkləri önündə inkar olunacaq. 10[126] Bəşər Oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq; amma Müqəddəs Ruha küfr edən bağışlanmayacaq.

11[127] Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin. 12 Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək».

Var-dövlət və insan həyatı

13 İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün». 14 İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?» 15 Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil».

16 İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi. 17 Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?” 18 Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram. 19 Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. 20 Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?” 21 Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq».

Qayğı çəkməyin (Mat. 6:20-21; 25-34)

22 İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. 23 Can yeməkdən, bədənsə geyinməkdən daha vacibdir. 24 Qarğalara baxın: onlar nə əkir, nə də biçir, nə anbarları, nə də zirzəmiləri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nə qədər qiymətlisiniz! 25 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 26 Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısını çəkirsiniz? 27[128] Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 28 Ey imanı az olanlar, bu gün çöldə olub sabah ocağa atılan otu Allah belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər yəqindir! 29 “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın. 30 Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. 31 Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.

32 Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü. 33 Əmlakınızı satın və sədəqə verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər. 34 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq».

Bilinməyən gün və saat (Mat. 10:34-36; 24:42-51; Mark 13:32-36)

35[129] «Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. 36 Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar. 37 Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək. 38 Ağa istər gecəyarı, istər ondan gec, səhərə yaxın gəlib qulları oyaq görsə, o qullar necə də bəxtiyardır!

39 Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi. 40 Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək».

41 Peter dedi: «Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?» 42 Rəbb cavab verdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı idarəçi kimdir? 43 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! 44 Sizə həqiqəti deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. 45 Amma həmin qul ürəyində “ağam gec gələcək” deyərsə, başqa nökər və qarabaşları döyməyə, yeyib-içməyə, sərxoşluğa uymağa başlayarsa, 46 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə bir yerdə saxlayacaq.

47 Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul çox döyüləcək. 48 Bilməyib o cəzaya layiq iş görənsə az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq.

49 Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı! 50[130] Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm! 51[131] Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm! 52 Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq. 53[132] Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gəlinindən, gəlin də qayınanasından ayrılacaq».

Əlamətləri anlamaq (Mat. 16:2-3)

54 İsa camaata bunu da dedi: «Siz qərb tərəfdən qalxan buludu görəndə dərhal “yağış yağacaq” deyirsiniz, bu da olur. 55 Cənub küləyinin əsməsini görəndə “qızmar isti olacaq” deyirsiniz, bu da olur. 56 Ey ikiüzlülər, yer üzünün və göyün görünüşünü seçə bilirsiniz, bəs onda nə üçün indiki zamanı seçə bilmirsiniz?

57 Nə üçün düzgün olan şeyə özünüz qərar vermirsiniz? 58[133] Səni ittiham edənlə birgə hakimin yanına gedəndə yolda ikən onunla barışmağa çalış. Yoxsa səni hakimin qabağına sürüyər, hakimsə məhkəmə icraçısına ötürər, o da səni zindana atar. 59 Sənə bunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan».

13 redaktə

Tövbəyə çağırış

1 Bu vaxt orada olan bəzi adamlar İsaya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıların qanını kəsdikləri qurbanların qanına qatmışdı. 2 İsa buna belə cavab verdi: «Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər? 3 Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız. 4 Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz? 5 Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız».

Barsız əncir ağacı (Mat. 21:18-19; Mark 11:12-14)

6 Sonra İsa bu məsəli danışdı: «Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı. 7 O, bağbana dedi: “Bura bax, üç ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs! Nə üçün bu ağac əbəs yerə torpağı tutur?” 8 Bağbansa cavabında belə dedi: “Ağa, bir il də buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm. 9 Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır, yox, gətirməsə, onu kəsərsən”».

Şənbə günü şəfa vermək olarmı?

10 İsa bir dəfə Şənbə günü sinaqoqlardan birində təlim öyrədirdi. 11 Orada on səkkiz il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi. 12 İsa bu qadını görəndə çağırıb dedi: «Ey qadın, sən azarından azad oldun». 13 İsa əllərini qadının üstünə qoyanda o dərhal dikəlib Allahı izzətləndirməyə başladı. 14[134] Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox». 15 Rəbb isə ona belə cavab verdi: «Ey ikiüzlülər, sizlərdən hər biriniz Şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı? 16 İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?» 17 İsa bunları deyəndə Ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isə Onun etdiyi bütün izzətli işlərinə görə sevinirdi.

Xardal toxumu və maya məsəlləri (Mat. 13:31-33; Mark 4:30-32)

18 Sonra İsa dedi: «Allahın Padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim? 19 O, bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur».

20 İsa yenə dedi: «Allahın Padşahlığını nəyə bənzədim? 21 O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə[135] una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».

Dar qapı (Mat. 7:13-14; 21-23)

22 İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi. 23 Bir nəfər Ondan soruşdu: «Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?» İsa onlara belə cavab verdi: 24 «Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək. 25[136] Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!” 26 Siz o vaxt belə deyəcəksiniz: “Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin”. 27[137] O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!” 28[138] İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq. 29 Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq. 30[139] Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq».

Yerusəlimin aqibəti (Mat. 23:37-39)

31 O zaman bəzi fariseylər gəlib İsaya dedilər: «Buradan çıx get, çünki Hirod Səni öldürmək istəyir». 32 İsa onlara dedi: «Gedin o tülküyə deyin: “Budur, Mən bu gün və sabah cinləri qovub camaatı sağaldacağam və üçüncü gün işimi bitirəcəyəm”. 33 Yenə də bu gün, sabah və o biri gün yoluma davam etməliyəm. Çünki peyğəmbər Yerusəlimdən kənarda öldürülə bilməz!

34 Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! 35[140] Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm:

“Rəbbin ismi ilə Gələnə alqış olsun!”
deyənə qədər Məni bir daha görməyəcəksiniz».

14 redaktə

İsa və farisey rəhbəri

1 Bir Şənbə günü İsa farisey rəhbərlərinin birinin evinə çörək yeməyə getdi. Hamı Ona göz qoyurdu. 2 Onun qarşısında hidropos[141] xəstəliyinə tutulmuş bir adam var idi. 3 İsa qanunşünas və fariseylərə xitab edərək soruşdu: «Şənbə günü insanlara şəfa verməyə icazə var ya yox?» 4 Amma onlar dinmirdi. İsa o adama əli ilə toxundu, onu sağaltdı və buraxdı. 5[142] İsa onlara dedi: «Sizlərdən kimin oğlu[143] yaxud öküzü Şənbə günü quyuya düşsə, onu dərhal oradan dartıb çıxarmaz?» 6 Onlar İsanın bu sualına cavab verə bilmədilər.

Qonaqlar məsəli (Mat. 22:1-10)

7[144] İsa fikir verdi ki, dəvət olunanlar yuxarı başda oturmağı seçdilər. Onlara belə bir məsəl söylədi: 8 «Bir nəfər səni toya dəvət edirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var. 9 İkinizi də toya dəvət edən gəlib sənə “bu adama yer ver” desə, sən xəcalət içində aşağı başda əyləşməli olarsan. 10 Amma dəvət olunanda gedib ən aşağı başda otur ki, səni dəvət edən adam gəlib sənə “Dostum! Yuxarı başa keç” desin; o zaman səninlə birgə oturanların hamısının qarşısında hörmət qazanarsan. 11[145] Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».

12 İsa Onu dəvət edənə də dedi: «Günorta yaxud axşam yeməyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlətli qonşularını dəvət etmə ki, onlar da səni çağıraraq sənə əvəzini versin. 13 Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır. 14 Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək».

15 Süfrəyə oturanlardan biri bunu eşidib İsaya dedi: «Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır!» 16 Amma İsa ona dedi: «Bir adam böyük ziyafət hazırladı və oraya çoxlu qonaq çağırdı. 17 Yemək vaxtı gələndə öz qulunu dəvət olunanların yanına göndərdi ki, onlara desin: “Buyurun, indi hər şey hazırdır”. 18 Amma hamı birdən üzr istəməyə başladı. Birincisi ona dedi: “Mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam. Səndən xahiş edirəm, məni bağışla”. 19 Digəri isə dedi: “Mən beş cüt öküz satın almışam və onları yoxlamağa gedirəm. Səndən xahiş edirəm, məni bağışla”. 20 Üçüncüsü dedi: “Mən təzə evlənmişəm, buna görə də gələ bilmərəm”. 21 Qul qayıdıb bu şeyləri ağasına bildirdi. O zaman ev yiyəsi qəzəblənib quluna dedi: “Qaç, şəhərin küçə və tinlərində olan yoxsulları, əlilləri, korları və topalları buraya gətir”. 22 Qul isə dedi: “Ağa, sənin əmrin yerinə yetirildi, hələ artıq yer də qalıb”. 23 Ağası quluna dedi: “Get, bütün yolları və çəpərləri gəz. Evim dolsun deyə adamları gəlməyə vadar et. 24 Sizə bunu deyirəm: ilk dəvət olunanların heç biri mənim ziyafətimdən dadmayacaq”».

Şagird olmağın qiyməti (Mat. 10:37-38)

25 İsa ilə birlikdə böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi: 26 «Kim Mənim yanıma gəlib ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hətta öz həyatını Məndən üstün tutsa,[146] Mənim şagirdim ola bilməz. 27[147] Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də Mənim şagirdim ola bilməz.

28 Sizlərdən kimsə bir qüllə tikmək istəyirsə, əvvəlcə oturub onun xərclərini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox? 29 Çünki qüllənin təməlini qoyub işi qurtara bilməsə, bunu görənlərin hamısı onu ələ salıb deyəcək: 30 “Bu adam tikintiyə başlayıb qurtara bilmədi”.

31 Yaxud da hansı padşah başqa padşahla müharibəyə gedəndə üstünə iyirmi min əsgərlə gələnə qarşı on min əsgərlə durmağa qadir olmağı əvvəlcə oturub götür-qoy eləməz? 32 Əgər padşah buna qadir deyilsə, o biri padşahın hələ uzaqda olduğu vaxt elçilər göndərib sülh müqaviləsi bağlamaq istəyər. 33 Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz.

34[148] Duz yaxşı şeydir, amma əgər duz öz dadını itirərsə, ona nə ilə dad verilə bilər? 35 O nə torpağa yarayar, nə də peyinə. Onu çölə atarlar. Eşitməyə qulağı olan eşitsin!»

15 redaktə

İtmiş qoyun məsəli (Mat. 18:12-14)

1[149] Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. 2 Fariseylər və ilahiyyatçılar isə «bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir» deyə deyinirdilər.

3 Amma İsa onlara bu məsəli çəkdi: 4 «Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? 5 Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. 6 Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: “Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!” 7 Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq.

İtmiş pul məsəli

8 Yaxud on dirhəmi olan hansı bir qadın bir dirhəmini itirsə, çıraq yandırıb evi süpürərək onu tapanadək diqqətlə axtarmaz? 9 Tapanda öz rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birlikdə sevinin, itirdiyim dirhəmi tapmışam!” 10 Sizə bunu deyirəm: Allahın mələklərinin önündə də tövbə edən bir günahkara görə sevinc olur».

İtmiş oğul məsəli

11 İsa bunu da danışdı: «Bir adamın iki oğlu var idi. 12 Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü.

13 Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. 14 Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. 15 Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. 16 Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi.

17 Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm! 18 Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə[150] və sənə qarşı günah etdim. 19 Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. 20 O durub öz atasının yanına getdi.

Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. 21 Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”. 22 Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. 23 Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! 24 Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar.

25 Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. 26 O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?” 27 Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”. 28 Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. 29 Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qıymadın ki, dostlarımla şadlıq edim. 30 Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”. 31 Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. 32 Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”»

16 redaktə

Fərasətli idarəçi məsəli

1 İsa şagirdlərə bunları danışdı: «Varlı bir adamın idarəçisi var idi. Ona xəbər çatdırıldı ki, idarəçi onun əmlakını israf edir. 2 Varlı adam onu yanına çağırıb dedi: “Bu nədir, sənin haqqında mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq idarəçi ola bilməzsən”.

3 İdarəçi öz-özünə dedi: “Mən nə edəcəyəm? Ağam idarəçiliyi əlimdən alır. Torpaq belləməyə gücüm yoxdur, dilənməkdən də utanıram. 4 İşdən qovulanda məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm”.

5 Ona görə də öz ağasına borclu olanları bir-bir çağırıb birincisinə dedi: “Mənim ağama nə qədər borclusan?” 6 O “yüz bat[151] zeytun yağı” dedi. İdarəçi ona dedi: “Öz qəbzini götür, otur və tez yaz: əlli”. 7 Sonra o birisinə dedi: “Bəs sənin nə qədər borcun var?” O cavab verdi: “Yüz kor[152] buğda”. İdarəçi ona dedi: “Öz qəbzini götür və yaz: səksən”.

8 Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. 9 Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə[153] özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız.

10 Ən balaca bir işdə sadiq olan kəs böyük işdə də sadiqdir, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. 11 Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadiq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər? 12 Əgər başqasının malından istifadə etməkdə sadiq olmadınızsa, öz malınızı sizə kim verər? 13[154] Heç bir nökər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə[155] qulluq edə bilməzsiniz».

14 Fariseylər pulpərəst olduqları üçün bütün bu sözləri eşidib İsaya istehza ilə baxdılar. 15 İsa da onlara belə dedi: «İnsanların qarşısında özünüzü saleh göstərən sizsiniz, amma Allah sizin ürəyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrənclikdir.

16[156] Qanun və Peyğəmbərlər Yəhyanın gəlişinə qədər idi. O vaxtdan bəri Allahın Padşahlığının Müjdəsi yayılır və hər kəs oraya zorla girməyə çalışır. 17[157] Amma göyün və yerin keçib getməsi Qanundan bir nöqtənin düşməsindən daha asandır.

18[158] Arvadını boşayıb başqası ilə evlənən hər kəs zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir.

Varlı və yoxsul məsəli

19 Varlı bir adam var idi. O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi. 20 Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gətirilib uzanmışdı. 21 Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı.

22 Bir gün yoxsul adam öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi. 23 Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. 24 O uca səslə dedi: “Ey İbrahim ata, mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin, çünki mən bu alov içində əzab çəkirəm”. 25 Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən. 26 Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər”.

27 Varlı adam dedi: “Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər. 28 Çünki beş qardaşım var. Qoy onlara xəbərdarlıq etsin ki, onlar da bu iztirab yerinə gəlməsinlər”. 29 İbrahim ona dedi: “Onlarda Musanın və Peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar”. 30 Varlı adamsa dedi: “Xeyr, İbrahim ata! Əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər”. 31 Onda İbrahim ona dedi: “Əgər onlar Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”».

17 redaktə

Günah, iman və vəzifə (Mat. 18:6-7; Mark 9:42)

1 İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir! 2 Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. 3[159] Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla. 4[160] Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla».

5[161] Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!» 6 Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı.

7 Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər? 8 Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? 9 Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? 10 Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».

On cüzamlının şəfası

11 İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. 12 Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub 13 ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!» 14[162] İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular. 15 Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. 16 O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. 17 Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? 18 Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?» 19 Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi».

Allahın Padşahlığı nə zaman gələcək?

20 Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz. 21[163] Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir».

22 İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz. 23[164] Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin! 24 Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq. 25 Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır.

26[165][166] Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq. 27[167] Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi. 28[168] Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi. 29 Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi. 30 Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq.

31[169] O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın. 32[170] Lutun arvadını yadınıza salın! 33[171] Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq. 34[172] Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 35 Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq». 36[173]

37[174] Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».

18 redaktə

Dul qadın və ədalətsiz hakim məsəli

1 İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi. 2 O dedi: «Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi. 3 Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi: “Rəqibimlə olan işimdə mənim haqqımı qoru”. 4 Amma hakim bir müddət bunu etmək istəmədi, sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm, 5 bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”». 6 Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin. 7 Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? 8 Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»

Farisey və vergiyığan məsəli

9 Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: 10 «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. 11 Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. 12 Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. 13 Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” 14[175] Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».

İsa uşaqlara xeyir-dua verir (Mat. 19:13-15; Mark 10:13-16)

15 Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər. 16 Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 17 Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».

Var-dövlət və Allahın Padşahlığı (Mat. 19:16-30; Mark 10:17-31)

18 Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» 19 İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. 20[176] Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”». 21 Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm». 22 İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». 23 Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi.

24 İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir! 25 Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 26 Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?» 27 O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür».

28 Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». 29 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki, 30 bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın».

İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir (Mat. 20:17-19; Mark 10:32-34)

31 İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək. 32 Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək 33 və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək». 34 Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.

Kor adamın gözləri açılır (Mat. 20:29-34; Mark 10:46-52)

35 İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi. 36 Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?» 37 Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir». 38 Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» 39 Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. 40 İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu: 41 «Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın». 42 İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi». 43 Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi.

19 redaktə

İsa ilə Zakkay

1 İsa Yerixoya daxil olub oradan keçirdi. 2 Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. 3 İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. 4 İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi.

5 İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam». 6 O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. 7 Bütün xalq bunu gördükdə deyinməyə başladı: «Gedib günahkar bir kişinin qonağı oldu!» 8 Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: «Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam». 9 İsa ona dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. 10 Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir».

Əmanət pul məsəli (Mat. 25:14-30)

11 Onlar bu şeyləri dinləyərkən İsa bir məsəl də çəkdi. Çünki O, Yerusəlimə yaxınlaşmışdı və onlar elə düşünürdülər ki, Allahın Padşahlığı dərhal üzə çıxacaq. 12 İsa belə dedi: «Əsilzadələrdən olan bir nəfər padşah təyin olunub geri dönmək üçün uzaq bir ölkəyə yola düşdü. 13 Getməmişdən əvvəl qullarından on nəfəri çağırdı və onlara on mina[177] pul verib dedi: “Mən gələnədək bunlarla ticarət et”. 14 Lakin əhalisi bu adama nifrət etdi və onun ardınca elçilər göndərib dedi: “Bu adamın üzərimizdə padşah olmasını istəmirik”.

15 O, padşah təyin olunub qayıdanda pul verdiyi həmin qulları yanına çağırtdırdı və nə qazandıqlarını öyrənmək istədi. 16 Birincisi gəlib dedi: “Ağa, sənin bir minan on mina da qazandırdı”. 17 Ağası ona dedi: “Afərin, yaxşı qulum! Ən kiçik bir işdə mənə sadiq olduğun üçün on şəhərin idarəsini üzərinə götür”. 18 İkincisi gəlib dedi: “Ağa! Sənin bir minan beş mina da qazandırdı”. 19 Ağası ona da “sən də beş şəhərə hakim ol” dedi.

20 Bir başqası gəlib dedi: “Ağa! Budur sənin minan, onu dəsmala büküb saxlayırdım. 21 Çünki səndən qorxurdum, sən qəddar bir adamsan, özün qoymadığını götürürsən və özün əkmədiyini biçirsən”. 22 Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi? 23 Bəs onda nə üçün mənim pulumu sərraflara vermədin ki, mən qayıdanda onu faizlə geri alım?” 24 Sonra ətrafında olanlara dedi: “Əlindəki minanı ondan alın və on minası olana verin!” 25 Ona dedilər: “Ay ağa, axı artıq onun on minası var!” 26[178] O, sözünə belə davam etdi: “Sizə deyirəm: kimin varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da alınacaq. 27 Mənim onların padşahı olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin!”»

İsanın Yerusəlimə girməsi (Mat. 21:1-11; Mark 11:1-11; Yəh. 12:12-19)

28 İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı. 29 Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən şagirdlərdən ikisini göndərərək 30 dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girəndə hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. 31 Kim sizdən soruşsa: “Nə üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rəbbə lazımdır” deyərsiniz».

32 Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər. 33 Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?» 34 Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır». 35 Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər. 36 O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi.

37 İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı. 38[179] Onlar deyirdi:

«Rəbbin ismi ilə gələn Padşaha alqış olsun!
Göydə sülh, ən ucalarda izzət olsun!»

39 İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!» 40 Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!»

İsa Yerusəlim üçün ağlayır

41 İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı. 42 O dedi: «Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib. 43 Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar. 44 Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın».

İsa satıcıları məbəddən qovur (Mat. 21:12-17; Mark 11:15-19; Yəh. 2:13-22)

45 İsa məbədə girib orada satıcılıq edənləri qovmağa başladı. 46[180] Onlara belə dedi:

«“Mənim evim dua evi olacaq” deyə yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!»

47[181] İsa hər gün məbəddə təlim öyrədirdi. Başçı kahinlər, ilahiyyatçılar və xalqın nüfuzlu adamları Onu öldürmək üçün yol axtarırdı, 48 amma bunu necə edəcəklərini bilmirdilər. Çünki bütün xalq Onu böyük diqqətlə dinləyirdi.

20 redaktə

İsanın səlahiyyəti (Mat. 21:23-27; Mark 11:27-33)

1 Günlərin birində İsa məbəddə xalqa təlim öyrədir və Müjdəni yayırdı. Başçı kahinlər, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb 2 Ona dedilər: «De görək, Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» 3 İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Mənə deyin: 4 Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?» 5 Onlarsa öz aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 6 Amma desək “insanlardan”, bütün xalq bizi daşqalaq edər. Çünki xalq Yəhyanın peyğəmbər olmasına əmindir». 7 Axırda Ona cavab verdilər: «Biz bilmirik haradandır». 8 İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».

Pis bağbanlar məsəli (Mat. 21:33-46; Mark 12:1-12)

9[182] İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi. 10 Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, onlar üzüm bağının məhsulundan bir qədərini ona versinlər. Lakin bağbanlar qulu döyərək əliboş geri qaytardılar. 11 Bağ sahibi başqa bir qul göndərdi, amma onlar bunu da döyüb biabır etdilər və əliboş geri qaytardılar. 12 O, üçüncüsünü də göndərdi, amma onlar onu da yaralayıb qovdular. 13 Onda bağ sahibi dedi: “Mən nə edim? Qoy öz sevimli oğlumu göndərim, bəlkə ona hörmət edərlər”. 14 Amma bağbanlar onu gördükdə öz aralarında danışıb dedilər: “Varis budur. Gəlin onu öldürək ki, miras bizə qalsın”. 15 Beləcə onu bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağ sahibi onlara nə edəcək? 16 Gəlib həmin bağbanları həlak edəcək və bağı başqalarına verəcək». Bunu eşidənlərsə dedilər: «Qoy belə olmasın».

17[183] Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir?

“Bənnaların rədd etdiyi daş
Guşədaşı olub”.

18 Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək».

19 İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular.

Hər kəsin öz haqqı (Mat. 22:15-22; Mark 12:13-17)

20 İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi. 21 Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən. 22 Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» 23 Amma İsa onların hiyləsini başa düşüb belə dedi:[184] 24 «Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin». 25 İsa onlara dedi: «Onda qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». 26 İsanı xalq qarşısında söz üstə tuta bilmədilər və Onun cavabına heyrət edib susdular.

Dirilmə haqqında sual (Mat. 22:23-33; Mark 12:18-27)

27[185] Dirilmənin olmadığını iddia edən sadukeylərdən bəzisi İsanın yanına gəlib soruşdu: 28 «Müəllim, Musa bizim üçün belə yazmışdı: “Əgər bir adamın evli qardaşı övladsız ölsə, o biri qardaş dul qalmış arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. 29 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı və övladsız öldü. 30 İkincisi də,[186] 31 üçüncüsü də bu arvadla evləndi. Beləcə yeddisi də özündən sonra övlad qoymadan öldü. 32 Hamısından sonra bu qadın da öldü. 33 Ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».

34 İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir. 35 Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək. 36 Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə övladları olduqlarına görə onlar Allahın övladlarıdır. 37[187] Amma ölülərin dirildiyini Musa da kolla bağlı əhvalatda Rəbbi “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandıraraq göstərib. 38 Allah ölülərin deyil, dirilərin Allahıdır. Çünki Onun yanında hamı diridir».

39 İlahiyyatçılardan bəzisi buna cavab olaraq dedi: «Müəllim, Sən nə gözəl dedin». 40 Daha İsadan bir şey soruşmağa cəsarət etmədilər.

Məsih kimin Oğludur? (Mat. 22:41-46; Mark 12:35-37)

41 Amma İsa onlara dedi: «Niyə Məsih Davudun Oğludur deyirlər? 42-43[188] Axı Davud özü Zəbur kitabında

“Rəbb mənim Ağama dedi:
‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur›”

deyib. 44 Deməli, Davud Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?»

İsa ilahiyyatçıları məzəmmət edir (Mat. 23:5-7; Mark 12:38-40)

45 Bütün xalq bu sözləri dinləyəndə İsa Öz şagirdlərinə dedi: 46 «İlahiyyatçılardan özünüzü gözləyin. Onlar uzun paltarlarda gəzməyi xoşlayar, bazar meydanlarında salam almağı və sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı sevərlər. 47 Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».

21 redaktə

Dul qadının ianəsi (Mark 12:41-44)

1 İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü. 2 Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton[189] pul atdı. 3 İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı. 4 Çünki onların hamısı varlarının artıqlığından ianə[190] verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».

Axır zamanın əlamətləri (Mat. 24:1-28; Mark 13:1-23)

5 Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi: 6 «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq».

7 Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?» 8 İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin. 9 Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək».

10 Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. 11 Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.

12[191] Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar. 13 Bu işlər şəhadət etdiyiniz vaxt olacaq. 14[192] Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz. 15 Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək. 16 Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək. 17 Mənim adıma görə hamı sizə nifrət edəcək. 18 Amma başınızdan bir tük belə, əskik olmayacaq. 19 Dayanıb dözməklə canlarınızı qurtarın.

20 Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır. 21 O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin. 22[193] Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin. 23 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq. 24 Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.

Bəşər Oğlunun zühuru (Mat. 24:29-35; Mark 13:24-31)

25[194] Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək. 26 İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək. 27[195] O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək. 28 Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».

29 İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın: 30 onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır. 31 Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb. 32 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 33 Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.

34 Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü[196] bir tələ kimi üzərinizə qəflətən gəlməsin. 35 Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. 36 Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».

37[197] İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi. 38 Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi.

22 redaktə

İsanı öldürmək üçün sui-qəsd hazırlanır (Mat. 26:1-5; Mark 14:1-2; Yəh. 11:47-53)

1[198] Pasxa adlanan Mayasız Çörək bayramı yaxınlaşırdı. 2 Başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular.

Yəhudanın xəyanəti (Mat. 26:14-16; Mark 14:10-11; Yəh. 13:18-30)

3 O zaman Şeytan On İki şagirddən biri olan İskaryot adlanan Yəhudanın ürəyinə girdi. 4 O da gedib başçı kahinlər və məbəd mühafizəçilərinin başçıları ilə danışdı ki, İsanı necə onlara təslim etsin. 5 Onlar sevindilər və ona pul verməyə razı oldular. 6 Buna söz verən Yəhuda İsanı xalqdan gizlin onlara təslim etmək üçün fürsət axtarmağa başladı.

Axırıncı şam yeməyi (Mat. 26:17-30; Mark 14:12-26; Yəh. 13:21-30; 1Kor. 11:23-25)

7 Pasxa quzusunun qurban kəsilməli olduğu Mayasız Çörək bayramı günü gəldi. 8 İsa Peter və Yəhyanı qabaqca göndərib «gedin, Pasxa yeməyimiz üçün bizə hazırlıq görün» dedi. 9 Onlarsa İsadan soruşdular: «Harada hazırlıq görməyimizi istəyirsən?» 10 İsa onlara dedi: «Bax siz şəhərə girəndə qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin və onun girəcəyi evə girin. 11 Oranın sahibinə deyin: “Müəllim sənə deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağı haradadır?›” 12 Ev sahibi sizə yuxarı mərtəbədə hər şeyi hazırlanmış böyük bir otaq göstərəcək. Orada hazırlıq işləri görün». 13 Onlar gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.

14 Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu. 15 İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. 16 Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm».

17 Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün. 18 Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».

19 Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». 20[199] Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. 21[200] Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır. 22 Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!» 23 Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar.

24[201] Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu. 25[202] Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır. 26 Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun. 27[203] Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm.

28 Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz. 29 Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram; 30[204] belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.

Peterin inkarı əvvəlcədən bildirilir (Mat. 26:31-35; Mark 14:27-31; Yəh. 13:36-38)

31 Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. 32 Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir». 33 O, İsaya cavab verdi: «Ya Rəbb, mən Səninlə zindana da, ölümə də getməyə hazıram». 34 Amma İsa dedi: «Peter, sənə bunu deyirəm: bu gün xoruz banlamazdan əvvəl sən Məni tanıdığını üç dəfə inkar edəcəksən».

35[205] Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə». 36 Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın. 37[206] Çünki sizə deyirəm: bu yazılmış olan

“Üsyankarlara tay tutuldu”

sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur». 38 Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir».

İsa Zeytun dağında dua edir (Mat. 26:36-46; Mark 14:32-42)

39 İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi. 40 Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz». 41 İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi. 42 O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı[207] Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». 43 Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi. 44 İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi.[208] 45 İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı. 46 O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz».

İsa həbs olunur (Mat. 26:47-56; Mark 14:43-50; Yəh. 18:3-12)

47 İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı. 48 Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?» 49 İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?» 50 Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı. 51 Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı.

52 İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz? 53[209] Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır».

Peter İsanı inkar edir (Mat. 26:57-58,67-75; Mark 14:53-54,65-72; Yəh. 18:13-18,25-27)

54 İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi. 55 Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu.

56 Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə birlikdə idi». 57 Amma Peter «Ay arvad, mən Onu tanımıram!» deyərək Onu inkar etdi. 58 Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Amma Peter dedi: «Ay kişi, mən deyiləm!» 59 Bir saata yaxın vaxt keçdi və digər bir adam təkidlə dedi: «Doğrudan da, bu adam da Onunla birlikdə idi, çünki Qalileyalıdır». 60 Peter isə dedi: «Ay kişi, dediyini başa düşmürəm».

Elə o danışdığı an xoruz banladı. 61 Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. 62 Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.

63 İsanı tutub saxlayan adamlar Onu ələ sala-sala döyürdülər. 64 Gözlərini bağlayıb Ondan soruşurdular: «Peyğəmbərlik elə görək, Səni vuran kimdir?» 65 Ona başqa sözlər də deyib çoxlu böhtan atırdılar.

İsa Ali Şuranın önündə (Mat. 26:57-66; Mark 14:53-64; Yəh. 18:19-24)

66 Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər. 67 Onlar dedilər: «Bizə de, Məsih Sənsənmi?» İsa onlara dedi: «Əgər sizə desəm, inanmazsınız. 68 Əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz.[210] 69 Bundan sonra isə Bəşər Oğlu qüdrətli Allahın sağında oturacaq». 70 Onların hamısı dedi: «Deməli, Sən Allahın Oğlusan?» İsa onlara cavab verdi: «Sizin dediyiniz kimi O Mənəm». 71 Onda onlar dedilər: «Artıq şəhadətə nə ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik».

23 redaktə

İsa Romalı vali Pilatın və Qalileya hökmdarı Hirodun önündə (Mat. 27:1-2,11-26; Mark 15:1-15; Yəh. 18:28-19:16)

1 Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı. 2 Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır». 3 Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». 4 Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm». 5 Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır».

6 Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?» 7 İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi.

8 Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu. 9 Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi. 10 Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər. 11 Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı. 12 Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı.

13 O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb 14 onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim. 15 Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi.[211] Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib. 16 Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm». 17[212]

18 Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!» 19 Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı. 20 Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı. 21 Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar. 22 Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm». 23 Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların[213] səsi hamıdan bərk gəlirdi.

24 Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi. 25 Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi.

İsa çarmıxa çəkilir (Mat. 27:32-44; Mark 15:21-32; Yəh. 19:17-25)

26 Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər.

27 İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi. 28 İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın. 29 Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər. 30[214] “O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”. 31 Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?»

32 İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı. 33 Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər. 34[215] Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər».[216] Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.

35 Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!» 36 Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib 37 belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!» 38 Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.[217]

39 Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!». 40 O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan! 41 Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi». 42 Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» 43 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».

İsanın ölümü (Mat. 27:45-56; Mark 15:33-41; Yəh. 19:25-30)

44[218] Gündüz altıncı saat[219] idi. Doqquzuncu saata qədər[220] bütün yer üzünə qaranlıq çökdü, 45 günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı. 46[221] İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi.

47 Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi. 48 Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü.

49[222] İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.

İsanın dəfni (Mat. 27:57-61; Mark 15:42-47; Yəh. 19:38-42)

50 Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi. 51 O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi. 52 O, Pilatın yanına gedib İsanın cəsədini istədi. 53 Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu. 54 O gün Hazırlıq günü[223] idi və Şənbə günü yaxınlaşırdı.

55 İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər. 56[224] Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər.

24 redaktə

İsanın dirilməsi (Mat. 28:1-10; Mark 16:1-11; Yəh. 20:1-18)

1 Həftənin ilk günü[225] səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər.[226] 2 Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər. 3 Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. 4 Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. 5 Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? 6[227] O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın. 7 Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”». 8 Qadınlar da İsanın sözlərini yada saldılar.

9 Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər. 10 Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi. 11 Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar. 12 Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.

İsa iki şagirdə görünür (Mark 16:12-13)

13 Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi[228] uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. 14 Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. 15 Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. 16 Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.

17 İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. 18 Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?» 19 İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. 20 Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər. 21 Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. 22 Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib 23 Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. 24 Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».

25 Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! 26 Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» 27 Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.

28 Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. 29 Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.

30 İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. 31 Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. 32 Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»

33 Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. 34 Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». 35 Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.

İsa On Bir şagirdə görünür (Mat. 28:16-20; Mark 16:14-18; Yəh. 20:19-23; Həv. 1:6-8)

36 Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. 37 Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər. 38 Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? 39 Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur». 40 İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. 41 Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?» 42 Ona bir tikə bişmiş balıq[229] verdilər. 43 İsa da yeməyi götürüb onların qabağında yedi.

44 Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda,r Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». 45 Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. 46 İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. 47 Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. 48 Siz bu hadisələrin şahidisiniz. 49 *Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüvvəyə bürünənədək bu şəhərdə qalın».

İsanın göyə qaldırılması (Mark 16:19-20; Həv. 1:9-11)

50 İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; 51 xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. 52 Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. 53 Onlar daim Allaha alqış edərək məbəddə olurdular.

Qeydlər redaktə

  1. Aviya bölüyü – məbəd ibadətində xidmət edən kahinlərin 24 bölüyündən biri idi. Bax: 1Saln. 24:10.
  2. Yəhya – ibrani dilində Rəbb lütf edir.
  3. Say. 6:3
  4. Mal. 4:5-6
  5. Dan. 8:16; 9:21
  6. Mat. 1:18
  7. Rəbb səninlədir – bəzi əlyazmalarda Rəbb səninlədir. Sən qadınlar arasında xeyir-dualısan (Luka 1:42).
  8. Mat. 1:21
  9. 2Şam. 7:12-16; Yeş. 9:7
  10. Yar. 18:14
  11. 1Şam. 2:1-10
  12. Yar. 17:7
  13. Lev. 12:3
  14. Bizə qüdrətli Xilaskar yetirdi – hərfi tərcümədə Bizə xilas buynuzunu qaldırdı.
  15. Yeş. 9:2
  16. Günəş – yəni Məsih.
  17. Lev. 12:3; Luka 1:31
  18. Lev. 12:6-8
  19. Çıx. 13:1-2,12
  20. Yeş. 42:6-7; 49:6; 52:10
  21. Mat. 2:23
  22. Çıx. 12:1-27; Qanun. 16:1-8
  23. 1Şam. 2:26; Sül. 3:4
  24. Hirod – bu Hirod İsanın anadan olan vaxtında hökmranlıq edən padşah Hirodun oğludur.
  25. Yeş. 40:3-5
  26. Mat. 12:34; 23:33
  27. Yəh. 8:33
  28. Mat. 7:19
  29. Luka 7:29
  30. Mat. 14:3-4; Mark 6:17-18
  31. Yar. 22:2; Zəb. 2:7; Yeş. 42:1; Mat. 3:17; Mark 1:11; Luka 9:35
  32. Admin oğlu Arni oğlu – bəzi əlyazmalarda Ram oğlu.
  33. Qanun. 8:3
  34. İnsan yalnız çörəklə yaşamaz – bəzi əlyazmalarda İnsan yalnız çörəklə deyil, Allahın hər bir kəlməsi ilə yaşayar (Mat. 4:4).
  35. Yuxarıya – bəzi əlyazmalarda yüksək bir dağa.
  36. Qanun. 6:13
  37. Verdi: «“Allahın – bəzi əlyazmalarda verdi: «Şeytan, rədd ol yanımdan! “Allahın.
  38. Zəb. 91:11
  39. Zəb. 91:12
  40. Qanun. 6:16
  41. Yeş. 61:1-3
  42. Əsirlərə azadlıq – bəzi əlyazmalarda Qəlbi sınıq olanları sağalmaq üçün, Əsirlərə azadlıq.
  43. Yəh. 4:44
  44. 1Pad. 17:1
  45. 1Pad. 17:8-16
  46. 2Pad. 5:1-14
  47. Mat. 7:28-29
  48. Yəhudeyanın – bəzi əlyazmalarda Qalileyanın.
  49. Mat. 13:1-2; Mark 3:9-10; 4:1
  50. Yəh. 21:3
  51. Yəh. 21:6
  52. Lev. 14:1-32
  53. Luka 15:1-2
  54. Fariseylərlə onların ilahiyyatçıları – bəzi əlyazmalarda İlahiyyatçılar və fariseylər.
  55. Qanun. 23:25
  56. 1Şam. 21:1-6
  57. Lev. 24:9
  58. Qayıtdı – bəzi əlyazmalarda qayıdıb o biri əli kimi sağlam oldu (Mat. 12:13).
  59. 1Pet. 4:14
  60. 2Saln. 36:16; Həv. 7:52-53
  61. Mat. 7:12
  62. Mat. 15:14
  63. Mat. 10:24-25; Yəh. 13:16; 15:20
  64. Çünki ev yaxşı tikilib – bəzi əlyazmalarda Çünki evin təməli qaya üzərində qurulub (Mat. 7:25).
  65. Yeş. 35:5-6; 61:1-3
  66. Mal. 3:1
  67. Yəhyadan üstün olan – bəzi əlyazmalarda Vəftizçi Yəhyadan üstün peyğəmbər.
  68. Mat. 21:32; Luka 3:12
  69. Mat. 26:6-7; Mark 14:3; Yəh. 12:3
  70. Mat. 27:55-56; Mark 15:40-41; Luka 23:49
  71. Onlara – bəzi əlyazmalarda Ona, yəni İsaya.
  72. Yeş. 6:9-10; Həv. 28:26-27
  73. Mat. 5:15; Luka 11:33
  74. Mat. 10:26; Luka 12:2
  75. Mat. 25:29; Luka 19:26
  76. Gerasalıların – bəzi əlyazmalarda Qadaralıların (Mat. 8:28).
  77. O bütün varını … heç biri – bəzi əlyazmalarda Heç kim.
  78. Peter – bəzi əlyazmalarda Peter və onun yanındakılar.
  79. Sıxışdırır – bəzi əlyazmalarda sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi? (Mark 5:31).
  80. Qızım – bəzi əlyazmalarda Cəsarətli ol, qızım (Mat. 9:22).
  81. İsa – bəzi əlyazmalarda İsa hamını bayıra çıxarandan sonra (Mark 5:40).
  82. Luka 10:4-11
  83. Həv. 13:51
  84. Mat. 16:14; Mark 8:28; Luka 9:19
  85. Mat. 14:1-2; Mark 6:14-15; Luka 9:7-8
  86. Yəh. 6:68-69
  87. Mat. 10:38; Luka 14:27
  88. Hər gün – bəzi əlyazmalarda bu sözlər yoxdur.
  89. Mat. 10:39; Luka 17:33; Yəh. 12:25
  90. 2Pet. 1:17-18
  91. Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 1:11 14:13-15
  92. Oğlumdur, seçilmişimdir – bəzi əlyazmalarda sevimli Oğlumdur (Mark 9:7).
  93. Rəbb – bəzi əlyazmalarda Rəbb, İlyas etdiyi kimi bizim də.
  94. Qadağan etdi – bəzi əlyazmalarda qadağan edərək dedi: «Siz hansı ruha malik olduğunuzu bilmirsiniz. 56 Çünki Bəşər Oğlu insanları məhv etmək üçün deyil, onları xilas etmək üçün gəlib».
  95. Yetmiş – bəzi əlyazmalarda yetmiş iki.
  96. Mat. 9:37-38; Yəh. 4:35
  97. Mat. 10:16
  98. Qiyamət günü – hərfi tərcümədə o gün.
  99. Qiyamət günü – hərfi tərcümədə mühakimədə.
  100. Mat. 10:40; Mark 9:36-37; Luka 9:47-48; Yəh. 13:20
  101. Zəb. 91:13
  102. Yəh. 1:18; 3:35; 10:15
  103. Atam – bəzi əlyazmalarda Şagirdlərə sarı dönüb onlara dedi: «Atam ...
  104. Mat. 22:35-40; Mark 12:28-34
  105. Lev. 19:18; Qanun. 6:5
  106. Lev. 18:5
  107. Yəh. 11:1
  108. Göylərdə olan Atamız ... olsun – ən qədim yunan əlyazmalarında Ata, adın müqəddəs tutulsun, Padşahlığın gəlsin (Mat. 6:9-10).
  109. Çəkmə – bəzi əlyazmalarda çəkmə, lakin bizi şər olandan xilas et (Mat. 6:13).
  110. Balıq diləsə – bəzi əlyazmalarda çörək diləsə, ona daş verər? Ya da balıq diləsə (Mat. 7:9).
  111. Mat. 9:34; 10:25
  112. Mat. 12:38; 16:1; Mark 8:11
  113. Qüdrəti – hərfi tərcümədə barmağı.
  114. Mark 9:40
  115. Mat. 16:4; Mark 8:12
  116. Yun. 3:4
  117. 1Pad. 10:1-13; 2Saln. 9:1-12
  118. Cənub mələkəsi – yəni Süleymanın yanına gələn Səba mələkəsi.
  119. Qiyamət günündə – hərfi tərcümədə mühakimədə.
  120. Yun. 3:5
  121. Qiyamət günündə – hərfi tərcümədə mühakimədə.
  122. Mat. 5:15; Mark 4:21; Luka 8:16
  123. Lev. 27:30
  124. Yar. 4:8; 2Saln. 24:20-21
  125. Mark 4:22; Luka 8:17
  126. Mat. 12:31-32; Mark 3:28-29
  127. Mat. 10:19-20; Mark 13:11; Luka 21:14-15
  128. 1Pad. 10:4-7; 2Saln. 9:3-6
  129. Mat. 25:1-13
  130. Mark 10:38
  131. Mat. 10:34-36
  132. Mik. 7:6
  133. Mat. 5:25-26
  134. Çıx. 20:9-10; Qanun. 5:13-14
  135. Kisə – yunan mətnində saton, təqribən 37 litr.
  136. Mat. 25:11-12
  137. Zəb. 6:8
  138. Mat. 8:11-12; 22:13; 25:30
  139. Mat. 19:30; 20:16; Mark 10:31
  140. Zəb. 118:26; Yer. 12:7; 22:5; 26:6
  141. Hidropos – yəni bədənə su yığılması xəstəliyi.
  142. Mat. 12:11
  143. Oğlu – bəzi əlyazmalarda eşşəyi.
  144. Sül. 25:6-7
  145. Mat. 23:12; Luka 18:14
  146. Ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hətta öz həyatını Məndən üstün tutsa – hərfi tərcümədə ata-anasına, arvad-uşaqlarına, bacı-qardaşlarına, hətta öz həyatına nifrət etməsə.
  147. Mat. 16:24; Mark 8:34; Luka 9:23
  148. Mat. 5:13; Mark 9:50
  149. Luka 5:29-30
  150. Göyə – yəni Allaha.
  151. Yüz bat – təqribən 3950 litr.
  152. Yüz kor – təqribən 39 500 litr.
  153. Sərvət – arami dilində mamon.
  154. Mat. 6:24
  155. Sərvət – arami dilində mamon.
  156. Mat. 11:12-13
  157. Mat. 5:18
  158. Mat. 5:32; 19:19; Mark 10:11-12; 1Kor. 7:10-11
  159. Mat. 18:15
  160. Mat. 18:21-22
  161. Mat. 17:20
  162. Lev. 14:1-32
  163. Mat. 24:23; Mark 13:21
  164. Mat. 24:23,26-27; Mark 13:21
  165. Yar. 6:5-8
  166. Mat. 24:37-39
  167. Yar. 7:6-24
  168. Yar. 18:20-19:25
  169. Mat. 24:17-18; Mark 13:15-16
  170. Yar. 19:26
  171. Mat. 10:39; 16:25; Mark 8:35; Luka 9:24; Yəh. 12:25
  172. Mat. 24:40-41
  173. Qalacaq – bəzi əlyazmalarda qalacaq. 36 Tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq (Mat. 24:40).
  174. Əyy. 39:30; Mat. 24:28
  175. Mat. 23:12; Luka 14:11
  176. Çıx. 20:12-16; Qanun. 5:16-20
  177. Mina – 100 dirhəmə bərabər, 100 günlük əmək haqqı idi.
  178. Mat. 13:12; Mark 4:25; Luka 8:18
  179. Zəb. 118:26
  180. Yeş. 56:7; Yer. 7:11
  181. Luka 21:37
  182. Yeş. 5:1-7
  183. Zəb. 118:22
  184. dedi – bəzi əlyazmalarda dedi: «Məni niyə sınağa çəkirsiniz? (Mat. 22:18; Mark 12:15).
  185. Qanun. 25:5; Həv. 23:8
  186. İkincisi də – bəzi əlyazmalarda İkincisi də bu arvadı aldı, amma övladsız öldü.
  187. Çıx. 3:6
  188. Zəb. 110:1
  189. Lepton – ən kiçik pul vahidi.
  190. İanə – bəzi əlyazmalarda Allaha ianə.
  191. Mat. 10:17-22
  192. Luka 12:11-12
  193. Huşə 9:7
  194. Yeş. 13:10; Yez. 32:7; Yoel 2:31; Vəhy 6:12-13
  195. Dan. 7:13; Vəhy 1:7
  196. Qiyamət günü – hərfi tərcümədə o gün.
  197. Luka 19:47-48
  198. Çıx. 12:1-27
  199. Yer. 31:31-34
  200. Zəb. 41:9
  201. Mat. 18:1; Mark 9:34; Luka 9:46
  202. Mat. 20:25-27; 23:11; Mark 9:35; 10:42-44
  203. Yəh. 13:12-15
  204. Mat. 19:28
  205. Mat. 10:9-10; Mark 6:8-9; Luka 9:3; 10:4
  206. Yeş. 53:12
  207. Kasa – İsanın çarmıxdakı ölümünün rəmzi.
  208. Ən qədim yunan əlyazmalarında bu ayələr yoxdur.
  209. Luka 19:47-48; 21:37
  210. Verməyəcəksiniz – bəzi əlyazmalarda verməyəcəksiniz və Məni buraxmayacaqsınız.
  211. Bu Adamı bizə geri göndərdi – bəzi əlyazmalarda sizi onun yanına göndərmişdim, bəzilərində isə bu Adamı onun yanına göndərmişdim.
  212. Edəcəyəm – bəzi əlyazmalarda edəcəyəm». 17 Pilat bayrama görə bir əsiri azad etməli idi.
  213. Onların – bəzi əlyazmalarda Onların və başçı kahinlərin.
  214. Huşə 10:8; Vəhy 6:16
  215. Zəb. 22:18
  216. Amma İsa … bilmirlər» – bu sözlər ən qədim yunan əlyazmalarında yoxdur.
  217. Yazılmışdı – bəzi əlyazmalarda yunan, latın və ibrani hərfləri ilə yazılmışdı.
  218. Çıx. 26:31-33
  219. Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.
  220. Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
  221. Zəb. 31:5
  222. Luka 8:2-3
  223. Hazırlıq günü – yəni Yəhudilərdə müqəddəs sayılan Şənbə günü üçün hazırlıq görülən cümə günü.
  224. Çıx. 20:10; Qanun. 5:14
  225. Həftənin ilk günü – yəni bazar günü.
  226. Gəldilər – bəzi əlyazmalarda gəldilər. Bəzi başqa adamlar da onlarla birgə gəldilər.
  227. Mat. 16:21; 17:22-23; 20:17-19; Mark 8:31; 9:31; 10:32-34; Luka 9:22; 18:31-33
  228. Altmış stadi – təqribən 11 kilometr.
  229. Balıq – bəzi əlyazmalarda balıq və bir parça bal pətəyi.

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy